Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Uğursuz “Tanqo” və ya “Ayı” Mingəçevirə gəldi

Bu yaxınlarda, fevral ayının 25-də Mingəçevir Dövlət Dram Teatrında yeni bir tamaşanın daxili baxışı, martın 8-də isə ilk tamaşası oldu. Bu, dahi rus yazıçısı Anton Pavloviç Çexovun qələmə aldığı bir pərdəli “Ayı” pyesi idi.

Daxili baxışa teatrın bədii şura üzvləri ilə birlikdə tamaşaçılar da dəvət almışdılar. Teatrın direktoru, bədii şuranın sədri Səxavət Məmmədov tamaşanın çox lakonik, mənalı və baxımlı olmasını vurğuladı. Digərləri də pyesin mövzusundan, onun bu günkü əhəmiyyətindən daha çox yüksək səviyyədə aktyor oyunundan danışdılar,  onun qəbul olunub tamaşaçıların ixtiyarına buraxılmasına razılıq  verdilər.

A.P.Çexov bədii yaradıcılığına hələ tələbəlik illərindən başlayıb. Müxtəlif illərdə dövrü mətbuatda kiçik yumoristik hekayə və səhnəcikləri dərc olunub. Universiteti bitirdiyi ilk illərdən başlayaraq, “Melpomlananın nağılları”, “Rəngarəng hekayələr”, “Alaqaranlıq”, “Günahsız nitqlər” və s. kimi hekayələr kitabları dərc olunub.

İxtisasca həkim olan A.P.Çexov müxtəlif xəstələrin və xəstəliklərin müalicəsi  ilə yanaşı “Rusiyada həkimlik sənəti” adlı bir elmi əsər yazmaq haqqında da fikirləşir. Onu narahat edən, gələcək taleyini bütövlükdə yenidən qurmağa məcbur edən başqa bir xəstəlik var idi. Bu, xəstə cəmiyyət idi. Beləliklə də  yazıçı konkret xəstəliklərin həkimliyindən cəmiyyətin həkimliyinə, yazıçılığa keçir.

Çexov klassik rus və Avropa dramaturgiyasının yaradıcılıq ənənələri üzərində yetişən və bu dramaturgiyanı yeni ideya-bədii keyfiyyətlərlə zənginləşdirən novator bir yazıçı olub. Dramaturgiya və teatrla hələ uşaq yaşlarında, Taqanroq gimnaziyasında oxuduğu illərdən maraqlanıb, sonralar bu sənətin sirlərini  dərindən öyrənib, on doqquzuncu əsrin 80-ci illərinin ortalarından başlayaraq orjinal səhnə əsərləri yaratmağa başlayıb. Yazıçının təbiri ilə desək, “yığcamlıq talantın bacısıdır” prinsipi onun dramatik əsərlərinin təkcə mövzularında, ideyalar aləmində deyil,  poetik formasında tapıb. Gənc ədib həyatın dramatik tərəflərini canlı və dəqiq əks etdirmək üçün həcmcə kiçik, yığcam vodevil janrını seçib,  bu janrı keyfiyyət baxımından əhəmiyyətli dərəcədə zənginləşdirib. Yüngül mövzularda yazılıb, mənasız gülüş doğuran özünə qədərki rus vodevillərini məzmunca ciddi əhəmiyyətli janrlara, komediya və drama yaxınlaşdırıb. Çexov komediya, yaxud dramla vodevilin fərqini yalnız onların həcmində görürdü: “Böyük pyeslə  bir pərdəli pyesin fərqi yalnız kəmiyyətdədir”. Məhz bu prinsipdən çıxış edən yazıçı vedevili ənənənəvi mənada deyil, bir pərdəli dram, yaxud komediya kimi qiymətləndirirdi. O, “Ayı”, “Toy”, “Yubiley”, “Tütünün zərəri”, “Zorən tragik”, “Tatyana Repina,”, “Məhkəmədən əvvəlki gecə” yığcam pyeslərində çox ciddi problemlər qaldırırdı.

