Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Yusif Rzayevin uydurmaları

213

Əslində bu sualın cavabı bəllidir, aydındır. Bir çox mənbələrdə, Azərbaycan və Qafqaz tarıxinə aid kitablarda,  Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərində ərazidə yaradılmış digər feodal dövlətləri kimi bu əmirlik, onun sərhədləri, yeri, əhalisi, tarixi  haqqında məlumatlar verilmişdir. Bəs məni bu yazını yazmağa vadar edən nədir?

Keçmiş dövrlərdə olduğu kimi indiki zamanlarda da Azərbaycanla, o cümlədən onun şimal rayonları ilə bağlı yazılmış bir çox   kitablarda  təhriflərə, qərəzli fikirlərə geniş yer verilməsinə adət etmişik. Ürəyimiz ağrısa da belə fikirlərə cavab verməmişik, bunu tarixçilərimizin öhdəsinə buraxmışıq. Lakin  bəzən elə  uydurmalara rast gəlirsən ki, daha  onlar haqqında fikir bildirməmək mümkün deyil. Oğuz rayonu ilə bağlı bir sıra kitabların müəllifi Yusif Rzayevin həmin kitablarda (“Oğuz rayonu dünən, bu gün, sabah” , “Oğuzda avestanin izləri”)  Filan şahlığı ilə bağlı  apardığı “tədqiqat”,  bu “tədqiqatlar” nəticəsində verdiyi “Qeyd etdiyimiz faktlar sübut edir ki, eramızın VII-VIII əsrlərində ərəb işğalları ərəfəsində və işğal dövründə    Qafqaz Albaniyasının şimal əyalətlərindən biri Filan şahlığı olmuşdur ki, həmin şahlığın (xırda feodal dövlətinin) ərazisi bu günkü Filfilli kəndinin yaxın-uzaq ətrafındakı kəndlərin ərazisini əhatə etmişdir.” hökmü də belə uydurmalardandır.

Tarixi mənbələrin heç birində Filanşah əmirliyi ilə bağlı göstərilən ərazi, verilən bilgi  bu günkü Oğuz və Qəbələ rayonlarının, Oğuz rayonunda  yerləşən Filfilli kəndinin ərazisinə uyğun gəlmir. Mənbələrə müraciət edək. A.Bakıxanovun “Gülüstani-İrəm” əsərinin “ Şirvan və Dağıstan vilayətlərinin hüdud və ərazisi, adlanmalarının səbəbi, əhalisinin mənşəyi, dilləri və dinləri haqqında ” adlı “Müqəddimə” hissəsində Şirvan vilayətinin və Dağıstan vilayətinin   hüdudları, hansı şimal en dairələrində, hansı şərq uzunluq dairələrində yerləşməsi,  nahiyələri, inzibati ərazi bölgüləri dəqiqliklə göstərilmişdir. A.Bakıxanov Dağıstan vilayəti haqqında məlumat verərək yazır ki,  X əsrdə yaşamış məşhur ərəb tarixçisi Məsudinin rəvayətinə görə, hicri 332-ci ildə (= 944) (İllər mənbələrdə  göstərildiyi kimi verilir.-N. H.) bu vilayət üç ölkədən- Qaytaq, Sərir və Dağlıq Qumuq ölkələrindən ibarət olmuşdur . İkinci ölkə olan Sərir haqqında məlumat belədir: “ 2) Sərir(taxt)- Dərbəndin şimal-qərbində, üç mənzillik məsafədədir. On iki min ailədən ibarət olmuşdur. Sərir padşahı Filanşah adlanıb, nəsara (xristian) dinində idi. Bəzilərinin dediyinə görə, Sasani sülaləsindən olan Yəzdigird, ərəblər tərəfindən məğlub edildikdən sonra Xorasana getdi. O öz qızıl taxtını başqa qiymətli şeylərlə bərabər Bəhram-Çubin nəslindən olan bir mənsəb sahibinə verərək , Sibali-Fəthə, yəni Qafqaz dağlarına göndərdi. O da indi Sərir adlanan mülkü ələ keçirib öz nəslinə tərk etdi. Nizaminin dediyinə görə, buranın Sərir adlanması Keyxosrovun taxt və tacından nəşət etmişdir; çünki bu taxt və tac burada bir mağaranın içində idi. Bəzilərinin dediyinə görə, bu ölkənin hakimləri qızıl taxt üzərində oturub hökm verdikləri üçün, bu  ölkəyə Sərir adı verilmişdir. Sərir hökmdarı rəiyyəti öz qulu hesab edərdi və dağlılar çöllülərə nisbətən daha şücaətli olduqlarından  xəzərlər üzərinə basqın edərək onları qarət edərdilər. Səririn Zirihqəran mülkü olub, hazırda Köbəçi adlanır. Əhalisi müsəlman, nəsara (xristian) və yəhudidir. (A. Bakıxanov, “Gülüstani-İrəm”, Bakı-1951,  s. 15-16)

