Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Xədicə Rüstəmova: “İlk başda ailə həyatım çox gözəl idi”

70 yaşlı Mingəçevir sakini Xədicə Rüstəmova həyatında yaranan çətinlikləri belə dilə gətirdi:
“Mən Yevlax rayonunun Xaldan kəndində anadan olmuşam. Biz iki uşaq olmuşuq. Məndən böyük bacım vardı. Anam üçüncü usağı dünyaya gətirərkən uşaq da anam da dünyasını dəyişdi. Mənim bu zaman bir yaşım vardı. Bizi nənəmiz böyüdüb. Mən Xaldan məktəbində oxumuşam. O zamanlar məktəb on illik idi. Məktəbi bitirəndə mənim 16 yaşım vardı”.

“Sevgi nədir? Necə olur?”

“Qonşuluqda bir oğlan vardı, mənimlə çox yaxşı davranırdı. Mən ana nəvazişi, qayğısı, sevgisi, ümumiyyətlə, ana tərbiyəsi belə görməmişəm. Sevgi nədir? Necə olur? Bilmirdim. Dünyagörüşüm olmayıb, heç kəsdən görmədiyim mehribançılığı ondan gördüm. Buna görə də o oğlana aldandım və onunla ailə həyatı qurdum. Belə tez ailə həyatı qurmağımın bir səbəbi də böyüdükcə xərclərimizin artması və gündəlik xərclərimizi qarşılamaqda çətinlik çəkməmiz oldu. Belə edərəmsə ailəmin yükünü azaldacağımı düşündüm. Ancaq ailə həyatı qurduqdan sonra yaşamım daha da çətinləşdi. İlk başda ailə həyatım çox gözəl idi. Ancaq bu uzun çəkmədi. Həyat yoldaşımın anasından çox zülm gödüm. Qaynanam ayda bir dəfə də olsa məni həyat yoldaşıma döydürürdü. Mən bu zülmün tezliklə qurtaracağına inanırdım. Zaman keçdi və mənim ilk övladım dünyaya gəldi. Uşaqdan sonra zülmlərimin sona çatacağını düşündüm. Amma mən bu dəfə də yanılmışdım. Buna görə mən öz həyatıma qəsd etmək qərarını verdim və sirkə içdim. Həyat yoldaşım bunu gördü və sirkə şüsəsini əlimdən saldı. Bu zaman sirkə yeni dünyaya gəlmiş övladımın üzünə töküldü. Övladım 3 gün ayılmadı. Mənim isə bunlardan xəbərim olmayıb. Mən özümə gələndə artıq 10 gün keçmişdi.”

“Uşaqlarım mənim edə bilmədiyimi etdilər”

“Həyat yoldaşımın istəyi ilə mən daha beş uşaq dünyaya gətirdim. Artıq mənə olunan zülmlər övladlarıma da olunurdu. Bizim böyük sahəmiz vardı. Digər insanların uşaqları evdə dərs oxuyarkən mənim övladlarım o sahədə işləyirdi. Onlara tapşırılan tapşırıqları etməsəydələr axşam evə gələndə onları döyərdi. Mənim isə həmin anda əlimdən heç nə gəlmirdi. Hətta bir gün kiçik oğlumu necə döydüsə o, kar oldu. Vaxt keçdikcə o danışma qabiliyyətini də itirdi. Düzdü o uşaqlarının hamısını məktəbə göndərsə də, qızımın universitet imtahanında iştirak etməsinə icazə vermədi. Əvəzində o qızımı yanlız oğlanların işlədiyi yerdə işə düzəltdi. Mən övladlarımın atasız qalmasını isdəmirdim. Onların da bunu istəmədiklərini gözlərindən görürdüm. Ancaq uşaqlarım böyüdükdən sonra artıq bu zülmə dözməyərək mənim edə bilmədiyimi etdilər. Onlar “Belə ata istəmirik”- dedilər və mən uşaqlarımı götürüb, Mingəçevirdə olan evimizə gəldim. Bundan sonra onlar məkəməyə gedib, atalarından imtina etdilər və biz ondan tamamilə ayrıldıq.