Yazıçı sonralar düşünür ki, vodevil bütün poetik keyfiyyətlərinə baxmayaraq, çox məhdud və lakonik həyat materialları əsasında yazıldığından dram və komediyanı əvəz edə bilməz. Elə bu səbəbdən də o, bu janrdan imtina edərək, sonralar böyük dramaturgiya yaradıcılığına keçir.

A.P.Çexov “Ayı” pyesini 1888-ci ildə yazıb. Birpərdəli, yığcam əsərdə çox ciddi, social-əxlaqi problemlər qaldıraraq, onların yığcam və konkret bədii şərhini ustalıqla verə bilib. Məhz gənc rejissor Nicat Alatoranın İrəvan Dövlət Dram Teatrından bu pyesə quruluş vermək üçün teatrımıza dəvət alması da təsadüfi deyil. Rejissor pyesdəki bütün əxlaqi-sosial məsələlərə, müəllifin daxili düşüncələrinə və qaldırdığı problemlərə çox böyük məharətlə səhnə yozumu verə bilib.

Qloballaşmış bir dövrdə insanın çölü də daşlaşıb. Rəngarəng olan içimizi, daxili duygularımızı çölə çıxarmaq lazımdır. Axı görünən tərəf çölümüzdür. Rejissorun da məhz istəyi budur ki, insanların iç dünyasını çölə çıxarıb olduğu kimi göstərə bilsin. Kiçik həcmli vodevildə bütün bunları göstərmək çətin olsa da, Nicat Alatoran buna nail ola bilib.

Tamaşa qızların rəqsi ilə, kəmənd-kəmənd oyunu ilə başlayır.  Rejissor personajlarını bir anlığa o qayğısız, şən, xöşbəxt  uşaqlıq dünyasına qaytarır.  Qəhrəmanımız kəmənddən 1-2 dəfə tullanır, 3-cüdə ayağına ilişir. Bu, insan talehinin kəməndidir. Sonralar bu kəmənd düyününün açılmasını bütün tamaşa boyu gözləyəcək və izləyəcəyik. Çox maraqlı bir rejissor tapıntısıdır, deyilmi?

A.P.Çexovun pyesində cəmi 3 iştirakçı var. Ancaq rejissor bura 3 iştirakçı da əlavə edib. Bunların ikisi qulluqçu qızlar, biri isə ölmüş ərin ruhudur. Bu üç əlavə personajın səhnəyə gəlişi əsas iştirakçıların oyununa çox müsbət təsir edir və səhnəni tam dolğun göstərir.

İstər kinoda, istərsə də teatr tamaşalarında həmişə görmüşük ki, rejissor tərəfindən istənilən bir əsərə professional şəkildə olunan müdaxilə öz müsbət təsirini verir. Məncə “Ayı” pyesi də gənc rejissorun uğurlu işlərindən biridir. Nicat Alatoranla bu pyes haqqında söhbət edəndə onun Çexov yaradıcılığına kifayət qədər bələd olduğunun bir daha şahidi oldum. Bu da tamaşanın uğurlu alınmasının əsas səbəblərindən biridir. Belə intelektual səviyyəli, istedadlı gənclərin işlərinə baxanda, onlarla söhbətləşəndə istər-istəməz sevinirsən ki, arxamızca yaradıcı gənclik gəlir.

Rejissor aktyorlarla işini çox yaxşı qura, istədiyi ifanı aktyorlardan artıqlaması ilə ala bilib. Elena İvanovna  Popova  (respublikanın xalq artisti Ella Yaqubova) dul qadındır. O, nakamdır, həm də çox sentimentaldır. Əslində heç ərinin sağlığında da ondan məhəbbət, nəvaziş görməyib. Ərinin ona qarşı olan sevgisi, nəvazişi həmişə saxta, yalan olub. Əslində Popova bütün bunları bilir. Rejissor tərəfindən səhnəyə gətirilmiş ər, daha doğru ruh (Aydın Qluyev) qadının narazı tərəfidir. Ona görə ki, həmin ər sağlığında bütün əxlaqi dəyərlərini uydurub. Uydurulmuş əxlaq isə əslində heç kəsə lazım deyil. Belə əxlaq insanı özü olmağa qoymur. Ruhun-ərin oturduğu yer qara bir kabinetdir. Bu qaranlıq kabinet həm o dünyaya, həm də ruhun-ərin öz keçmişinə olan qara bir işarədir. Bütün bunlara baxmayaraq, Popova onun ruhu qarşısında şam yandırır, o dünyasını işıqlandırmağa çalışaraq, bunu özünə borc bilir. Sonra şamları söndürəcək, ona görə ki, həyatına çox kobud, Çexovun təbiricə desək, “ayı” xasiyyətli biri gələcək. Bu, Qriqori Stepanoviç Smirqovdur (respublikanın əməkdar artisti Şıxı Yaqubov).

