Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Vüsal Mahmudov: “Gənclər yeni imkanlar, öz bacarıqlarını, istedadlarını nümayiş etdirə bilmək üçün fürsət axtarır”

Suallaımızı Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyinin direktoru Vüsal Mahmudov cavablandırır.

Rəhbəri olduğunuz Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyi gənclərin şəxsi inkişafı və karyera həyatında uğur qazanması məqsədilə hansı işləri görür?

– Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyi olaraq 1 may 2021-ci il tarixindən fəaliyyət göstəririk. Fəaliyyət göstərdiyimiz müddət ərzində Mingəçevirdə yaşayan və təhsil alan gənclərin şəxsi inkişafı və karyerasında uğur qazanması məqsədilə bir çox layihə, təlim, seminar və görüşlər təşkil edib, intellektual cəhətdən güclü gənclər ordusunun formalaşması məqsədilə müxtəlif formatlarda intellektual yarışlar həyata keçirilib. Karyerasında uğur qazanan, müxtəlif sahələrdə fəaliyyət göstərən şəxslərin gənclərlə onlayn və əyani şəkildə görüşü ilə onlara daha çox motivasiya aşılayıb, öz hədəflərinə doğru inamla və əmin addımlarla çatmasına dəstək olunub. Bir ilə yaxın müddət ərzində 5000-ə yaxın gəncə çataraq onların həyatına yeni nəfəs gətirilib. Könüllü fəaliyyətin təşkili bizim üçün xüsusilə vacib istiqamətlərdən biridir. Könüllü fəaliyyətə cəlb olunan gənclər komandamızda olduqları müddət ərzində yeni bilik və bacarıqlara yiyələnməklə yanaşı, özləri də bu fəaliyyətlərin təşkilatçısı qismində çıxış edir, iş prosesini öyrənir və gələcəkdə komandamızda çalışmaq imkanı əldə edirlər. Bu məqsədlə həyata keçirilən “Gənc kadr” təcrübə proqramını nümunə göstərə bilərik.

Fəaliyyətlərimizin mərkəzində olan gənclərin fikir və istəkləri bizim üçün hər zaman önəmlidir. Buna görə mütəmadi olaraq gənclərlə müzakirə şəklində görüşlər təşkil edir, yeni fəaliyyətlərimizi onların istəklərinin üzərində qururuq.

Bugünkü gənclər nə istəyir və onların tələblərini qarşılamaq üçün hansı addımları atırsınız?

– Bugünkü gəncliyimiz müasir düşüncəli olduğu qədər Vətəninə, milli-mənəvi dəyərlərinə bağlılığı ilə seçilir. Gənclər yeni imkanlar, öz bacarıqlarını, istedadlarını nümayiş etdirə bilmək üçün fürsət axtarır. Onlar anlaşılmaq, dinlənilmək və fikirlərinə hörmət edilməsini istəyir. Biz gənclər üçün məhz bu imkanı yaradırıq. Onların istedadının aşkar olunması, inkişaf etdirilməsi və daha çox insan tərəfindən tanınması məqsədilə layihələr, müsabiqələr keçirib, özlərini ifadə etmək imkanı yaradırıq. BİL – “Birlik” İntellekt Liqası, sosial şəbəkələr üzərindən gənclərin intellket və biliklərini nümayiş etdirmək üçün təşkil edilən “Çoxbilmiş” rubrikası, onlara uğur qazanan, karyerasında yüksələn şəxslərlə görüş, seminar və təlimlərin təşkili gənclərə xüsusi motivasiya aşılayır, onları araşdırmağa və daha yaxşı öyrənməyə sövq edir.

Gənclər bizimlə olduqları müddət ərzində fikirlərinə önəm verdiyimizi görür, onlar üçün yaradılan imkanlardan maksimum şəkildə faydalanır. Dövlətin onlara verdiyi dəyərin fərqində olan gənclər milli ideologiyamızı mənimsəyib, güclü Azərbaycan naminə bütün imkanlarını səfərbər edir.

