Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan qadını kişisinə niyə çata bilmir?

Gender bərabərliyi qadınların və kişilərin hüquq bərabərliyini, resurslara və imkanlara eyni səviyyədə çıxış imkanlarını və onların fərq qoymadan bölüşdürülməsini nəzərdə tutsa da, realıq bundan uzaqdır

“Yaxşı təhsilim, babat işim olsaydı…”

Mingəçevirdə yaşayan Zərinə Cəfərova Elşən Həbibovla 30 il qabaq ət kombinatında işləyərkən tanış olub və ailə qurub. Birgə nikahdan bir qız və iki oğulları dünyaya gəlib. Qaynatanın ölümündən sonra onun adına olan mənzil bütün ailə üzvlərinin, o cümlədən Zərinənin razılığı ilə Elşənin adına özəlləşdirilib. Kombinatın fəaliyyətində yaranan böhran üzündən Elşən işdən çıxıb, pul qazanmaq məqsədilə Rusiyaya yollanıb. İki dəfə qazancla gəlsə də, üçüncü qayıdışı Zərinə üçün uğursuz olub. O, gətirdiyi avtomobili sataraq, qeyri-rəsmi yaşadığı xanımla yenidən Rusiyaya qayıdıb və “yoxa çıxıb”.

“O, bizi tamam unutdu,-Zərinə xanım qalaq-qalaq məktub və yazışmalarını bizə göstərir: Mən də başsız ailə kimi uşaqlarımı saxlamağa dövlətdən yardım almaq üçün həyat yoldaşımın itkin düşməsi və boşanma ilə bağlı iddialar qaldırdım. Məhkəmə iddialarımı təmin etdi. Amma alimenti almaq müşkül oldu…”

Axtarışda olan Elşən uzun illərdən sonra qayıdanda alimenti ödəmədiyinə görə hava limanında saxlanılıb və yığılıb qalmış vəsaitin bir hissəsini ödəyib. Bundan sonra Elşən mənzilindən keçmiş həyat yoldaşının çıxarılması tələbiylə məhkəməyə üz tutur.

“Dəfələrlə məhkəmə çəkişmələrində oldum. Əsəblərim korlandı, sağlamlığım itdi. Pulum olmadığından vəkil tuta bilmədim. Kortəbii məsləhətlər karıma gəlmədi. Axırda mənə verilən cüzi kompensasiyaya razı olub, mənzili boşaltdım. Bəlkə də yaxşı təhsilim, babat işim olsaydı, belə ağır duruma düşməzdim…”-Zərinə xanım özünü günahkar sayır.

Qadınların 1 №–li problemi: sterotiplər

Sabirabad Qadınlarının Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədr müavini Aygün Əliyeva  kənddə yaşasa da, rayon mərkəzində işləyir: “İlk dəfə işə gedəndə  qərar verməkdə çətinlik çəkirdim. Ailəm icazə verirdi, amma “Qonşular nə deyər?” fikrindəydim. Baxmayaraq ki, tələbə olmuşam, Bakıda oxumuşam, amma istəmirdim ki, barəmdə xoş olmayan danışıqlara yol verilsin. O mühitdən çıxana qədər çətinlik çəkirdim. Amma bir azdan gördüm ki, hamı normal qarşılayır. Mən işləməyə gedəndən sonra bir çox qadınları da özümlə aparmağa nail oldum. Adamlar mənə inandıqlarına görə ardımca gəldilər. İndi tək deyiləm.”

Aygün xanım rayonlarda qadınların bir nömrəli problemini sterotiplərdə görür: “Baryerləri aşmaq lazımdır. Təəssüf ki, aşa bilmirlər. Çünki ailələrindən dəstək yoxdur. Bu isə bir çoxlarının normal təhsil almaması ilə bağlıdır. Çünki 9-cu sinfi bitirən qızların əksəriyyəti məktəbdən yayınır. Son 15 ildə “Qız uşağı mütləq təhsil almalıdır” kimi filirləşənlər artsa da, əksər valideynlər daha çox oğlanlarının təhsilinə pul yatırırlar”.