Göründüyü kimi, A. Bakıxanov    Filanşahın padşahlıq etdiyi ölkənin harada yerləşməsi , orada yaşayan ailələrin sayı,  “Gülüstani-İrəm” əsərinin yazıldığı dövrdə necə adlandırılması, əhalisinin dini tərkibi haqqında dəqiq məlumat vermişdir.

Əsərin başqa  bir yerində oxuyuruq: “ Nuşirəvan… Dərbənd ətrafında 360 qala(İbn əl-Fəqihin məlumatlarında  xəzərlərin hücumlarından müdafiə olunmaq məqsədilə İran şahı Qubad tərəfindən Dərbənddən (Bab ul-Əbvab) Dəryal keçidinədək (BabAllan) 360 qəsrdən ibarət sədd tikildiyi, onların 110-nun Tabasaran daxil olmaqla müsəlman ölkələrində, 250-nin isə Filanda (Cilan) və Sahib əs-Sərirdə tikildiyi  və yaxud onların nəzarəti altında olduğu göstərilir.- N. H.”) və şəhər bina etdi. İran vilayətlərindən bir çox əhalini köçürüb buralarda sakin etdirdi. Alğon səddindən Əhrana qədər  olan yerləri  yeddi vilayətə böldü və hər birinə ayrı-ayrı əmir təyin etdi.” Bu yeddi vilayətin hər biri, həmçinin orada salınan şəhərlər, kəndlər, tikilən qalalar haqqında məlumat verilir. Dördüncü vilayət haqqında yazılanlar belədir:

“ 4. Qumuq dağlarında və onun ətrafında olan yerlər. İndi Qazıqumuq, Aqussa, mahalları,  Avar və sair hissələrdən ibarətdir. O, buraya Filanşah ləqəbli bir əmir təyin etdi.” (“Gülüstani-İrəm”, s. 53)

A.Bakıxanov mənbələri ardıcıllıqla araşdırır və əsərlərdən sitatlar gətirir: “Tarixi güzidə” sahibi hicri 730-cu (= 1330) ildə yazır: Nuşirəvanın Dərbənd ətrafı əmirlərinə verdiyi ləqəblərin  və təşrifatın bəziləri indi də söylənməkdədir : Filanşah və Şirvanşah.” (“Gülüstani-İrəm”, s. 54)

  Filanşah adına kitabın başqa  yerlərində də rast gəlirik: “180-ci ildə (= 797)

