Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İcra başçısının müavini

Müsahibimiz Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini, şəhər təsərrüfatı şöbəsinin müdiri Məhluqə Əbil qızı Cavadovadır. Bu sadə insanın sadə  ömürlüyü var. Mingəçevirdə doğulub, bu şəhərdəki  9 və 10 saylı məktəblərdə orta təhsilini alıb. Saratov Politexnik İnstitutunu mühənsis-mexanik ixtisası üzrə  bitirib. Gəncliyi SSRİ dağılan dövrə təsadüf etdiyindən ixtisası üzrə iş tapa bilməyib.  Uzun illər Mingəçevir Statistika İdarəsində və  şəhər Bələdiyyəsində informasiya texnologiyaları üzrə mütəxəssis kimi çalışıb. 2007-ci ildə İcra Hakimiyytinə dəvət olunub. Bir neçə il məsləhətçi, informasiya sektorunun müdiri vəzifələrində işləyib. 2013-cü ilin dekabrında İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı məsələləri üzrə  müavini vəzifəsinə irəli çəkilib.

-Məhluqə xanım, qadın məmur kimi kommunal sahədə özünüzü necə hiss edirsiniz?

-Mənim əvvəllər bu sahə ilə heç bir yaxınlığım olmayıb. Bura gələnə qədər tamamilə uzaq bir sahənin mütəxəssisi idim Ancaq mənə etimad göstərdilər.  Bu gün başqalarına sübut etməyə çalışıram ki, kommunal sahəyə rəhbərlik  təkcə kişilərə aid deyil. Etinad göstərilibsə, deməli, dəridən-qabıqdan çıxıb doğrultmalısan. Həm də əhaliyə xeyrim dəydiyi üçün işimdən zövq alıram.

-Sizin fikrinizcə, qadın gücünü artırmaq, onu mətbəxdən çıxarmaq üçün nə etmək lazımdır? Yəni hansı işləri görmək lazımdır ki,  qadın daha çox ictimaiyyətcil olsun.

-Qadını məcburən mətbəxdən çıxarmaq lazım deyil. Əgər onda istək, qabiliyyət varsa, o, özü çıxacaq. Qadın özü seçim etməlidir: onun üçün mətbəx  sərfəlidir, yoxsa iş, ictimai həyat?

-Qadın var ki, hər ikisini istəyir. Onda necə olsun?

-Əgər ailədə dialoq, anlaşma varsa, burda problem yaşanmayacaq. Şəxsən mənim ailəm desə ki, işini qoy, gəl otur evdə, mən bunu bacarmaram. Yəni insan özünə  elə adam seçməlidir ki, dünyagörüşü ona uyğun gəlsin. İnanmıram ki, intellekti olan qadın və kişi bir-biri ilə dil tapa bilməsin.

-Bir çox qızlarımız təhsil almamışdan ailə həyatı qururlar. Bəzən valideynlər “qız yükü, duz yükü” deyərək, qızlarından canlarını tez qurtarmaq istəyirlər.

-Mənim zənnimcə həm qadınlar, həm də kişilər mütləq  təhsil almalıdırlar. İnsanın intellekti, dünyagörüşü olmalıdır. Yalnız evlənmək,  ərə getmək xatirinə ailə qurmaq olmaz. Savadsiz qadın ailədə nə kimi rol oynaya bilər? Ailədə qadın daha savadlı olmalıdır. Çünki uşağın tərbiyəsi ilə əsasən ana məşğul olur. Qadın hərtərəfli olarsa, bu, onun övladına da təsir edəcək. Söhbət  təkcə ali təhsil almaqdan getmir. Qadın var ki, normaı orta təhsil alıb və daha yaxşı tərbiyə, təhsil verə bilir. Təəssüf ki, bizdə bir çoxları təhsili diplomla ölçür.  İnsan, qadın, ya kişi olsun, daim öz üzərində işləməli, yeniliyə can atmalıdır. Diplomlu adam tanıyıram ki, dünyagörüşü sıfırdır.

-Mingəçevirdə qadınların aktivliyini nə dərəcədə qiymətləndirirsiniz?

-Ən aktivi elə qadınlardır ki… İcra Hakimiyyətinə müraciət edən, tələblər irəli sürənlərin əksəriyyəti qadınlardır.  Zirzəmiyə su axır, qadınlar  zəng vurur, həyətdə ağacı kəsirlər, yenə etiraz üçün qabağa düşən qadınlar olur. Bəlkə də mənim  İcra Hakimiyyətində rəhbər vəzifədə olmağım qadınlar üçün əlverişli mühit yaradıb. Onlar daha rahatıqla bu binaya gəlib, dərd-sərlərini bölüşürlər.