Mülkiyyətə əli çatmayan Azərbaycan qadını

Media və Demokratiya İnstitunun direktoru Mehriban Vəzirin qənaətinə görə, ötən əsrin əvvəllərində Azərbaycan qadınının vəziyyəti indikindən yaxşı idi. Belə ki, o dövrdə qadın daha çox xüsusi mülkiyyətə sahib idi və bu mülkiyyəti üzərində hüquqları tanınırdı: “Atanın mülkiyyəti övladlar arasında bölünürdü, amma ananın mülkiyyəti toxunulmaz sayılırdı. Heç kimin ona müdaxilə etməyə ixtiyarı çatmırdı, ana onu oğluna, gəlininə, hətta kimə istəsə verə bilərdi”.

Mehriban xanımın fikrincə, bu gün Azərbaycanda bütün mülkyyət müəyyən zümrənin əlindədir, onların 96%-i isə kişilərdir, qalan 4%-in də 95 %-i formal olaraq qadınlara məxsusdur, amma reallıqda qadınların ona əli çatmır.

Hüquq müdafiəçisi Ruhiyyə Kərimova deyir ki, qanunla bütün övladların mirasa sahib olmaq haqqı var, amma bizdə buna əməl olunmur: “Adətən qızlar mirasdan pay istəmirlər. Yəni onlar ailə qurub gedirlər, ona görə də mirasa valideynin yanında qalan oğullar sahib olurlar. Amma qızlar paylarını istəsələr, buna yaxşı baxılmır. Yaşlı insanların alt qafasında var ki, hər şey onların oğlan övladları, evin kiçiyi üçündür. Əgər kiçik qız olsa belə, ona heç nə düşmür.  Qızlarımız da dədə-baba malından nə isə əldə etmək barədə düşünmürlər. Düşünənlərin bəziləri də təpkilərə məruz qalırlar”.

Mühafizə orderləri vəziyyəti dəyişə bilmir

Azərbaycan Respublikası bütün mühüm beynəlxalq sənədlərə-1992-ci ildə BMT-nin “Qadınların siyasi hüquqları” üzrə konvensiyasına, 1995-ci ildə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması” üzrə konvensiyaya, 2000-ci ildə isə onun Əlavə Protokoluna qoşulub, Gender siyasətinin həyata keçirilməsi məqsədilə ölkədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. 2006-cı ilin dekabrında Milli Məclis Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında, 2010-cu ildə məişət zorakılığının aradan qaldırılması ilə bağlı qanunları qəbul edib. Hazırda gender məsələləri üzrə məsul şəxslər demək olar ki, bütün hökumət strukturlarında və Azərbaycanın şəhər və rayonlarının icra hakimiyyəti orqanlarında fəaliyyət göstərirlər.

Hüquq və İnkişaf İctimai birliyinin rəhbəri Hafiz Həsənov düşünür ki, hər şey hüququn üstünlüyünə əsaslanmalıdır: “Məişət zorakılığı ilə bağlı mühafizə orderlərinin tətbiqi vəziyyəti dəyişə bilmədi. Vəkil kimi mənim icraatımda işlər var. Bu gün də qadın mühafizə orderi olmasına baxmayaraq, təzyiqlərə məruz qalır. Normal hüquqi dövlətdə vətəndaş var, dövlət var, qanunlar var. O başqa məsələdir ki, qanunlar arzu olunan səviyyədə işləmir, cəmiyyətdə qadınlara qarşı ayrı-seçkiliyə yol verilir. Amma mən qanunun aliliyini, bərabər ədalətli mühiti görmək istəyirəm. Kvota məsələsini çıxmaq şərtilə, deyək ki, parlamentdə yerlərin müəyyən faizini qadınlara necə vermək olar? Onlar aktivlik göstərib, seçkilərdə səs qazana bilərlər. Eləcə də kişilər…”

Bu gün kişilər daha çox yükə məruz qalırlar

ABŞ-da yaşayan və uzun illər gender problemlərini araşdıran Dr. Aysel Vəzirova da belə hesab edir ki, bizim zəif yerimiz qanunların icrasındadır: “Qadın yaxşı təhsil alsa da, bu ona iqtisadi sahədə yaxşı qazanc əldə etmək imkanı vermir. Özəl sektorda liderlərə baxsaq, qadınlar çox cüzi hissə kimi görünür. Azərbaycan parlamentinə baxırıq, cəmi 16 faiz qadının qanunvericilik hakimiyyətində təmsil olunduğunu görürük. Bir çox ölkələrdə vəziyyət belədir. Əslində qadınların təhsilinə yatırım qoyulur, amma bundan gəlir alınmır. Çünki qadınlar daha az gəlirli sahələrdə işləyirlər. Nazirlər Kabinetimizin iclaslarına, səfirlərimizin tərkibinə baxsaq, orda da qadın görmürük. Amma kifayət qədər təhsilli qadınlarımız var, qanunlar da onların vəzifələrə irəli çəkilməsində məhdudiyyətlər qoymur. Qanunvericilikdə olan güclü məqamlar icra prosesində normal işləmir”.