Xəzərlər hücum edib bütün Dağıstanı, Dərbəndi və Şirvanı istila etdilər. Katib Çələbinin yazdığına görə bu müharibədə  çoxlu müsəlman həlak olur. “… İslam dini qəbul edən Dağıstan tayfaları  da xəzərlərin istilası və  müsəlmanların məhv edilməsi  nəticəsində yenə də bütpərəstliyə qayıtdılar. Hər guşədə bir   əmir və hər nöqtədə bir şərir meydana gələrək, fitnə-fəsad törətməyə başladılar. Bu zaman Şirvan vilayətində Fərruxzad Əxşican   (“Gülüstani-İrəm”i çapa hazırlayanlar mətndə yanlışlıq olduğunu  göstərərək qeyd edirlər ki,  əslində Fərruxzad Əxistan oğlu olmalıdır. Kəsrani Şirvanşahlar sülaləsinə mənsubdur.) oğlu hökmran idi. Bakıda Bibiheybət kəndində onun ləqəbi : “əmirülmöminin yardımçısı böyük sultan” deyə yazılmışdır. Bundan məlum olur ki, o, müsəlman olub abbasi xəlifəsinə tabe imiş. Bundan sonra Filanşah hökmranlıq etmişdir.” (“Gülüstani-İrəm” səh. 68-69) Məgər bu qədər faktlardan sonra konkret bir vaxtda yaradılmış əmirliyə  Filanşah ləqəbli bir şəxsin əmir təyin olunduğunu anlamaq bu qədər çətindirmi?

A. Bakıxanovun əsərində verilmiş başqa bir məlumatda deyilir: “… Hicri 230-cu (=845) ildə, Mötəsimin oğlu Vasiqi Billahın xilafəti dövründə, Filanşahi Şirvani itaətə gəldi, Dərbənd də xilafətin təsərrüfünə keçdi…” (“Gülüstani-İrəm”, s. 70)

Bəli, Filanşah ləqəbli şəxs  Şirvanın əmiri təyin olunsa da  onu ilk dəfə əmir təyin etmiş şəxs tərəfindən verilən Filanşah  ləqəbini saxlayıb. Və mənbələrin təsdiq etdiyi kimi  Filanşah da  hamıya bəlli olan Şirvanşah kimi vəzifə mənasında işlənib və sonrakı canişinlər də bu adla adlandırılıb.

“Gülüstani -İrəm”də verilmiş maraqlı bir məlumata da bu fikri təsdiq edir.: “ Şeyx Əhməd övladından (Kitabda bir neçə səhifə əvvəl verilən məlumatdan aydın olur ki, Şeyx Əhməd  200-cü ildə (= 816) öz tərəfdarları,  2000 nəfər əqrəba və tabelilərlə birlikdə islamı yaymaq üçün Hərəmeyndən,  yəni Məkkə və Mədinədən  çıxıb Şam ölkəsinə, orada bir neçə il qaldıqdan sonra 5000 nəfərlə Misirə gedib bir neçə il də orada qaldıqdan sonra  bir çox ölkələrə səfər etmiş, sonra Çərkəz ölkəsinə gəlib çıxmışdılar.-N.H.) Məsum bəy adlı bir nəfər əmirliyə keçdi, bu yerin fəzilətli alimlərindən Əbu Müslüm də ölkənin qazisi və imamı oldu. Bütün Dağıstan, bir qismi müharibə və təxribatla, bir qismi də sülh ilə bunların ixtiyarına keçdi. Sonra,  bunlardan Şamxal adlı bir nəfər Qumuq  şəhərində bütün Dağıstana əmir oldu. Bu zamandan etibarən şamxal sözü mənsəb və vəzifə mənasında işlənib, bütün canişinlər də bu adla adlandılar.” (“Gülüstani-İrəm”, s. 77)