-Siz başqa qadınların vəzifələrə irəli çəkilməsinə necə baxırsınız?

-Niyə də olmasın.

-Məsələn, məktəblərdə daha çox qadın çalışır, amma  orada direktorluq kişilərin öhdəsindədir.

-Mən məktəbdə kişi cinsinin nümayəndələrinin daha çox olmasına önəm verirəm. Kişi müəllimlərin olması vacibdir. Məktəbdə qadınların əksəriyyət  təşkil etməsi əsasən oğlanların tərbiyəsində mənfi təsir göstərir. Yəni mən kişi müəllimlərə daha çox üstünlük verərdim. Qadınlar daha çox yumşaq olurlar. Mən demirəm uşaqları cəzalandırmaq lazımdır. Uşağı döyməyin qəti əleyhinəyəm. Amma atanın, kişi müəllimin tərbiyəsi, rolu əvəzsizdir.

-Hər bir uğurlu kişinin arxasında qadın durur. Bu fikrə münasibətiniz?

-Qadın məsləhət  də verir, kişini ikinci-üçüncü dərəcəli işlərdən çəkindirir.  Diqqəti lazımi məsələyə yönəldir.  Xırda məsələləri özü həll edir ki, kişi bunun üçün vaxt itirməsin, fikirlərini bir yerə cəmləyə bilsin.

-Adətən deyirlər ki, kommunal sahə kişi işidir. Həm  də tərcümeyi-halınızla tanışlıqdan sonra öyrəndik ki, bu  sahədə nə təhsiliniz, nə də təcrübəniz olub.

-Mənim İcra Hakimiyyətində işlədiyim dövrdə kommunal sahə üzrə müəyyən anlayışlarım vardı. Məsələn, bilirdim ki, şəhərin istilik təchizatında kifayət qədər çətinliklər  yaşanır. Şəhərin mənzil fondunun problemlərindən  xəbərdar idim. Indi isə detallarına qədər bu işin içindəyəm. Problemin nədən yarandığını, çətinlikləri görürəm. Yəni işlədikcə bütün bunlarla qarşılaşıram. Yerdəki mütəxəssislərlə mütəmadi məsləhətləşirəm. Onların bilgiləri köməyimə çatır.  Məsələn, indi qəza baş verəndə hadisə yerinə gəlirəm, onun aradan qaldırılması yollarını yerində görürəm.

-Bir az əvvəl qeyd etdiniz ki, bu şəhərin bir nömrəli problemi istilik təchizatı ilə bağlıdır.

-İcra Hakimiyyəti müxtəlif dövlət qurumları qarşısında bu  məsələni dəfələrlə qaldırıb. 18 qazanxanamız bərbad vəziyyətdədir. İstilik təsərrüfatının balansında olan köhnə avadanlıqlar artıq istismara yararsızdır. Bunlar ancaq metal qırıntısı kimi harasa təhvil verilə bilər. İcra Hakimiyyəti hökumətə və Azəristiliyə müraciət göndərib ki, mənzildaxili avadanlıqlar da  dövlət vəsaiti hesabına quraşdırılsın. Lakin onlar məsələni belə qoyurlar: xərclər mənzilə qədər İstilik təsərrüfatının, mənzil daxilində isə ev sahibinin öhdəsinə düşür.

-Ümumiyyətlə, şəhərdə istilik nə yerdədir? Bununla bağlı Dövlət Proqramının icra vəziyyəti qənaətbəxşdirmi? Nə dərəcədə iş gedir? İnsanların bir sualı var: “Mənim mənzilim haçan qızdırılacaq?”

-Bu iş mərhələli qaydada aparılır. İcra Hakimiyyəti İstilik Təsərrüfatı İdarəsi ilə birgə tədbirlər müəyyənləşdirib. Bura  qazanxanaların hansı ardıcıllıqla yenidən qurulması daxildir.  Bizə verilən məlumata görə, bu ilin sonunadək 3 qazanxananın yenidən qurulması nəzərdə tutulub. Lakin dövlət vəsaitinin gecikməsi ilə əlaqədar bu işlər ləngiyir. Yəqin ki, Avropa Oyunlarından sonra bu sahədə tərpəniş olacaq.  Qazanxanaların qurulması, istilik xətlərinin çəkilməsi və s. Azəristilik  Təsərrüfatının öhdəsindədir.

