Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Dövlət Yol Polisi “Diqqət, uşaqlar!”devizi altında açıq dərs keçirib

Oktyabrın 5-də Heydər Əliyev prospekti ilə 20 yanvar küçəsinin kəsişməsində  Dövlət  Yol Polisi “Diqqət, uşaqlar!” devizi altında hərəkətin təhlükəsizliyi aylığı ilə əlaqədar açıq dərs keçirib. Mingəçevir şəhər Polis şöbəsi  Dövlət Yol Polisi bölməsinin təbliğat və təşviqat inspektoru, polis baş leytenantı Tahir Qarayevin rəhbərliyi altında keçirilən dərsdə Mingəçevirdəki 13 saylı tam orta məktəbin şagird və valideynləri iştirak ediblər. Məqsəd yol hərəkət qaydaları haqqında məlumat vermək olub.

Məşğələdə yolu keçmə qaydaları, yol nişanları, yolun nizamlanması, yol hərəkət qaydalarına necə əməl olunması,  piyada keçidləri və s. barədə geniş məlumat verilib.

Müxbirimizin suallarını cavablandıran Tahir Qarayev bildirib ki,  hər il olduğu kimi bu il də yeni tədris ilinin başlanması ilə əlaqədar sentyabr ayının 10-dan oktyabrın 10-na kimi “Diqqət, uşaqlar!” devizi altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir: “Statistikaya görə, cari ilin 8 ayı ərzində respublika ərazisində 34 nəfər şagird yol qəzasının qurbanı olub, 119 məktəbli isə xəsarət alıb. Bütün bunları nəzərə alaraq, Daxili İşlər Nazirliyi və Təhsil Nazirliyi birgə tədbirlər planını həyata keçirir. Mütəmadi olaraq ümumtəhsil məktəblərində görüşlər keçiririk. Şagirdlərə  nəqliyyat vasitələrinin az olduğu yollardan keçməyi tövsiyə edirik”.

Şərhlər bağlıdır.