2021-ci ilin 15 oktyabr tarixində Lənkəran Dövlət Universitetində (LDU) Mingəçevir Dövlət Universiteti (MDU) ilə birgə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunan elmi-nəzəri konfrans keçirilib.
Lənkəranda səfərdə olan MDU-nun rəhbər və akademik heyət üzvlərindən ibarət nümayəndə heyətinin qatıldığı konfransda hər iki universiteti təmsil edən müəllim və tələbələrin “Microsoft Teams” platforması üzərindən onlayn iştirakı da təmin edilib.
Konfrans müstəqilliyimiz uğrunda canından və qanından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb.
Konfrans iştirakçılarını salamlayan LDU-nun rektoru Natiq İbrahimov son dövrdə müasirləşmə yolunda inamla irəliləyən MDU kollektivini Lənkəranda görməkdən məmnunluğunu ifadə edib və əlamətdar tarixi gün münasibətilə təbriklərini çatdırıb.
LDU rektoru bildirib ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazansa da, təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirilib, 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bilib. İkinci tarixi şəraitin 70 ildən sonra yarandığını vurğulayan rektor, Sovet imperiyasının dağılmasının Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etməyə imkan verdiyini qeyd edib.
Ötən 30 il müddətində Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanın həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrildiyini deyən N.İbrahimov 44 günlük Vətən müharibəsinin qələbəmizlə bitməsini, torpaqlarımızın düşmən tapdağından azad olunmasını Azərbaycanın böyük uğuru kimi dəyərləndirib. Qeyd edilib ki, məhz bu qələbə sayəsində ölkəmiz regionda söz sahibinə çevrilib, daxili və xarici siyasətdə nüfuzunu daha da artıb.
Müstəqilliyin bərpa edilməsinin ildönümü münasibətilə konfrans iştirakçılarını təbrik edən MDU-nun rektoru Şahin Bayramov bu əlamətdar tarixin regionun davamlı yenilənən ali təhsil müəssisələrindən olan LDU ilə birlikdə qeyd edilməsindən məmnunluğunu bildirib.
Müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin müdrik siyasəti sayəsində müstəqilliyimizin əbədi və dönməz xarakter aldığını vurğulayan Ş.Bayramov Ümummilli Liderin layiqli siyasi varisi İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət nəticəsində dövlətçiliyin daha da möhkəmləndiyini, ölkəmizin hərtərəfli və dayanıqlı inkişafına nail olunduğunu, onun beynəlxalq mövqeyinin əhəmiyyətli dərəcədə gücləndiyini və milli-mənəvi dəyərlərin qorunub saxlanıldığını qeyd edib. Bildirilib ki, ictimai həyatın bütün sahələrini əhatə edən dövlətin yüksək diqqət və qayğısı təhsil sahəsinin modern inkişafında da aydın şəkildə təzahür edir.
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan Əsgərinin rəşadəti sayəsində 44 günlük Vətən Müharibəsində qazanılan tarixi Zəfəri müstəqillik tariximizin ən şanlı səhifəsi kimi dəyərləndirən rektor otuz illik erməni işğalına son qoyan haqq savaşında tarixi ədalətin, ərazi bütövlüyünün və milli ləyaqətimizin bərpa edilməsini müstəqil və suveren inkişafımıza verilən misilsiz töhfələr olduğunu deyib və konfransın işinə uğurlar arzulayıb.
Birgə konfransda MDU-nun dosentləri İlham Məmmədov “Ümummilli Liderimizin yaratdığı müstəqil Azərbaycanın 30 illik hərtərəfli inkişaf yoluna konseptual baxış”, Mahir İsmayılov “44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər müstəqilliyimizin şah əsəridir”, Ülkər Aşurova “Milli energetikamızın inkişafında müstəqillik dövrü”, LDU-nun dosentləri Gülbəniz Əliyeva “Müasir şəraitdə ölkə iqtisadiyyatının dayanıqlı inkişafının sosial-iqtisadi aspektləri”, Zaur Məmmədov “Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələri və onun inkişaf perspektivləri”, Kamal Mahmudov “Multikulturalizm Azərbaycan Respublikasının dövlət siyasətinin tərkib hissəsi kimi” mövzularında məruzə ediblər.
Məruzələr ətrafında müzakirələr keçirilib və fikir mübadiləsi aparılıb.
Konfransın yekununda MDU ilə LDU arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Beş il müddətinə imzalanan Memoranduma əsasən tərəfdaş universitetlər arasında tələbə-müəllim mübadiləsi həyata keçiriləcək, birgə elmi tədbirlər təşkil olunacaq, elmi əməkdaşlıq genişləndiriləcək.
Sonra xatirə hədiyyələri təqdim olunub.
Qeyd edək ki, səfər çərçivəsində MDU nümayəndə heyəti LDU-nun yeni tədris korpusları, elmi kitabxanası, laboratoriyaları, turizm-təcrübə bazası, tələbə yataqxanası, yeməkxanası və digər infrastruktur obyektləri ilə tanış olublar.
Şərhlər bağlıdır.