Aktual

“Kabusa dönən ruhlar”

Xocalıda qəddarlıqla qətl edilən uşaqların və anaların xatirəsinə.

“Qəfil şappıltı səsinə oyandı. Saata baxdı, 3-ə işləyirdi,-” Hələ səhərə çox var, yəqin Arsendir”-deyə fikrindən keçdi. Yenidən yuxuya keçmək üçün sol yanı üstə çevrildi və Arsenin yatdığını gördü, canını qorxu bürüdü. Havanı dinlədi, səs gəlmirdi. Təzəcə gözlərini yummuşdu ki, bu dəfə mətbəxdən tıqqıltı gəldi, elə bil kimsə dəhlizdən mətbəxə keçdi. Əlləri əsməyə başladı, evdə başqa kimsənin olmadığnı bilirdi, amma…”Bəlkə oğrudur”? Yatağından durdu, daha səs gəlmirdi, “oğru olsaydı səs kəsilməzdi”-deyə özünü rahatlatmağa çalışdı. Astaca qapıya yaxınlaşdı, qapını araladı, dəhliz boş idi. Mətbəxin qapısı da örtülü idi. Səssizcə mətbəxin qapısına yaxınlaşdı, içəri girməyə ürək eləmirdi. Çox dayana bilmədi, linolium döşəmə soyuq idi. Qapının dəstəyini yavaşca aşağı çəkdi və qapını bir az araladı, içəri boylandı, döşəmədə uşaq oturmuşdu və qarşısındakı paltar yığınına baxırdı. Uşağın pal-paltarı və qarşısındakı paltar da palçığa bulaşmışdı. Uşaq qəfil çevrilib qadına baxdı, onun gözlərindən qan axırdı, üzü və əlləri qan içində idi. Qadının heyrətdən və qorxudan boğazı tutuldu, çığırmaq istədi, amma səsi çıxmadı, huşunu itirib yerə yıxıldı. Deyəsən əri də səsə oyandı və qadını səslədi:-Serum, Serum! Səs gəlmədiyini görüb yataqdan qalxdı, saata baxdı, 3-ə qalırdı. Qapıya yaxınlaşdı, mətbəxin qapısının ağzında arvadının huşsuz vəziyyətdə yerdə uzandığını gördü. Tez onun yanına cumdu və yerə əyilib qadını oyatmağa çalışdı:-Serum, Serum, özünə gəl! Mətbəxə keçib su gətirdi, suyu onun sifətinə çilədi, lakin qadın hələ də özünə gəlmirdi. Mətbəxdə naşatır spirti axtardı, tapdı və gətirib qadının burnuna yaxınlaşdırdı. Qadın sifətini turşudub yavaş-yavaş özünə gəldi, ərinə baxdı və özünü yerdə görüb soruşdu: -Mənə nə olub? Əri dilləndi:-Huşunu itirmişdin. Qadın nəyi isə yadına salmağa çalışdı və qəfildən dəli kimi qışqırdı:-Orda uşaq var, sən onu gördün, gözündən qan axırdı? Arsen, orda, mətbəxdə uşaq var…Əri onu sakitləşdirməyə çalışdı:-Sakit ol, orda heç kim yoxdur, sakit ol! Qadın əllərini yerə dayadı, iməkləyərək irəli getdi və qorxa-qorxa mətbəxin qapısından içəri boylandı. Doğrudan da orda heç kim yox idi. Qadın ağlamağa başladı,-amma orda uşaq var idi, əlləri, üzü qanlı idi, mənə baxdı, dəhşətli gözləri var idi…Əri yazıq-yazıq ona baxırdı və ürəyində bu evi onlara məsləhət görən Roberti söyürdü. Onlar, Xocalıya bu qış, özü də çoxlu pul müqabilində köçmüş erməni ailələrindən biri idi.”  Povestdən bir parça.

Mehparə Rəhimqızı

 

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close