Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Ailən sənə dərs keçməsə, həyatdan böyük şapalaqlar alacaqsan”

Müsahibimiz ispan dili müəllimi Albert Espinal Valverde Kataloniyadandır. 31 yaşı var. Barselona Dövlət Universitetində tarix ixtisası üzrə bakalavr və magistr, eyni zamanda  ispan dilinin tədrisi üzrə magistr  təhsili alıb. Bir müddətdir Azərbaycandadır. Məqsədi həm Azərbaycan, həm də rus dillərini öyrənmək, eyni zamanda azərbaycanılılara ispan dilini öyrətməkdir. Biz onunla Mingəçevirə səfəri zamanı   Azərbaycan-İberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanovun tərçüməçiliyi ilə ünsiyyət yarada bildik.

Albert Espinal Valverde və tərçüməçi Mahir Qurbanov

-Azərbaycan dilini öyrənmək həvəsi necə yarandı?

-Mən Bakıda bir neçə dəfə olmuşam. İlk səyahətdən burada özümü evimdəki kimi hiss etmişəm. Ölkənizə, xalqınıza və mədəniyyətinizə çox böyük hörmətim var və Azərbaycan dilini dünyanın vacib dillərindən biri hesab edirəm.

-Azərbaycana gəlişinizdən məmnunsunuzmu? Və burda ispan dilini öyrənmək istəyənlər çoxdurmu?

– Bu, mənim Azərbaycana beşinci gəlişimdir. Mən müstəqil şəxsəm, özəl mərkəzdə çalışıram, eyni zamanda internet üzərindən onlayn dərslər verirəm. Hər dəfə yerlilərlə ünsiyyətdə olarkən eşidirdim ki, onlar ispan dilini öyrənməkdə maraqlıdırlar. Eyni zamanda Azərbaycanda ispan dilində danışan insanlarla da qarşılaşmışam.

-Bu maraq hara gedir – İspaniyaya təhsil almağa, ya iş qurmağa?

– Adətən alman və ingilis dillərini öyrənənlərin əksəriyyyətinin Almaniya, İngiltərə və ABŞ-a getmək məqsədi olur. Amma ispan dili ilə bağlı vəziyyət bir qədər fərqlidir. Azərbaycanlılar bu dili ispan musiqisi, mədəniyyəti və mətbəxinə maraq göstərdikləri üçün öyrənirlər. Yeri gəlmişkən, vurğulamaq istəyirəm ki, azərbaycanlılar çox bacarıqlıdırlar, müxtəlif dilləri, o cümlədən ispan dilini tez və rahat öyrənə bilirlər. Bu adamların bir hissəsi İspaniyada təhsil almaq istəyir. Amma sadəcə maraq üçün öyrənənlər də az deyil.

-Sizi görünüşünüzə görə azərbaycanlılara bənzədərdim. Ümumiyyətlə, İspaniya və Azərbaycan arasında oxşar və fərqli cəhətləri nədə görürsünüz?

-Oxşar cəhətlərdən biri odur ki, hər iki xalqda ailə üzvləri birlikdə yemək masasına toplaşmağı xoşlayırlar. Və yemək bitəndən sonra süfrə ətrafında bir neçə saat söhbət edirlər. Bu səbəbdən yemək saatlarla davam edə bilər.

Maraqlı bir əhvalatı sizə danışım. İspanlar da qonaqpərvərdir. Biz insanı bir müddət tanıyandan sonra evimizə dəvət edirik. Burda isə bir qədər fərqlidir. İkinci, üçüncü görüşdən sonra məni evlərinə dəvət etdilər. Yəni azərbaycanlılar həqiqətən çox qonaqpərvərdirlər. Buna baxmayaraq, mən xeyli narahat oldum ki, 2-3 görüşə məni tam tanıya bildilərmi?

Həqiqətən mən azərbaycanlılara çox oxşayıram. Bəzən yaxınlaşıb, nə isə deyirlər. Bir dəfə Bakıda iki xanım məndən hansısa küçəyə neçə gedə biləcəklərini soruşdu.  Onlara dedim ki, ingiliscə danışa bilirsinizmi? Dedilər, bəli. Bundan sonra onlara yolu başa saldım. Onda təəccübləndilər ki, mən başqa millətin nümayəndəsi olduğum halda bu küçələri necə də yaxşı tanıyıram.