Ekspert təəssüf edir ki, bu gün ən ciddi məsələ kişilərin boynuna həddən artıq yük düşməsi ilə bağlıdır: “Çünki ailə dəstək infrastrukturu zəif olduğundan kişilər zorakılıqdan daha çox həyatlarını itirirlər. Gender təkcə qadın demək deyil. Gender qadın və kişi arasında olan münasibətlərə aiddir. Baxın, kişilərdə ömür uzunluğu qadınlarla müqayisədə xeyli azalıb. Kişilər çox böyük psixoloji və iqtisadi yükə məruz qalır. Patriarxal ailədə yük daha çox bölünürdü. Nuklear ailədə isə belə deyil, ailənin maddi təminatı kişinin funksiyasına daxildir. Hətta qadınlar deyirlər: “Mənim vecimə deyil, hardan istəyirsən, tap, gətir”. Belə halda ailə üzvü həddən artıq stress içində yaşayır. Eyni zamanda qadının üzərinə düşən yük, əgər işləyirsə, ikiqat artır. Nəticədə dəyişən iqtisadi vəziyyətdə ailə çətinliklərlə qarşılaşır. Sirr deyil ki, bir nəfərin gəliri hesabına yaşayan ailənin bünövrəsi möhkəm deyil. Günün birində bu insan sağlamlığını və ya həyatını iturəndə ailə qalır başsız. Ailə sistemi o zaman möhkəm olur ki, bir neçə nəfər ailədə gəlir əldə etmək funksiyasına malik olur. Bu zaman yüklər bölüşdürülür, risklər azalır. Tərəflər yükləri birgə bölüşərsə, ailə rahat nəfəs ala bilər. Bir sözlə, gender problemində kişilərlə bağlı vəziyyəti araşdırmağa da ehtiyac var”.

Hələ ki, effektiv bərabərlik reallıqdan uzaqdır

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Cianşa Ömərovun fikrincə, gender bərabərliyi qadınların və kişilərin, qızların və oğlanların hüquq bərabərliyinə, eləcə də, ictimai və şəxsi həyatın bütün sahələrinə onların eyni dərəcədə cəlb olunmasına, eyni imkanlara, məsuliyyətə və iştirakçılığa malik olmasına səbəb olur: “O, həm də qadınların və kişilərin resurslara bərabər çıxış imkanlarını və resursların onlar arasında bərabər bölüşdürülməsini nəzərdə tutur. Lakin iqtisadi çətinliklərin, millətçilik və populizmin artması, miqrantların və qaçqınların axını, resursların azalması kimi amillər dünyada vəziyyəti xeyli ağırlaşdırıb. Qadınların və kişilərin hüquq bərabərliyinin həyata keçirilməsi üçün sosial və iqtisadi şəraitin yaradılmasına, o cümlədən qadınların iqtisadiyyata daha geniş şəkildə cəlb olunmasına və onların iqtisadi müstəqilliyinin artırılmasına yetərincə diqqət lazımdır”.

 “Son onilliklərdə bu sahədə tərəqqi nəzərə çarpmasına,  qadınların hüquqi vəziyyətinin yaxşılaşmasına baxmayaraq, qadınlar və kişilər arasında effektiv bərabərlik reallığa çevrilməkdən uzaqdır. Gender münasibətlərində boşluqlar və struktur maneələri bir çox sahələrdə qalmaqdadır ki, bu da qadınların və kişilərin imkanlarını onların ənənəvi rolları ilə məhdudlaşdırır. Mütəmadi monitorinq və araşdırmalar göstərir ki, qadınların siyasi həyatda iştirakı, ədalət mühakiməsinə çıxış imkanı və zərərli gender stereotiplərinin və seksizm yanaşmasının aradan qaldırılması məsələsində irəliləyiş çox ləng gedir”-Avropa Şurasının 2018-2023-cü illər üçün Gender Bərabərliyi Strategiyasında belə deyilir.

