
Albaniya
Albaniyanı Azərbaycanda keçiriləcək müsabiqədə təmsil edəcək müğənni, Kosovada anadan olmuş Rona Nishliudur. O Bakıda “Suus” adlı mahnısını ifa edəcək.
Müğənni daha çox soul, caz və pop janrında mahnılar ifa edir. Peşəkar musiqiçilər Ronanı Aretha Franklin və Chaka Khan kimi ifaçılarla müqayisə edirlər. Rona Nishliu Albaniyanı Eurovision-da təmsil edəcək ilk kosovalı müğənni olacaq. Qeyd edək ki, 2011-ci ildə “Feel the Passion” mahnısı ilə Albaniyanı təmsil etmiş Aurela Gaçe finala vəsiqə qazana bilməmişdi.
Belçika
Bu il Bakıda keçiriləcək Eurovision 2012 Mahnı Müsabiqəsində Belçikanı Laura van den Bruel (İris) təmsil edəcək. Lauranın cəmi 16 yaşı var. Onun yeni “Wonderful” mahnısı düz beş həftə Belçika çartlarında liderlik edib. Laura İris təxəllüsü altında çıxış edir. İris əsasən “country pop” janrında oxuyur, amma bu, o demək deyil ki, onun Bakıda ifa edəcəyi mahnı da məhz bu musiqi janrında olacaq.

Bosniya və Herseqovina
Bosniya və Herseqovinanın Eurovision Mahnı Müsabiqəsinə layiq bildiyi müğənni isə Maya Sardır. Maya müsabiqədə öz mahnısını oxuyacaq.
Maya Sar Balkan regionunun məşhur musiqiçiləri ilə çalışan bəstəkar-müğənnidir. Uzun illər Dino Merlinlə çalışan Maya keçən il Almaniyada baş tutan 56-cı Eurovision mahnı Müsabiqəsində də çıxış edib.
Özünün bəstələdiyi ilk Nespretno (“Narahat”) adlı sinqlı ilə Maya böyük uğurlara nail olub. Həyat yoldaşı və prodüsseri Mahir Sarihodziç ilə “Lonq Play” adlı ailə studiyasında Maya başqa ifaçılar üçün mahnılar bəstələyir və ilk solo albomu üzərində işləyir.
Fransa
İndoneziya əsilli Fransa müğənnisi və mahnılar müəllifi Anggun Bakıda keçiriləcək Eurovision yarışmasında Fransanı təmsil etmək üçün daxili seçim vasitəsi ilə France Televisions tərəfindən seçilib. 37 yaşlı ifaçı Cakartada (İndoneziya) anadan olub və uşaq vaxtlarından mahnı oxumağa başlayıb. Onun ən məşhur kompozisiyası isə 1997-ci ilə aid “Snow In The Sahara” mahnısıdır. Bu mahnı ABŞ da daxil olmaqla, dünyanın 30 ölkəsində dinlənilib.
Bu yaxınlarda müğənninin Echos adlı yeni albomu işıq üzü görüb.
Makedoniya
Bu il Makedoniya yarışmada bu ölkənin ən məşhur ulduzu Kaliopi ilə təmsil olunacaq. Kaliopi Bukle MKRTV tərəfindən daxili seçim vasitəsi ilə seçilib. O, Balkanlarda ən populyar ifaçılardan biridir. Kaliopi 9 albom buraxıb və onların hər biri Makedoniyanın hüdudlarından kənarda da çox sevilir. Kaliopi vətənində 100-dən çox konsertlə çıxış edib və teatr tamaşalarında, filmlərdə iştirak edib. Onun Eurovision 2012-də ifa edəcəyi mahnı makedon dilində olacaq.

Monteneqro
Bu ölkə Eurovision müsabiqəsində Rambo Amadeusla təmsil olunacaq. Müsabiqədə üç il iştirak etdikdən sonra fasilə verən Monteneqro (Çernoqoriya) 2012-ci ildə yenidən Eurovisiona qayıdır.
Rambo Amadeus (əsl adı Antonije Pusiç-dir) 1963-cü ildə Monteneqronun Kotor şəhərində anadan olub. Rambo deyir ki, müsabiqəyə qatılmaqda əsas məqsədi Monteneqronu turizm baxımından cəlbedici ölkə kimi tanıtmaqdır.