Dünyagörüşü, özünəməxsus tərzi ilə seçilən Azərbaycan gənclərinin ən vacib problemi nədir? Sizcə bu problemin həllinə nail olmaq üçün nə etmək lazımdır?

– Düşünürəm ki, bugünkü gənclər daha şanslıdır, onların asudə vaxtlarının səmərəli təşkili, bilik və bacarıqlarının təkmilləşdirilməsi, yeni bacarıqlar qazanmaları məqsədilə geniş imkanlar yaradılıb. Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) nümayəndəlikləri olaraq biz hazırda 55 regionda fəaliyyət göstəririk və gənclərin hərtərəfli inkişafının təmin olunması üçün mütəmadi olaraq birlikdə yeni ideyalar üzərində işləyirik. Bizim üstünlüyümüz komandamızın üzvlərinin gənc, yaradıcı, inkişafa meylli olmasıdır. Regionda yaşayan gənclərin ən böyük problemi işsizlikdir. Burada bir neçə faktor rol oynayır: gənclər təhsil alsalar da, öz biliklərini doğru istifadə etmək bacarıqlarına yiyələnmir, təcrübə əldə etmək üçün imkan qazana bilmirlər. Digər faktor isə gənclərin mövcud vakansiyalarla bağlı məlumatının olmamasıdır. Eyni zamanda onlar düzgün CV yazmaq, müsahibə mərhələsində özünü doğru ifadə etməkdə çətinlik çəkirlər.

Biz gənclərə təcrübə əldə etməkdə kömək edir, bu problemin aradan qaldırılmasında əlimizdən gələni etməyə çalışırıq. Həmçinin mövcud vakansiyalarla bağlı araşdırmalar edib gəncləri öz bilik və bacarıqlarına uyğun vakansiyalara yönləndiririk. Bütün bunlarla yanaşı, düzgün CV yazılışı, müsahibə zamanı ən çox edilən səhvlər və verilən suallarla bağlı onları məlumatlandırıb, iş həyatına hazırlayırıq. İnanıram ki, bizim bu sahədəki təcrübəmiz kifayət qədər uğurludur.

Gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların asudə vaxtlarının düzgün təşkili məqsədilə hansı işlər görülüb və qarşıda gəncləri nə kimi yeniliklər gözləyir?

– Azərbaycan gənclərinin vətənpərvər ruhda tərbiyəsi daim diqqət mərkəzindədir. Bu məqsədlə həyata keçirilən kütləvi tədbirlər gənclərdə Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə yönəldilib. İkinci Qarabağ müharibəsi zamanı gənclərimiz dünyanın hansı hissəsində yaşamasından asılı olmayaraq bir yumruq kimi birləşərək haqq səsimizi dünyaya çatdırmaq üçün səfərbər oldu. İstər döyüş meydanında, istərsə də sosial mediada gənclərin birliyinin şahidi olduq. Mən gənclərimizlə qürur duyur, onlara bu gün olduğu kimi bir olmağı, Vətəni sevməyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsini yaşatmağı, onların əmanətinə sahib çıxmağı tövsiyə edirəm. Bunun üçün “VətənimİZ”, “ZəfərimİZ” adlı layihələr keçirib, qəhrəmanlarımızı daha yaxından tanıtdırmağa çalışdıq. Düşünürəm ki, bu işin öhdəsindən uğurla gəldik.

Təbii ki, həyata keçirməyi düşündüyümüz yeni hədəflərimiz, yeni layihələrimiz var. Bununla yanaşı, hər zaman olduğu kimi ənənəmizə sadiq qalaraq gənclərin təkliflərini öyrənməyə davam edəcəyik. Yeniliklərdən xəbərdar olmaq istəyən gənclər sosial şəbəkələrdə bizi izləyib, fəaliyyətlərimizdə iştirak edə bilər.

Sonda bütün gənclərimizi 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təbrik, hər zaman zirvələrdə olmağı, öz bilik və bacarıqları ilə dünyamızda fərqlilik yaratmağı arzulayıram.

 

Şərhlər bağlıdır.