Mən uşaqlarıma baxmaq üçün işləməyə başladım. Yanlız bir qadın olaraq yaşamaq və iş tapmaq çox çətin oldu. İş yerlərini bir neçə dəfə dəyişməli oldum. Mən uzun müddət marketlərdə xadimə işləmişəm. Cüzi gəlirlə altı uşağa baxmaq o qədər də asan deyildi. Atası universitetdə oxumağa icazə vermədiyi üçün qızım da bir müddət işləyib mənə kömək etdi. Mənim bir qızım Moskvada, digər iki uşağım Bakıda təhsil alırdı. İki övladım isə azyaşlı idi. Onlardan biri lallar üçün olan məktəbində, biri isə orta məktəb də oxuyurdu. Böyük qızım isə yenidən imtahan verdi və Bakıda təhsil almağa başladı. Övladlarıma maddi kömək etmək üçün işləməklə bərabər bir neçə tələbə qızı yanıma götürdüm. Onların verdiyi kirayə pulu və öz cüzi qazancımla uşaqlarımın hamısını oxutdum. Böyük qızım tələbə təqaüdü ilə özünün xərclərini qarşılayırdı. Digər uşaqlarımın da təhsil alması üçün əlimdən gələni etdim. İndi onların hamısı ailəsi və uşaqları ilə xoşbəxt yaşayırlar. Oğullarım atalarının əksinə qadınlara hörmət edir, qızlarım isə məndən fərqli olaraq, hər zaman öz hüquqlarını müdafiə edirlər. Qadın olduqları, zərif olduqları üçün onları heç kimin əzməsinə icazə vermirlər”.

“Ərin arvadı bıçaqlaması, arvadın ərinə balta vurması xəbərləri adiləşib”.

Mingəçevir sakini 53 yaşlı Mübarək Mustafayeva qadına qarşı zorakılığının əvvəlki illərə nisbətən artdığını deyir. “İndiki şəraitlə ayaqlaşa bilməyəndə ailələrdə maddi problemlər ortaya çıxır. Bu da ailələrdə münaqişələrin sayını artırır. Bu kimi səbəblərə görə, son vaxtlar ailədaxili zorakılıq hallarının sayı nisbətən artıb. İş o yerə çatıb ki, əvvəllər biri-birini ən pis halda təhqir edən cütlüklər, indi soyuq silaha, bıçağa, baltaya əl atmaqdan belə çəkinmirlər. Demək olar ki, hər gün belə xəbərlər eşitməyə qulağımız bir növ adətkar olub. İndi belə xəbərlər adiləşib”.

“Qadın itaət etməyəndə kişi ailədə başçı, idarəçi funksiyasının itirildiyini təsəvvür edir”.

Mingəçevir Dövlət Universitetinin tələbəsi Xoşqədəm Məmmədli ailədaxili zorakılığın kişilərin qadınların inkişafını qəbul edə bilməməklərində görür. “Cəmiyyət inkişaf etsə də qadınların çoxu öz hüquqları haqqında müəyyən təsəvvürlə sahibdirlər. Bununla yanaşı, zorakılıqların qarşısını almaq hələ də çətindir. Amma indi vəziyyət göstərir ki, qadınlar kişilərdən daha çox inkişaf edirlər. Yəni qadınlar əvvəlki həyat tərzi ilə razılaşmırlar. Bu isə kişilərdə qıcıq yaradır. Qadın itaət etməyəndə kişi ailədə başçı, idarəçi funksiyasının itirildiyini təsəvvür edir. Bu zaman ailədaxili zorakılıq halları baş verir. Bütün bunlara baxmayaraq, əgər problem həll oluna bilmirsə, bu zaman qadın susmamalı və özü üçün rahat həyat yaratmalıdır”

 

Şərhlər bağlıdır.