Serbiya
Serbiyanın Eurovision yarışmasının yayım hüququna malik RTS telekanalı hələ ötən ilin noyabr ayında elan edib ki, bu ölkəni yarışmada yenidən Zeljko Joksimoviç təmsil edəcək. “Eurovision 2012”-də ifa edəcəyi mahnının seçimində Zeljkoya tam sərbəstlik verilib. Oxuyacağı mahnının müəllifi də elə özüdür. Qeyd edək ki, bu artıq Zeljkonun müsabiqədə qalib gəlmək üçün dördüncü cəhdidir.
İspaniya
İspaniyanın “Eurovision 2012” təmsilçisini təyin etmək üçün bir neçə variant gözdən keçirildikdən sonra yayım hüququna malik TVE iştirakçının qapalı, mahnının isə açıq şəkildə seçilməsinə qərar verib. Beləliklə, bağlı qapılar arxasında aparılan seçimdən sonra bu qərara gəlinib ki, Bakıda İspaniyanı məhz Pastora Soler təmsil etsin.
Pastora İspaniyada böyük uğurlara imza atmış müğənnidir. O, ilk albomunu 1994-cü ildə buraxıb. Mahnılarında flamenko, pop və hətta “dance” da daxil olmaqla, fərqli musiqi janrlarının bir araya gətirməsi ilə tanınır.

Rumıniyanı “Mandiga” qrupu təmsil edəcək
Martın 10-da Rumıniyanın Eurovision 2012 təmsilçisi bəlli olub. Rumıniya İctimai Televiziyası tərəfindən təşkil olunmuş və canlı yayımlanmış milli finalda 15 iştirakçı mübarizə aparıb və “Zaleilah” mahnısı ilə “Mandiga” qrupu qalib gəlib. Beləliklə, mayın 22-də Bakıda bu ölkəni məhz həmin qrup təmsil edəcək.
Qrupun müsabiqədə ifa edəcəyi “Zaleilah” mahnısı ispan dilində yazılıb. Mahnı keçən ilin sentyabrında təqdim olunmuşdu. Mahnının rəsmi videoklipi isə Birləşmiş Ərəb Əmirliklərində çəkilib.
Rusiyadan “Buranovskiye Babuşki” gəlir
Martın 7-də Moskvanın Akademik konsert zalında Rusiyanın Eurovision müsabiqəsi üçün milli finala baş tutub. Bu ölkəni müsabiqədə təmsil etmək üçün 25 istedadlı müğənni mübarizə aparıb. Amma münsiflər heyətinin və televiziya tamaşaçılarının səsverməsi nəticəsində “Buranovskiye Babuşki” qrupu “Party For Everybody!” mahnısı ilə milli finalın qalibi olub və Rusiyanı Bakıda təmsil etmək hüququ qazanıb.
“Buranovskiye Babuşki” qrupu səkkiz nənədən ibarətdir. Nənələr əslən Udmurt Respublikasının Buranovo kəndindəndirlər. Qrup mahnılarının çoxunu Udmurt dilində ifa edir. Qrupun Bakıda ifa edəcəyi “Party For Everybody!” mahnısı isə nənələrin özü tərəfindən yazılıb.
San-Marino təmsilçisinin adını açıqlayan sonuncu ölkə oldu
San-Marino Eurovision Mahnı Müsabiqəsi üçün öz təmsilçisini elan edən sonuncu ölkələr arasındadır. Mart ayının 14-də məlum oldu ki, bu cırtdan ölkəni Bakıda Valentina Monetta adlı müğənni təmsil edəcək.
İsveç “Euphoria” deyəcək
İsveçin milli seçimi - “Melodifestivalen” illər boyu Avropada ən çox gözlənilən milli seçim olub. 6 həftə ərzində İsveç Televiziyası SVT bütün ölkəni gəzən tur vasitəsi ilə möhtəşəm televiziya şousu keçirir.
Martın 10-u Melodifestivalen 2012-nin finalında İsveç təmsilçisi müəyyən olundu. 10 iştirakçı öz ölkəsini təmsil etmək hüququ qazanmaq üçün mübarizə aparırdı. Yarışmanın əsas favoritləri Loreen və keçən ilki müsabiqənin ikincisi olmuş Danny Saucedo idilər. Sonda beynəlxaq münsiflər heyəti və tele-səsvermənin nəticəsində Melodifestivalen tarixində rekord, 670000-dən çox səs sayı ilə finalın qalibi Loreen oldu. Loreen Bakı səhnəsində “Euphoria” adlı mahnısı ilə çıxış edəcək.
