Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Hər bir şagird qalibdir

225

Respublikanın bütün regionlarında Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər kecirilir. Bu günlərdə Mingəçevirdəki Texniki-humanitar Liseydə isə mükafatlandırma mərasimi baş tutub. 2014-2015-ci tədris ilində müəllim və şagird kollektivinin təhsildəki uğurları yada salınıb və fərqlənənlərə diplomlar, hədiyyələr təqdim olunub.
Liseyin direktoru Nailə Məmmədova deyib ki, ilk dəfə olaraq bu təhsil ocağında olimpiadalar hərəkatına start verilib: “Biz “Yaxşıların yaxşısı” devizi altında texniki və humanitar fənlər üzrə bilik yarışmaları təşkil etdik. Məqsədimiz gələcəkdə fənn olimpiadalarında liseyi təmsil edəcək şagirdlər yetişdirmək, o şagirdlərlə işləyəcək müəllim komandası hazırlamaqdır. Nəzərdə tutulan ilk iş uğurlu alındı. 2-ci turda iştirak edən şagirdlər 50 baldan yüksək toplayaraq 2-ci tura vəsiqə aldılar, etimadı doğrultdular. Bu il fənn olimpiadalarında şagirdlərimiz şəhər və zona turlarında fərqləniblər. Məlumat üçün deyim ki, Azərbaycanda fənnlər üzrə beynəlxalq olimpiada keçirilməsi planlaşdırılır. Bu olimpiada öncəsi şagirdlərimiz öz güclərini sınadılar”.
Sonra qaliblərin mükafatlandırılmasına başlanıldı. Aparıcı bildirdi ki, biologiya fənni üzrə Elgün Məmmədov fənn olimpiadasının respublika turunun 3-cüsü olub. Elgün 2014-2015-ci tədris ili üzrə liseydə “İlin şagirdi” elan olundu. Qonaq kimi məktəbə gələn tanınmış müstəqil jurnalist Seymur Verdizadə qalibə mükafatı təqdim etdi və tədbirə toplaşanlarla fikirlərini bölüşdü.
Bundan sonra “İlin müəllimi”, texniki və humanitar fənlər üzrə ən yaxşı şagird, fənlər üzrə 1.2.3-cü yerlərin qalibləri, layihə olimpiadalarında yer tutan şagirdlər, istedadların hazırlığı laboratoriyasında fərqlənənlər və digər nominasiyalar üzrə mükafatlar sahiblərinə verildi.
Mətbuat Şurasının əməkdaşı, “Ruh” Jurnalistləri Müdafiə Komitəsinin icraçı direktoru Əvəz Rüstəmov və “Mingəçevir işıqları” qəzetinin baş redaktoru, əməkdar jurnalist Fərman Nəbiyev də mükafatlandırma mərasiminə qatılıblar.

Şərhlər bağlıdır.