-İnsanlar məsələ qaldırırlar: baxmayaraq ki, bizə təmiz su vermirlər, amma bizdən təmiz suyun pulunu alırlar. Məsələ bundadır ki. su təmizləyici qurğunun  tikintisi neçə ildir ki,  davam edir, nə vaxt başa çatacağı bilinmir. Kommunal sahəyə nəzarət edən müavin kimi bu məsələyə necə baxırsınız?

-Problem bundadır ki, elə sovetlər vaxtında da, ondan sonra da Mingəçevir əhalisinə təmiz su verilməyib. Biz də bu fikirdəyik ki, yaxşı olardı suyu təmizləyəydilər, sonra sayğacı qoyub, pulunu alaydılar.  Yəni camaat haqlıdır. İnsanlara təmiz su verilməlidir.  Eyni zamanda Azərsuyun da başladığı işlər yekunlaşmayıb. Yəni kanalizasiya xətləri bəzi məhəllələrə çəkilsə də, ümumi sistemə qoşulmayıb. Bu zaman həyətləri qazdılar, indi məhlələrin abadlaşdırılmasına ehtiyac var. Azərsu işini tam başa çatdırmadığına  görə həyətlərə asfalt  da döşəyə bilmirik. Çünki binaların yeni kanalizasiya sisteminə qoşulması açıq qalır.  Doğrudur, suyu binaların  zirzəmilərindən pilləkan qəfəsinə çıxarıblar.  Yəqin ki, bundan sonra zirzəmilər təmiz vəziyyətdə qalacaq. Nə gizlədək, bəzi zirzəmilər suyun içində idi, girmək olmurdu.  Demək olar ki, bütün kommunikasiya xətləri yerüstü aparılır.  Bunlar hardasa bizim xoşumuza gəlmir, çünki estetik cəhətdən pis təsir bağışlayır, amma çıxış yolu kimi bunu tapıblarsa, nə etməli? Həm də təhlükəsizlik məsələlərini unutmamalıyıq. Bəzən qaz sızmaları baş verir, yerltı olanda onu müəyyənləşdirmək çətin olur.

-Vaxtilə Mingəçevirin küçələrini hər gün sulayırdılar. Bu gün necə, onu eləmək mümkünmü?

-Mənim uşaqlıq yaddaşıma da belə epizodlar köçüb.  Keçən il kanalizasiya xəttinin çəkilişi ilə əlaqədar şəhərimiz həddindən artıq tozlanmışdı. Təəssüf ki, kanalizasiya çəkilişi hələ başa çatmayıb. Amma Kürə yaxın ərazidə xeyli iş görülüb, xüsusən evlərə yeni xətdən suyun verilişi təmin olunub. Məqsəd budur ki, Kür çayına kanalizasiya sularının axıdılmasının qarşısı  birmənalı şəkildə alınsın. Məlumat üçün deyim ki, şəhərin 21 nöqtəsindən Kür çayına tullantı-kanalizasiya suları axıdılır. Sahil boyu yerləşən obyektlərə artıq göstəriş verilib ki, kanalizasiya xətlərinin istiqamətini dəyişsinlər. Onlar öz vəsaitləri hesabına xətlərini şəhərin kanalizasiya sisteminə birləşdirməlidirlər. Su kanal idarəsinə tapşırıq verilib ki, bunu etməyəcəkləri təqdirdə onlara su verilişini dayandırsın. Yəqin ki, Kür çayını çirkləndirənlərə  qarşı müəyyən cərimə sanksiyaları da tətbiq olunacaq. Yeri gəlmişkən, iyun ayında biz həmin sularda beynəlxalq yarış keçirməyə hazırlaşırıq.

-Şəhərin içərisində də sel-sudan mühafizə xətlərinin vəziyyəti ürək açan deyil.