“KÜR ” Olimpiya Təlim İdman Mərkəzinin “Qüllə” restoranında

-İnsanın formalaşmasında qidanın mühüm əhəmiyyəti var. Məsələn, mən ABŞ-da olanda bir müddət onların yeməklərini yeyə bilmədim. Bəs siz Azərbaycan mətbəxinə necə öyrəşdiniz?

-Mən ispan mətbəxi üçün çox darıxmamışam, çünki Azərbaycan yeməkləri mənim çox xoşuma gəlir. Bircə qarın qutabını yeyə bilmirəm. Toyuq, düyü və meyvələr hər iki xalqın mətbəxində üstünlük təşkil edir.

-Adətən azərbaycanlılar qışda xaş yeməyi xoşlayırlar.

-Bizdə də bu var, sadəcə adı iç-çalat şorbası adlanır. Bu, əsasən Madrid mətbəxinə xasdır.

-Mədəniyyət insanları yaxınlaşdırır. Bizim mədəniyyət və incəsənət nə dərəcədə sizi özünə çəkir?

-Bəzi muzeylərə getmişəm. Məsələn, Azneft və Bayraq meydanlarının yanındakı muzeylərdə olmuşam. Natəvan, Üzeyir Hacıbəyov, Rəşid Behbudov, Səməd Vurğun  kimi korifey sənətkarları tanıyıram.

-Bəzi insanlar gileylənirlər ki, xərcləri gəlirlərini üstələyir. Bəs sizdə necədir? Normal qazana biirsinizmi?

-İlk dəfədir ki, valideynlərimdən ayrılıqda uzun müddətə tək yaşayıram. Hələ ki, qazancım yaşamaq üçün məni qane edir. Mən ilk dəfə Barselonadan gələndə burda da ordakı kimi xərcləyirdim.  Sonra gördüm ki, belə yaramır. Xərclərimə qənaət etməyə başladım. Məsələn, əvvəllər hər dəfə kafedə yeyirdim, bu, azı 8 manata başa gəlirdi. Sadəcə bir qəhvə içməyə 4 manat verirdim. İndi isə səhər tezdən durub, özümə evdə südlə kofe hazırlayıram.

-İspaniyada gec evlənmə nə ilə bağlıdır: gənclərin karyera qurmaq , öz ayaqları üstə durmaq istəyiləmi?

– Adətən İspaniyada insanlar 30-35 yaşına qədər öz valideynləri ilə yaşayırlar. Bu gün İspaniya Avropa Birliyində ən gec ailə quran ölkələr sırasındadır, üstəlik doğum faizi də aşağıdır. 80-ci illərdə bizim ölkədə ailə qurmaq asan idi. Çünki məvaciblər yaxşı idi. İndi insanlar iqtisadi stabillik axtarırlar. Mənim tələbə yoldaşlarım var. Onlardan soruşanda ki, nə vaxt ailə quracaqlar, əvvəllər uzağı 27 yaş üzərində dayanırdılar. Amma hazırda yaşları 30-u keçib, tərpənmirlər. Deyirlər ki, iqtisadi stabillikləri olmadığından sıxıntı çəkirlər.

Azərbaycanda maaşlar azdır, amma xərclər də yüksək deyil. Məsələn, ev kirayəsini ödəmək rahatdır. Amma Madriddə və Barselonada qazanc kirayəni qarşılamağa uyğun gəlmir. Çünki kirayələr çox bahadlr.

-Gənc kişilər təhsilli, yoxsa təhsilsiz xanımlarla ailə qurmağa maraq göstərirlər? Məsələn, siz özünüz bu seçimi necə etməyi  düşünürsünüz?

-31 yaşım var, hələ subayam. Mənim  üçün xanımın təhsil alıb-almasının, yaxud hansı peşədə çalışmasının fərqi yoxdur. Sadəcə istərdim ki, intellektual insan olsun. Onunla ciddi söhbətlər, polemika apara bilim. Yəni bütün günü oturub yalnız teleseriallara baxan, evdən kənarda, dünyada baş verənləri bilməyən xanımla yaşamaq çətin olardı.

-İspaniyada qarışıq nikahlara necə baxırlar? Tutaq ki, siz Azərbaycanda yerli xanımla tanış olub, evlənmək istədiniz. Ailəniz kənardan gələn bu xanımı qəbul edəcəkmi?

-Burda heç bir problem yoxdur. Valideynlər sadəcə övladlarının xoşbəxt olmasını istəyirlər. Yəni milliyyətin və hətta yaşın da fərqi yoxdur.