DİM-in əksər məqsədləri genderlə kəsişir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin müdiri Taliyə İbrahimovanın fikrincə, bu gün dünyaya əsas çağırış odur ki, 2030 Dayanıqlı İnkişaf Məqsədləri (DİM) qlobal, milli və yerli səviyyədə həyata keçirilsin: “Maraqlıdır ki, əksər məqsədlər gender məsələsi ilə əlaqəlidir. Sosial, iqtisadi, insan hüquqları, hətta kənd təsəsrrüfatı, qida təhlükəsizliyi, təbii resurslara çıxış, su və iqlimlə bağlı məsələlər və digərləri birbaşa və ya dolayısı ilə genderlə.  əsasən qadınların imkanlarının, rolunun artırılması ilə bağlıdır. Araşdırmalara görə, heç də qadınların hamısı əlverişli vəziyyətdə deyillər. Buna görə də ümumi tədbirlər həyata keçirilir, amma görürük ki, bunların effektiv nəticəsi yoxdur. BMT Baş Katibinin dediyi kimi, icmaların, dövlətlərrin, hətta şirkətlərin inkişafını istəyiriksə, mütləq qadınlara yatırım edilməlidir. Bu, çox önəmlidir. İndiyədək formal bərabərlikdən çox danışılıb, amma real bərabərliyə nail olunmayıb.  Məsələn, dünya məhsulunun 50 faizini istehsal edən qadınlar gəlirlərin cəmi 10 faizini əldə edə bilir. Dünya üzrə mülkiyyətin cəmi 1 faizi qadınlara məxsusdur. Zorakılığa, insan alverinə məruz qalanların böyük əksəriyyəti də qadınlardır”.

T.İbrahimovanın vurğuladığına görə, 5 rayonda qadın resurs mərkəzləri yaradılıb və onların sayının artırılması nəzərdə tutulub: “Bu mərkəzlər yaxşı mexanizmdir, biznes inkubator rolunu oynayır. Lakin bütün cəhdlərə baxmayaraq, qadınlar kişilərdən 3 dəfə artıq ödənişsiz əməyə cəlb olunur. Baxmayaraq ki, qanunlarda gender bərabərliyi təsbit olunub”.

Hökumət problemi necə həll edəcək?

Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində  gender əsaslı problemlərin həllinə başlıca diqqət yetirilib. Burada qadın sahibkarlığının inkişaf etdirilməsi (4.4), kənd yerlərində qadınların və gənclərin məşğulluğunun artırılması (9.2, 9.3) və digər məsələlər nəzərdə tutulub.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da ölkədə gender bərabərliyinin təmin edilməsi məsələsi diqqət mərkəzində saxlanılıb: “Bu sahədə dövlət siyasətinin əsas istiqamətlərini gender əsaslı zorakılıq hallarının qarşısının alınması üzrə tədbirlərin görülməsi, qadınlar və kişilər üçün əmək bazarında bərabər imkanların yaradılması, qadınların işdə irəli çəkilmək, rəhbər vəzifə tutmaq imkanlarının daha da genişləndirilməsi təşkil edəcəkdir. Ana və uşaqların sosial müdafiəsi və mühafizəsinin gücləndirilməsi, BƏT-in ratifikasiya olunmuş “Ailə öhdəlikləri olan işçilər haqqında Konvensiya”sına uyğun olaraq, işləyən valideynlər üçün uşağa baxmanın asanlaşdırılması, uşaq bağçalarının sayının artırılması, həmçinin ailə planlaşdırma xidmətlərinin inkişaf etdirilməsi dəstəklənəcəkdir. Qeyd edilən istiqamətlərin reallaşdırılması üçün bir sıra məqsədli sənədlər qəbul ediləcəkdir. Bununla bağlı “Azərbaycan ailəsi Strategiyasi”nın, gender bərabərliyi üzrə Milli Fəaliyyət Planının, Uşaq Məcəlləsinin və Milli Uşaq Strategiyasının hazırlanması nəzərdə tutulur. Eyni zamanda, “Ailə psixoloqu” institutu, məişət zorakılığına məruz qalmış şəxslər üçün yardım mərkəzləri və sığınacaqlar, həmçinin ölkədə zorakılıq, təhsildən yayınma və erkən nikah halları üzrə monitorinq sistemi yaradılacaqdır”.

Şərhlər bağlıdır.