-Sel-su mühafizə kanalının təmizlənməsi istiqamətində də mütəmadi  iş  gedir. Biz ekskavatorlar almışıq və onlar hər gün kanalın təmizlənməsi ilə məşğuldur. Problem şəhərin içində olan  mühəndis-kommunikasiya xətləri ilə bağlıdır. Müəyyən yerlərdə yağış sularını axıdan kanallara kanalizasiya xətləri də qoşulub. Obyektlər, ət dükanları, maşın yuma məntəqələri bütün tullantılarını bu xəttə axıdırlar. Əşya bazarının qarşısında kanalizasiya ona görə tez-tez dolur ki, burada  balıq və toyuq təmizləmək, ət kəsmək adi hal alıb. Əslində həmin tullantıların ayrıca xətti olmalıdır. Kəsgi ilə bağlı məsələ əvvəllər bir neçə dəfə qaldırılsa da , hələ ki həllini tapmayıb. Ümumiyytlə, kəsgi şəhərin içərisindən çıxarılmalıdır. Biz avropalıları bura dəvət edirik və onların gözü qabağında, küçədə mal kəsiriksə, buna nə ad verəcəklər? Yaxud kiçik yaşlı uşaqların güzü qarşısında kəsgini həyata keçirmək hansı məntiqə uyğundur? Əslində bu, sözün kobud mənasında vəhşilik əlamətidir.

-Bununla bağlı İH-nin müəyyən tədbirləri, planları varmı?

-Bu, həm məmur kimi, həm də bir vətəndaş kimi məni ciddi narahat edir.  Yəni kəsgi kənarda həyata keçirilməlidir, sonra şəhərin içərisindəki mağazalara paylana bilər. Nəticədə şəhərin içini, kanalizasiyasını zibilləməkdən qurtara bilərik. Heyvanı kəsərkən onun səsi də insanları narahat edir.

-Bu gün Mingəçevirin kommunal problemlərini hansı ardıcıllıqla sadalaya bilərsiniz?

-Bir nömrəli problem istiliklə bağlıdır. Su-kanalizasiya qurğularının yenilənmsi istiqamətində iş gedir. İçməli su xətlərinin 75%-i artıq dəyişdirilib. Çirkab su təmizləyici qurğunun tikintisinə başlanıb. Eyni zamanda yaxın vaxtda mənzillərə veriləbn suyun tam təmizlənməsi də həyata keçiriləcək.  Bir məsələ qaranlıq qalıb:  yaşıllıqların suvarılması.

Bir var içməli su, bir də var suvarma suyu. 90-cı illərə qədər ayrıca təsərrüfat suları mövcud idi, lakin sonradan onlar ləğv olundu və hazırda yoxdur. Bununla bağlı vətəndaşların ciddi narahatlığı var. Xüsusən bağ torpaqlarında yaşayanların.

Biz Nazirlər Kabineti qarşısında  məsələ qaldırmışıq. Bu işə millət vəkilimiz də qoşulub. Bizə cavab verirlər ki, meliorasiya idarəsinin xəttilə bu məsələnin  həlli mümkündür. Bizdə isə suvarma sistemi ilə məşğul olan struktur heç zaman olmayıb. Hələlik məsələ açıq qalır.

-Belə olan şəraitdə şəhər daxilindəki yaşıllıqların suvarılması necə həyata keçiriləcək?

-Azərsudan deyirlər ki, onlar ancaq içməli su verirlər. Yəni onlar üçün fərq etmir ki, biz bu sudan içmək, ya da ağac suvarmaq məqsədilə istifadə edirik. Əslində suvarılma üçün suyun içməli su qiymətinə verilməsi düzgün deyil. Bu, şəhərin ciddi problemidir, həlini tapmalıdır.

-Vaxtilə şəhərin içərisində bulaqlar var idi. İnsanlar yol keçəndə, susuyanda o karlarına gəlirdi…

-Azərsu həmin bulaqlara da sayğac qoyulandan sonra su verə biləcəyini deyir. Əgər vətəndaş sayğac qoyduracaqsa, onda pulu da o ödəməli olacaq. Digər tərəfdən, vətəndaşlar bu bulaqlara etinasız yanaşır. Mərkəzi bazarın qarşısında bir bulaq vardı. Amma o, çox antisanitar vəziyyətdə saxlanılırdı. Sürücülər gəlib orada maşınlaını yuyurdular. Yoldan ötənlər ayaqqabılarını yuyurdu. Çıxış you kimi məcbur olursan onu ləğv etməyə. Əşya bazarının qarşısındakı bulaqda insanlar kranı belə bağlamır, həmişə açıq qoyurdular. Su bütün günü küçəyə axırdı. Yəni şəhərdə sudan o qədər bol olmuşuq ki, onun qədrini bilməmişik. Gəncədə, Bakıda həmişə su qıtlığı olub, buna görə də insanlar qənaət etməkdə maraqlıdırlar. Mingəçevirdə isə belə deyildi.