Yunanıstanı Bakıda Eleftheria Eleftheriou təmsil edəcək
Martın 12-də Afinanın River West satış mərkəzində Eurovision Mahnı Müsabiqəsi üçün Yunanıstan milli finalı - “Ellinikos Telikos 2012” keçirilib. Milli Finalın qalibi 23 yaşlı Eleftheria Eleftheriou olub. Gənc ifaçı öz ölkəsini Bakıda “Aphrodisiac” mahnısı ilə təmsil edəcək.
Eleftheria Eleftheriou Kiprdə anadan olub və orada boya-başa çatıb. Uşaqlıqdan musiqiyə maraq göstərən ifaçı artıq 9 yaşında musiqi dərsləri almağa başlayıb.
Səbinə hamını Bakıda gözləyir
Apreldə Hollandiyada “Eurovision” müsabiqəsindən əvvəl baş tutan ən irimiqyaslı promo-tədbir - “Eurovision in Concert” keçirilib. Bu il artıq dördüncü dəfə Amsterdamda keçirilən konsertdə 24 müsabiqə iştirakçısı çıxış edib. Onların arasında Azərbaycanı “Eurovision”da təmsil edəcək gözəl və istedadlı müğənni Səbinə Babayeva da var idi. Səbinə Amsterdamda ilk dəfə olaraq “When the music dies” mahnısını Azərbaycan dilində ifa edərək, öz səsi ilə bütün tamaşaçıların rəğbətini qazanıb. Həmin gün Səbinə ayrı-ayrı ölkələri təmsil edəcək müsabiqə iştirakçıları ilə görüşmək və ünsiyyətdə olmaq imkanı da qazanıb. Bu barədə müğənni belə deyib: “Bu doğrudan da unudulmaz gün idi! Burada olmaqdan çox məmnunam! Bu görüş mənə sonsuz sevinc bəxş etdi. Pərəstişkarlarımdan inanılmaz dərəcədə müsbət enerji aldım! Hamını Bakıda görəcəyim günü səbirsizliklə gözləyirəm!”
İsveç təmsilçisi Loreen isə müsabiqə öncəsi 41 rəqibinin mahnısına qulaq asmaqdan imtina edib: “Bütün iştirakçılar öz mahnılarını mənə təqdim edib, amma mən qərara aldım ki, onları dinləməyim”.
Müğənni bu fikrinə belə aydınlıq gətirib: “Müsabiqəyə çox az vaxt qalıb. Məncə, bu məqamda fikrimizi başqa iştirakçıların mahnılarına yönəltmək doğru deyil. Mən bütün diqqətimi öz çıxışıma yönəltməyə və mahnımı tamaşaçılara ən yaxşı formada çatdırmağa çalışıram”.
“Eurovision 2012”də Norveçi təmsil edəcək Toojinin başı isə təqdim edəcəyi müsiqi nömrəsinin quruluşuna qarışıb. Nömrənin xoreoqrafı Mattias Karlsson “Stay” mahnısı üçün xüsusi rəqs hazırlayıb. Qeyd edək ki, “Eurovision 2010” müsabiqəsinin finalında nümayiş etdirilən flashmod və “Eurovision 2011”də Norveç təmsilçisini müşayiət edən “Haba-Haba” rəqslərinə də Mattias Karlsson quruluş vermişdi.
Tooji söz verib ki, müsabiqə zamanı keçiriləcək mətbuat konfransında öz rəqsini hamıya öyrədəcək: “Hər şey artıq hazırdır, səhnə geyimləri, rəqs...Məncə, hər şey əla olacaq!”
Xatırladaq ki, ilk yarımfinal, çərşənbə axşamı 22 mayda olacaq (18 ölkə):
Monteneqro, İslandiya, Rumıniya, Albaniya, Belçika, Latviya, İsveçrə, Finlandiya, Yunanıstan, Moldova, Kipr, Avstriya, Danimarka, Rusiya, San-Marino, İsrail, İrlandiya, Macarıstan.
6 ölkə - Almaniya, Fransa, Birləşmiş Krallıq, İtaliya, İspaniya və ötənilki müsabiqənin qalibi kimi Azərbaycan birbaşa olaraq Eurovision Mahnı Müsabiqəsinin Finalında çıxış edəcək. Püşkatma nəticəsincə onlar aşağıdakı yarımfinallarda səs verə biləcəklər:
İtaliya, Azərbaycan, İspaniya (ilk Yarımfinal), Birləşmiş Krallıq, Fransa, Almaniya (ikinci Yarımfinal).