Popovanın əri sağlığında Smirnova pul borclu olub, o pulunu dul qadından almaq istəyir. Elə buradaca təsadüfdən zərurət doğur.Tamaşa boyu, kobud “ayı” xasiyyətli adam tədricən yumşalır. Hisslərinə, duyğularına və ehtirasına tabe olur. Onların hər ikisinin – Popovanın və Smirnovun məhəbbət hekayəsi başlanır. Kobud, qaba Smirnov (Ş.Yaqubov) tədricən yumşalır. Çox ehtiraslı Popovanın (E.Yaqubova) duyğuları, hissləri tam açıqlığıyla üzə çıxır. Burada pul borcunu istəmək bir vasitəyə, ehtirasların, hislərin açarına çevrilir. Hər iki aktyor hiss və ehtiraslarla dolu olan bu səhnələri çox qabarıq və məharətlə yarada biliblər. Onlar hətta “Tanqo” rəqsi oynayırlar. “Tanqo” isə gəncliyin, sevgi-məhəbbətin simvoludur. “Tanqo” ancaq gənclikdə ilk dəfə sevib-seviləndə uğurlu ola bilər. Görünür ki, bu iki qəhrəman gənclik dövründə bu hisləri yaşaya, əsl sevgi simvolu olan “Tanqo”nu oynaya bilməyiblər.

Tamaşada hər iki tərəf-müqabil Ella Yqubova və Şıxı Yaqubov çox müsbət mənada biri birilərini tamamlayırlar. Onlar hər ikisi bu komediya-vedovildə janrın bütün tələb olunan xüsusiyyətlərinə əməl edərək, oynadıqları obrazı çox yüksək səvyyəya qaldıra biliblər. Yeri gəlmişkən, Ella xanım 25-30 yaşlarında qadın obrazına elə bir rəng, elə bir təravət verib ki, buna tamaşaçı ancaq təəcüblənə bilər.

Aktyor Asim Məmmədov tamaşaçılara komik bir aktyor kimi tanışdır. Burada  o, qulluqçu Lukanı oynayır. Əslində Luka da məqsədlidir. Onun qadını dünyasını dəyişib və o, Popovaya girişmək istəyir, ancaq məqsədinə çata bilmir. Çünki qorxaq və mütidir. Həm də Popova bu müti qulluqçuya yaxınlıq verməz. Bir sözlə, Asim Məmmədov bu obrazın öhdəsindən gələ bilib.

Hər iki qulluqçu-Fəridə Məmmədova və Nargilə Abdullayeva səhnədə sözsüz olsalar da maraqlı oyun tərzləri ilə diqqətdə qala biliblər. Teatr dili ilə desək, səhnədə işsiz deyillər. Elə işsiz olmadıqları üçün də səhnə dolğun görünür. Bu da rejissorun məharətindən aslıdır.

Tamaşanın musiqi tərtibatını istedadlı musiqiçi Elnur Rəsulov verib. Quruluşçu rəssam Rafael Həşimovdur (respublikanın əməkdar rəssamı). Səhnədəki evin rəngarəng olması bu evin mülkədara məxsus olmasından xəbər verir. Arxa fondakı qurumuş solğun ağaclar isə heç  vaxt çiçəkləməyəcək. Sonda bütün iştirakçılar solğun ağacların altına yığışırlar. Bu isə artıq solmuş, gecikmiş məhəbbətə bir işarədir.

Məqaləni hazırladı:

Qabil İbrahimli

Şərhlər bağlıdır.