Şəhərin strukturu elədir ki, qrunt suları üzdədir. Digər tərəfdən, insanlar suyu hara gəldi axıdıblar. 3-5 metr qazırsan, su çıxır. Mən sayğacın qoyulmasının ona görə tərəfdarıyam ki, vətəndaş artıq suyun qədrini biləcək.

-Lakin bu vəziyyət şəhərdə yaşıllıqların azalmasına gətirib çıxara bilər.

-Biz son vaxtlar çoxlu ağac əkmişik . Əgər hardasa su kranı yoxdursa, maşınla daşımaqla belə onları suvarasıyıq. Təbii ki, bu, əlavə xərc yaradır. Biz Gəncə şosesində damla üsulu ilə suvarılmanı həyata keçiririk.

-Şəhərdə qazlaşma nə vəziyyətdədir?

-Mingəçevirdə şəhərin 96%-i qazlaşdırılıb. Bəzən insanlar şəhərdən kənarda fərdi mənzil tikintisi üçün torpaq sahəsi götürürlər. Az sonra tələb edirlər ki, oraya qaz xətti çəkilsin. Bir sıra hallarda həmin sahəyə yeni xəttin çəkilişi iqtisadi cəhətdən səmərəli olmur. Əvvəllər bələdiyyə qərarlarında belə bir müddəa var idi ki, kommunikasiya xətlərinin çəkilişi vətəndaşın şəxsi vəsaiti hesabına aparıla bilər. Buna baxmayaraq, vətəndaşlar İH-nə gəlirlər ki,  qazı, suyu, işığı yoxdur, kömək edin. Əslində isə kimsə mövcud  kommunikasiyalardan xeyli uzaq yerdə könüllü olaraq ev tikirsə,  xərcləri də özü çəkməlidir. Biz vətəndaşlrın sosial vəziyyətini başa düşürük, çalışırıq ki, köməyimizi əsirgəməyək. Yəni yaşayış massivi olacağı təqdirdə xidmət təşkilatı əraziyə su, qaz, və s. çəkməkdə maraqlıdır. Amma bir nəfər üçün vəsait ayırmaq sərf eləmir axı…

-Enerji xətlərinin dəyişdirilməsi ilə bağlı son vaxtlar mütəmadi olaraq fasilələrə yol verilir. Bu iş nə qədər davam edəcək? Binaların dam örtüklərinin yenilənməsi də həllini gözləyən məsələlərdəndir. Xüsusən sonuncu mərtəbələrdə yaşayanlar bununla bağlı narahatlıqlarını bildirir, hətta müxtəlif instansiyalara şikayətlər göndərirlər.

-Şəhər karxanasından başlayaraq yüksək gərginlikli xətlərin bir hissəsi axmazların ərazisinə düşür. Xətlərin əksəriyyəti qəzalı vəziyyətdədir. 50-60-cı illərdən çəkilib. İcra Hakimiyyəti məsələni dəfələrlə qaldırıb. Sonradan Avropa Oyunlarının bir hissəsinin Mingəçevirə salınması məsələni yenidən gündəmə gətirdi. Tələb budur ki, şəhər fasiləsiz və davamlı enerji ilə təchiz olunmalıdır.  Bununla bağlı Azərenerji özü layihə hazırlayıb  və xətlərin yenidən qurulmasına başlayıb. Dirəyin üzərində həm əsas xətt olacaq, həm də ehtiyat xətt. İyun ayına çox az vaxt qalıb. Məcburuq köhnə və yararsız xətləri açdırıb, yenisi ilə əvəz edək.  O ki qaldı binaların dam örtüyünüün təzələnməsinə, hazırda bu sahədə də ciddi işlər aparılır. Mənzil Kommunal və Abadlaşdırma Müəssisəsinin mütəxəssisləri vəziyyəti yerində araşdırıb, bizə təkliflər hazırlayırlar. Doğrudur, yaxın vaxtda bütün binaların fasadını və dam örtüyünü dəyişmək imkanlarımız xaricindədir, amma iş dayanmır.

-Nəhayət, sonuncu sualımız: sizin tabeliyinizdə olanların əksəriyyəti kişilərdir. Onlarla dil tapmaqda çətinlik çəkmirsiniz ki?

-Mənim şöbəmin əməkdaşları da, yerlərdə  kommunal sahələrə rəhbərlik edənlər də kişilərdir. Işini düzgün qurmağı bacaranda hamı səninlə hesablaşır. Mən onlara qulaq asıram, elə çıxış yolunu da onların fikirlərində axtarıram. Pis alınmır. Əsası odur ki, dil tapırıq.

Şərhlər bağlıdır.