“Eurovision” bu gün!
Bu gün qarşımızda ciddi tapşırıq durur: Eurovision 2012-ni layiqli keçirmək. Bu müsabiqənin iştirakçılarının, qonaqlarının, tamaşaçıların əksəriyyəti üçün ölkəmizlə tanışlıq olacaq. Onlar xalqımızın mehribanlığına və qonaqpərvərliyinə əyani şəkildə əmin olacaqlar. İnanıram ki, onların əksəriyyəti qədim və sürətlə inkişaf etməkdə olan Azərbaycan barədə şəxsi təsəvvürlərini formalaşdıracaqlar. Və bir çoxları “Odlar Yurdu”nu tərk edərkən öz qəlblərində buradan alov zərrəciyi aparacaqlar. Axı “Məşələni alovlandır” sözləri nahaq yerə müsabiqəmizin devizi olmayıb. Lakin, bununla yanaşı, belə irimiqyaslı hadisəyə hazırlıq nəhəng işdir.
“Eurovision 2012” çərçivəsində gəncləri fəallaşdırmaq məqsədi ilə yaradılmış “Step In!” gənclərin təşəbbüs qrupu “Step in Box” aksiyasına start verdi. “Step in Box” aksiyası ilə gənclər “Eurovision 2012” ifaçılarına 1 məktub qədər yaxın olacaq. Aksiya çərçivəsində Bakı, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində ümumilikdə 40-dan artıq xüsusi poçt qutuları yerləşdirilib. “Step in Box” qutuları vasitəsi ilə hər bir gənc “Eurovision 2012” iştirakçılarına birbaşa məktub yaza biləcək. Daha sonra məktublar “Step In!” fəalları tərəfindən toplanaraq, ünvanına çatdırılacaq. Qeyd edək ki, www.box.stepin.az ünvanına daxil olmaqla, elektron məktub da yazmaq mümkündür.
Aksiyanın məqsədi “Eurovision 2012” həyəcanını gənclərə daha yaxın etmək, öz ürək sözlərini onlara çatdırmaq istəyən gənclərə öz təəsuratlarını “Eurovision 2012” iştirakçıları ilə bölüşməyə imkan yaratmaqdır.
57-ci Eurovision Mahnı Müsabiqəsi həftəsi mayın 13-dən start götürüb. “Bakı Kristal Zalı”nda hər gün texniki və dublyor məşqləri davam edir. Mayın 13-dən isə Eurovision 2012-nin səhnəsində Bakı şousunda təmsil olunan ölkə təmsilçilərinin iştirakı ilə məşqlər başlayıb.
Eurovision Mahnı Müsabiqəsinin şou tərəfdaşı “Brainpool” şirkətinin rəhbəri Yorg Graboş Avropanın ən nüfuzlu televiziya şousunun hər zamankından çox fərqli olacağını söyləyir: “Şou hazırlıqlarına 800-ə yaxın işçi cəlb olunub. Bu, ən böyük televiziya şoularından biri, bəlkə də ən böyüyüdür. Azərbaycandakı bu şou daha möhtəşəm olacaq!”- deyə o bildirib. Eurovision 2012 şousunun aparıcıları - Eldar, Leyla və Nərgiz də səbirsiziklə bu mötəbər layihənin tamaşaçılarını efirdən salamlamağa tələsir.
“Eurovision” Mahnı Müsabiqəsi dünyanın 50-dən çox ölkəsində 100 milyondan artıq izləyicisi olan möhtəşəm şoudur. Miqyasına görə Olimpiya Oyunları ilə müqayisə edilən “Eurovision” Mahnı Müsabiqəsi 40-dan çox ölkənin iştirak etdiyi və səhnə arxasında 1.000 nəfərdən artıq insanın çalışdığı bir yarışmadır. 6 həftə fasiləsiz gərgin iş rejimindən sonra artıq gözəl Bakı şəhərində - “Bakı Kristal Zalı”nda səhnə, işıq effektləri və televiziya avadanlıqları quraşdırılıb. “Bakı Kristal Zalı”nda istifadə olunan möhtəşəm işıqlandırma sistemi, 2500-dən çox projektor, 3.000 metrdən artıq naqil 90 konteynerdə Almaniyadan Azərbaycana gətirilib. Səhnənin bəzi hazır elementləri 70 ədəd 40 tonluq yük maşınlarında 5.000 kilometr məsafə qət edərək Almaniyanın Hamburq şəhərindən Bakıya çatdırılıb. “Eurovision” Mahnı Müsabiqəsi 2011-in, “MTV Video Music Awards” və “X-Faktor”, Avropa və ABŞ-da keçirilən “POP Idol” kimi şouların dizayneri, dünyaca məşhur Florian Wieder tərəfindən hazırlanmış bu ekranlar “Eurovision” Mahnı Müsabiqəsi 2012-nin ev sahibi Azərbaycanın “Bakı Kristal Zalı”nda görüntünün əsasını təşkil edir. Buradakı dizaynda arenanın səhnə və podiumları 3D formatında təqdim olunur, həm də Bakının heyrətamiz gecə mənzərəsi məşhur musiqi şousunun səhnəsində ekranlara gətirilir.