Albert Espinal Valverde Mingəçevir Media Mərkəzinin də qonağı oldu

-Bir neçə gündür ki, Mingəçevirdəsiniz. Bu şəhər xoşunuza gəlirmi? Burda yaşamağa dəyərmi?

-Burda yaşamağa 4 səbəb var. Birincisi, şəhər kimi bütün şərait mövcuddur. Barselonaya, Bakıya baxanda bu şəhər çox sakitdir. Bu, ikinci səbəb. Üçüncü səbəb budur ki, çox yaşıllığı, gözəl təbiəti var, özünü çox rahat hiss edirsən. Həm də insanlarınızı gülərüz, xoşbəxt görürəm. Yollar da təmizdir. Bu da dördüncü səbəbdir.

-Bu gün dünyanın hər yerində kənddən şəhərə, eyni zamanda xaricə miqrasiya sürətlə gedir. Xeyli işsiz gənclər var ki, müstəqil işlərini qura bilmirlər, sadəcə dövlətin əlinə baxırlar. Onlara nə məsləhət verərdiniz?

– Təəssüf ki, İspaniyada da kiçik şəhərlər və kəndlər itir. Çünki insanlar get-gedə böyük şəhərlərə gələrək, orada məskunlaşırlar. Hazırda Avropanın dörd ölkəsində – İtaliya, Portuqaliya, İspaniya və Yunanıstanda 18-dən 35 yaşadək gənclərin 50%-i işsizdir. Yəni mən də iş sıxıntısı olan ölkədən gəlmişəm. Sadəcə gənclərə demək istəyirəm ki. sırf olaraq tanınmış dilləri: çin, ispan, alman, fransız dillərini öyrənsələr, həyatda özlərini tapar, hətta kənddə oturub, onlayn formada bu dilləri başqalarına öyrətməklə yaxşı pul qazana bilərlər. İstəsəniz, hətta müəllimlərin köməyi olmadan internet proqramları vasitəsilə də bu və ya digər vərdişləri qazanmaq imkanınız var. Yəni indi böyük şəhərlərə getməyə ehtiyac yoxdur.  Siz kiçik şəhərdə, kənddə yaşayıb, internet üzərindən böyük şəhərdə işləyə bilərsiniz. Bu zaman qazancınız çox, xərciniz isə az olacaq.

-Adətən universitet bitirənin dərhal təcrübəsi olmur. Şirkətlər də təcrübəsiz insanı işə götürmək istəmirlər.   

-2012-ci ildə magistraturanı bitirəndə çətin vəziyyətə düşdüm. Nə etməli? Xoşum gəlməyən bir işə başlayası oldum. Saata mənə 6 avro ödəyirdilər. Barselonada 1 saata 6 avro çox pis qazancdır. Üstəlik şənbə və bazar günləri də işləməliydim. Buna görə isə adi qaydada pul ödəyirdilər. Dərs alanda deyirdilər ki, gələcəkdə heç bir sıxıntınız olmayacaq. Amma işə başlayanda gördüm ki, elə deyil. Həyat sıxıntılarla doludur. Dünyada yaxşı insanlar, yaxşı işlər var. Amma bu o demək deyil ki, hər şey gözəldir.

İspanyada da universitet məzunundan iş təcrübəsi tələb edirlər. Birinci iş təcrübəsini isə heç kim heç kəsə vermək istəmir. 2016-cı ildə Barselonada muzeydə bir iş tapdım. Saata 8 avro pul ödəyəcəkdilər, lakin belə bir şərt var idi ki, koreya, yaxud rus dilini  ana dili səviyyəsində bilməlisən. İş olmadığına görə gəlib həmin pula işləyən insan tapılacaq. O işləyib yorulacaq, yerinə yenisi də gələcək. Çünki iş yoxdur, hamı işləmək istəyir. Şirkətlər də bilirlər ki, bakalavr və magistr pilləsini bitirən işsiz gənclər çoxdur, buna görə də istədikləri şərtləri qoyurlar. Kimlərsə də məcburiyyət üzündən işləməyə məcbur olur.

Valideyn iki məsələni öz övladına öyrətməlidir: necə əziyyət çəkməyi və qazandığını necə qorumağı. Yəni ailən sənə dərs keçməsə, həyatdan böyük şapalaqlar alacaqsan. İnsan səbirlə. addım-addım irəli getməlidir.

Şərhlər bağlıdır.