QHT

“Müharibənin informasiya cəbhəsi: mövcud durum və perspektiv vəzifələr”

“Ruh” Jurnalistlərin Müdafiəsi İB Şəmkirdə bu mövzuda “dəyirmi masa” keçirib

Sentyabrın 29-da Şəmkirdə “Müharibənin informasiya cəbhəsi: mövcud durum və perspektiv vəzifələr” mövzusunda “dəyirmi masa” təşkil olunub. Tədbir “Ruh” Jurnalistlərin Müdafiəsi ictimai birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirdiyi “İnformasiya müharibəsi şəraitində cəmiyyətin sağlam mənəvi-psixoloji hazırlığına dəstək” layihəsi çərçivəsində keçirilib.

Toplantını giriş sözü ilə Şəmkir Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin sektor müdiri Ruhid Hacıyev açıb. O bildirib ki, Azərbaycanda ictimai həyatın ən müxtəlif sahələrində fəaliyyət göstərən birliklər var. Bu təşkilatlar dövlət tərəfindən elan edilən müsabiqələrə öz layihələrini təqdim edərək vətəndaş cəmiyyəti quruculuğuna mühüm töhfə verirlər, eyni zamanda ölkə üçün əhəmiyyət daşıyan məsələlərə diqqət yönəldirlər. Bu gün Şəmkirdə keçirilən tədbir də eyni məqsədə xidmət edir. Belə məqsədlərdən biri də əhalini informasiya müharibəsinin şərtlərinə hazırlamaqdır. İnformasiya resurslarının sayının artığı, ümumən informasiyanın qlobal əhəmiyyət daşıdığı hazırkı dövrdə bu missiya olduqca vacibdir. “Ruh” Jurnalistlərin Müdafiəsi ictimai birliyi də mövcud amili nəzərə alaraq “Müharibənin informasiya cəbhəsi: mövcud durum və perspektiv vəzifələr” mövzusunda növbəti tədbirini keçirir.

“Ruh” Jurnalistlərin Müdafiəsi ictimai birliyinin sədri, “İnformasiya müharibəsi şəraitində cəmiyyətin sağlam mənəvi-psixoloji hazırlığına dəstək” layihəsinin koordinatoru Əvəz Rüstəmov çıxışına layihənin məqsəd və vəzifələri barədə məlumat verməklə başlayıb. O bildirib ki, yaşadığımız dövrdə onlayn medianın və sosial şəbəkələrin rolu artıb. Azərbaycanda təkcə facebook sosial şəbəkəsindən istifadə edənlərin sayı 1 milyonu nəfəri ötüb. Bu statistika ölkədə həm də vətəndaş jurnalistikasının inkişafı deməkdir. Ancaq vətəndaşların, həmçinin ayrı-ayrı media orqanlarının daşıdıqları missiya eyni zamanda informasiya müharibəsinin şərtlərinə adekvat olmalıdır. Çünki ölkəmiz müharibə şəraitindədir. Müasir dövrdə isə müharibə özünün üsul və vasitələrini dəyişib. “Ruh” Jurnalistlərin Müdafiəsi ictimai birliyi reallaşdırdığı bu layihə ilə onu hədəf seçib ki, geniş ictimaiyyət informasiya müharibəsi şəraitində medianın və sosial şəbəkələrin fəaliyyət xüsusiyyətlərinə, yerinə yetirdiyi missiyaya dair ətraflı məlumatlı olsun. 2014-cü ilin avqustunda cəbhə xəttində atəşkəsin geniş miqyaslı pozulması faktı, istər ondan sonra yaşananlar, istərsə də 2016-cü il aprelin ilk həftəsində davam edən iri miqyaslı silahlı qarşıdurma belə bir məlumatlılığın əhəmiyyətini təsdiqlədi. Cəbhə xəttində gərginliyin yaşandığı dövrdə ictimaiyyət müxtəlif məqsədlər üçün manipulyasiyalara yol verildiyinin şahidi oldu. Bu kimi hallar informasiya təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirməsini aktuallaşdırır. “Layihəmiz də bunun təmin edilməsinə dəstək məqsədi daşıyır. Şəmkirdə keçirdiyimiz toplantı ikinci tədbirimizdir. Daha iki rayonda bu sayaq toplantıların təşkilini planlaşdırırıq, – deyə o vurğulayıb.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri, “İnformasiya müharibəsi şəraitində cəmiyyətin sağlam mənəvi-psixoloji hazırlığına dəstək” layihəsinin eksperti Seymur Verdizadə bildirib ki, kütləvi informasiya vasitələrinin bir çoxunun internet üzərindən yayımlandığı hazırkı dövrdə yalnız müsbət deyil, mənfi meyllər də nəzərə çarpmaqdadır. Amma bəzən neqativ meyllər daha çox nəzərə çarpır və ictimai maraqlara meydan oxuyur. 2014-cü ilin avqustunda, eləcə də 2016-cı ilin aprelində cəmiyyət bunun şahidinə çevrildi. Elə hallar oldu ki, vətəndaşlarımız yanlış məlumatlarla baş-başa qaldı. Əlbəttə, belə durumlarda dövlət qurumları daha çevik fəaliyyət göstərməlidirlər. Bununla yanaşı ictimaiyyət də neqativ təmayüllərə münasibətdə sərt reaksiya ortaya qoymalıdır. “Ruh” Jurnalistlərin Müdafiəsi İB-nin layihəsi də bunu prioritet seçir. S.Verdizadə çıxışında həmçinin cəmiyyətin informasiya müharibəsinə hazırlığının müxtəlif aspektləri ilə bağlı istər yerli, istərsə də beynəlxalq təcrübədə meydana çıxan cəhətlərə diqqət yetirib.

Tədbirdə çıxış edənlər müzakirənin əhəmiyyətini vurğulayaraq milli təhlükəsizliyimizin vacib elementi olan informasiya təhlükəsizliyi sahəsində görülən tədbirlərə ictimai dəstək göstərilməsinin zəruriliyindən söhbət açıblar. Mövcud xüsusdakı bir sıra məqamlar ətrafında aktiv müzakirələr aparılıb.

Daha çox

Oxşar yazılar

Close