“Green Room”un pərdə arxasında deyil, tamaşaçıların əyləşdiyi zalda olması Bakı şousunu izləyicilər və ifaçılar üçün daha da yadda qalan edəcək.
Artıq müsabiqənin keçiriləcəyi “Bakı Kristal Zalı” möhtəşəm şouya tam hazırdır. “Eurovision 2012”-nin qeyri-adiliyi, səs və işıq effektləri ilə seçilən Bakı səhnəsində hazırda texniki məşqlər gedir. Mayın 13-dən isə “Bakı Kristal Zalı” şouda təmsil olunan ölkələri qəbul edir.
Bu ərəfədə “Eurovision” mahnı müsabiqəsinin yarımfinalları və finalındakı açılış və interval aktlarının məşqləri aparılır.
“Eurovision” mahnı müsabiqəsinin builki təmsilçilərinin rəngarəng və bir-birindən fərqlənən performansları ilə yanaşı, milyonlarla izləyiciyə açılış və interval aktlarında sürpriz dolu şoular təqdim ediləcək.
Açılış və interval aktları səhnə tərtibatı, ssenarisi və şouda çıxış edəcək müğənniləri ilə seçiləcək. Bu şoular üçün son 5 ilin “Eurovision” mahnı müsabiqəsinin qalibləri Bakıda toplaşacaqlar. Mariya Şerifoviç, Dima Bilan, Aleksandr Rıbak, Lena, Eldar və Nigar mayın 24-də keçiriləcək ikinci yarımfinalın interval aktında “Bakı Kristal Zalı”nda çıxış edəcəklər.
“Eurovision” mahnı müsabiqəsinin bu qaliblərindən ibarət qrup Azərbaycanın milli musiqisi ilə zəngin performansla səhnədə olacaqlar. “Eurovision” ulduzları bu şouda tamaşaçılar qarşısında indiyədək görmədiyimiz bir üslubda çıxış edəcəklər.
Mehriban Əliyeva isə, Trend Agentliyinə verilən müsahibədə Eurovision Mahnı Müsabiqəsinə hazırlığın keyfiyyətini belə qiymətləndirib: “Eurovision Mahnı Müsabiqəsinə hazırlığın səviyyəsi və keyfiyyəti barədə yalnız musabiqənin başa çatmasından sonra mühakimə yürütmək olar. Amma hələlik ən etibarlı və obyektiv meyar, fikrimcə, Avropa Yayımları Birliyinin nümayəndələrinin və ekspertlərinin fikirləridir. Onlar ölkəmizin ümumavropa mahnı müsabiqəsinə hazırlıq səviyyəsini çox yüksək qiymətləndirirlər. Və doğrudan da az iş görülməyib. Təşkilat Komitəsinə daxil olan idarələrin qarşısında şəhər infrastrukturlarının modernləşdirilməsi, kommunikasiya texnologiyalarının genişləndirilməsi, qonaqların və müsabiqə iştirakçılarının rahat yerləşdirilməsinə istiqamətlənmiş konkret tapşırıqlar qoyulub. Mövcud hotellərin vəziyyətinin yaxşılaşdırılması ilə yanaşı paytaxtda yeni mehmanxanalar tikilir, avtomobil magistrallarının yaxşılaşdırılması üzrə işlər aparılır. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, müsabiqə iştirakçıları və qonaqlar üçün vizaların alınması prosesi sadələşdirilib. Daha doğrusu, ölkədə bu müsabiqənin layiqincə qəbul edilməsi və təşkil olunması üçün mümkün olan hər şey edilir”.
Heç vaxt səhnəyə çıxmamışam
Norveçi təmsil edən Tooji ilə müsahibə
-Norveçi Eurovision 2012-də təmsil edəcəyinizi biləndə nə hiss etdiniz?
- Bu hissi sözlə çatdırmaq çətindir. Büsbütün şokda idim! Əvvəl inana bilmirdim...Ətrafımdakı insanlar mənə nəfəs almalı olduğumu xatırladırdılar! Amma əlbəttə ki, daha sonra bu çox böyük qürur və sevinc hissinə çevrildi.
- Sizi ilk təbrik edən kim oldu?
- Qalib gəldiyim elan olunan zaman biz canlı yayımda idik və mən prodüsserim Figge Boström-ün yanında əyləşmişdim. Məni ən birinci qucaqlayıb təbrik edənlər isə Petter Oien və Bobby Bare oldu.
- Müsahibələrinizdən birində səhnədə hələ yeni olduğunuzu və itirəcək heç nəyinizin olmadığını söyləmisiniz...
- Düzdür, əvvəllər heç vaxt səhnəyə çıxmasam da, düşünürəm ki, mən məhz bunun üçün doğulmuşam. Yəqin ki, mənə qələbə gətirən də elə bu sənətə duyduğum sevgi oldu.
- Mahnınız artıq kifayət qədər məşhurdur, xüsusilə də Serbiya, Yunanıstan və Türkiyədə. O ölkələrdə hətta fan klublarınız da var. Razılaşarsınızmı ki, mahnınızın melodiyası bu ölkələrin milli musiqisinə çox yaxındır?
- Həqiqətən də, “Stay” kompozisiyası həm qərb, həm də şərq mədəniyyəti və musiqisini özündə əks etdirir. Bu hər iki mədəniyyətə bağlı olduğumun bir göstəricisidir. Müxtəlif millətlərdən olan insanların mahnımı özlərinə yaxın hesab etmələri isə mənim aşkar üstünlüyümdür. Mahnıya şərq motivləri əlavə etmək mənim ideyam idi. Amma indi qürur duyduğumuz bu nəticə əlbəttə ki, prodüsserlərlə yaxın iş birliyimiz sayəsində əldə edildi.
- 2009-cu ildə Aleksandr Rıbak öz mahnısı və skripkada ifası ilə demək olar hər kəsi təəcübləndirdi və bu ona qələbə gətirdi. Bəs siz qələbəni necə qazanmağı düşünürsünüz?
- Mən səhnədə necə varamsa, elə olacağam və mahnımı bütün qəlbimlə oxuyacağam.
- Aleksandr Rıbakdan məsləhət alacaqsınızmı?
- Aleksandrı Norveçin final konsertində tanıdım və o vaxtdan mənə çox yaxşı məsləhətlər verir. O, yaxşı ifaçı, gözəl müğənni və yumor ustasıdır. Əlimdən gələni edəcəyəm ki, Aleksandr Bakıda mənimlə qürur duysun (gülür).
- Digər iştirakçıları dinləmək şansınız olubmu? Onların arasında bəyəndikləriniz varmı?
- Mənim ən güclü rəqibim İsveç təmsilçisi Loreendir. Onun mahnısını sevirəm.
- Bu il Azərbaycan Eurovisionda Səbinə Babayeva tərəfindən “When the Music Dies” adlı mahnı ilə təmsil olunacaq. Bu mahnı haqqında nə düşünürsünüz? Səbinəni necə, özünüzə güclü rəqib hesab edirsinizmi?
- Rəqiblərimin heç birinə aşağı qiymət vermirəm və onların hər birinə qarşı hədsiz hörmətim var. Səbinə çox gözəl xanım və yaxşı müğənnidir. Onun səsi və mahnısı heyrətamizdir!
- Azərbaycanda olmusunuzmu? Ölkəmiz haqqında nə bilirsiniz?
- Azərbaycanda heç vaxt olmamışam. Təəssüf ki, ölkəniz haqqında o qədər də məlumatlı deyiləm, elə buna görə də Azərbaycana səyahət edəcəyəm. Yeni təcrübə yaşayacağım üçün ekstra həyəcanlıyam (gülür).
- Eurovision 2012 Mahnı Müsabiqəsindən nə gözləyirsiniz?
- İnanıram ki, bu müsabiqə bütün həyatıma təsir edəcək bir təcrübə olacaq!
Samirə Süleymanova
“Eurovision”la bağlı yazılar “Mingəçevir işıqları” qəzetinin sifarişi ilə hazırlanıb