Tarix elmləri doktoru Sara Aşurbəylinin “Şirvanşahlar dövləti” kitabında Azərbaycanda hakimlərə müxtəlif vaxtlarda  şahənşahlar tərəfindən verilən şah tituli ilə bağlı məlumatlar yer almışdır:  “ IX əsrdə İbn Xordadbeh xəbər verir ki, ilk Sasani şahənşahı I Ərdəşir (224-240-cı illər) Şərqi Zaqafqaziyanın bir sıra hakimlərinə şah titulu bağışlayırdı: Azərbazkan şah, Baraşkan şah (ehtimal ki, Balasakan şah=S. A.),  Allan şah(Muğan),  Ərmin şah, Filan şah.”(s. 51) …“IX əsr ərəb müəllifi əl-Bəlazuri xəbər verir ki, Xosrov Ənuşirəvan hökmdarlar seçdi və onları ayrı ayrı vilayətlərə şahlığa təyin etdi.”Qab dağının xaqanı, yəni, Sərir ölkəsinin (taxtının) sahibi (Sahib əs –Sərir)   Vəxrazan şah (ehtimal ki, Vərazan şah-S.A.), həmçinin Təbərsəran şahı Filan şah, Curcanşah (Xursaşah-S.A.) titullu Ləkz şahı, hal-hazırda mövcud olmayan Məsqət hökmdarlığının şahı (Məsqət, yaxud massaget Arşakiləri hökmdarlığına 519-cu ildə Sasanilər tərəfindən son qoyulmuşdur. ), Liranşah titullu Liran şahı və  Şirvanşah adlanan Şirvan şahı onların arasında idi…”(s.52) “….X əsr müəllifi əl-Məsudi deyir: “Ənuşirəvan Bərdə ölkəsində islam torpaqları ilə həmsərhəd olan  yerlərə təyin etdiyi hökmdarlardan biri Şirvan adlanırdı. Onun məmləkətinə isə adına uyğun olaraq Şirvanşah deyilirdi. (Ümumiyyətlə) bu ölkəni idarə edən hər bir hökmdar Şirvan adlanırdı…”(s.52) “…Nuşirəvan Xəzər dənizindən dağlara qədər Bab-əl-Əbvab adlandırılan 20 fərsəx uzunluğunda Dərbənd səddini tikdirdi və hər yerdə bir sərkərdə təyin edərək onlara qoşun dəstələri və yaşayış üçün zəruri miqdarda və kişi nəsli üzrə miras keçən torpaq sahəsi ayırmışdı; həmin sərkərdələrin nəsilləri indiyədək (961-ci il) şəhər divarlarının qarşısındakı ərazini qoruyurlar. Bundan başqa o, xüsusi fəxri geyim nümunəsi müəyyən etmişdi. Məlik səviyyəsinə qaldırılmış bu sərkərdələr həmin geyimlərin üzərində nəqş edilmiş xüsusi rəsmlərə görə Vəxranşah (qabanlar şahı), Şirvanşah (şirlər şahı), Filanşah (fillər şahı), Alanşah (qarğalar şahı) adlanırdı. Onlardan birinə isə gümüş tağ bağışlamışdı. Sərirşah adı da buradan gəlir…”(s. 54)

Mən bu yazını yazarkən bir çox mənbələri araşdırdım, bir sıra kitablarla yanaşı, Şirinbəy Hacıəlinin  AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının qərarı ilə çap olunmuş “Şimal-Qərbi Azərbaycan: İngiloylar” Bakı, 2007) monoqrafiyasını da diqqətlə oxudum. Kitabda ilk dəfə olaraq qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyası etnoslarından birinin (gellərin) varislərinin – ingiloyların tarixi elmi əsaslarla tədqiq olunur. Müxtəlif dillərdə olan mənbələrdəki zəngin fakt materiallarına və elmi ədəbiyyatın tənqidi təhlilinə əsaslanan həmin əsərdə, eyni zamanda, bütövlükdə Şimal-Qərbi Azərbaycanın tarixi keçmişinə yeni səpgidə nəzər salınır. Müəllifin ingiloyların mənşəyi, tarixi əraziləri və onların Azərbaycan xalqının təşəkkülündə iştirak etmiş qədim yerli etnoslardan biri olması haqqında elmi nəticəsi, qədim Şəki dövləti barədə araşdırmaları xüsusilə maraqlıdır. Əsərdə Azərbaycanın şimal-qərb bölgəsinin tarixini saxtalaşdıranlara tutarlı cavab verilir. 280 səhifəlik bu kitabda Filan  şahlığından  gellərin (tədqiqatçı onları ingiloyların əcdadı hesab edir) ölkəsi kimi bəhs edilir, yunan, erməni, gürcü, ərəb mənbələri və başqa qaynaqlar əsasında ingiloyların və bu şahlığın tarixi araşdırılır.

Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Yaqub Mahmudovun  giriş məqaləsində deyilir : “… Qonşu və qardaş xalqlarla aramıza nifaq salmağa çalışan mkrtumyanlar, musxelişvililər, onlardan geri qalmayan ibrahimovlar, aytberovlar və neçə-neçə belələri bilməmiş deyillər ki, Rusiya bu yerləri işğal etməzdən qabaq bizim bütün Cənubi Qafqazı idarə edən çox qüdrətli dövlətlərimiz olub. Və tarixdə Qafqaz Albaniyası adlı bir Azərbaycan dövləti də olmuşdur. Dünyada Şimali Azərbaycan torpaqlarını əhatə edən Albaniyanın tarixini araşdıran  bütov bir albanşünaslar məktəbi də mövcuddur. Tanınmış albanşünasların isə hamıya məlum olan qənaəti belədir ki, Dərbənd və ətrafları da daxil olmaqla Dağıstanın böyük bir hissəsi, o  cümlədən də müasir saxurların, avarların, ləzgilərin yaşadıqları torpaqlar Qafqaz Albaniyasının, daha doğrusu Azərbaycanın ərazisinə daxil idi. Qafqaz Albaniyasının şimal-qərb sərhədləri isə Qabırrı (İori) və Qanıq (Alazan) çaylarının yuxarılarına – başlanğıcına doğru uzanıb gedirdi. Qabırrı və Qanıq Azərbaycanın iç çayları idilər. Bu çayların vadiləri də həmişə Azərbaycan torpaqları olmuşdur…( s.7)  Kitabda göstərilir ki, “ X əsr ərəb müəllifi Məsudi də Sasani Şahı Xosrov Ənuşirəvanın sədd boyunca yerləşən hər bir xalqa “şah” təyin etdiyini qeyd edir .

Görünür, 510-cu ildə Albaniyada Arşakilər sülaləsinin hakimiyyətinin sona yetməsi nəticəsində, yaranmış münbit şərait İran şahlarına Albaniyanın parçalanmasına yönəlmiş belə bir addımı atmağa imkan verirdi. Ərəb mənbələrindən (Bəlazuri, Yəqubi, İbn Xordadbeh, İstəxri, İbn əl-Fəqih, Məsudi, İbn Havqəl, Yaqut Həməvi), artıq VI əsrdən etibarən, solsahil Albaniyasında qədim dövrlərdən yarımmüstəqilliyə malik Lpiniya, Çola ilə yanaşı, Şirvan,

Məsqət, Layzan (Liran), Mukaniya, Lakz və Filan (Cilan) şahlıqlarının yarandığı məlum olur. Sasanilər dövründə bu şahlıqlar yalnız bu və ya digər tayfanın etnik ərazisini əhatə edirdi. Sözü gedən şahlıqların hökmdarları Bərdədə əyləşən İran mərzbanına, Mehranilərin Albaniyada hakimiyyətə gəlməsindən sonra isə Albaniyanın birinci böyük knyazına tabe idilər. Ərəb mənbələrindən həmçinin Lpiniya ərazilərinin Sahib əs-Sərir ölkəsinin tərkibinə qatıldığı, Çola yaxınlığında Tabasaran, Kumux (Qumik), Zirehqıran (Zerikeran) və s. kiçik şahlıqların

yarandığı məlum olur.( s. 67-68)  Şirinbəy Hacıəli  ərəb mənbələrində gellərin ölkəsi Filan (Cilan) haqqında məlumatların son dərəcə cüzi olduğunu,  bu məlumatlar arasında müəyyən rabitə tapmağın  da olduqca çətinliyini göstərərək yazır: “Təsadüfi deyil ki, görkəmli tarixçi V.F.Minorski özünün “Şirvan və Dərbənd tarixi” kitabında ilkin mənbələr əsasında X-XI əsrlərdə Cənubi Qafqazın şərqində yerləşən çarlıqlar (şahlıqlar) haqqında olduqca mükəmməl və aydın elmi nəticələrə gəldiyi halda, Filan (Cilan) şahlığını “müəmmalı Filan” adlandırır .( s.22)

Kitabda daha sonra deyilir: “Ərəb mənbələrində Şəki toponiminin geniş mənada işləndiyi şübhə doğurmur. Mənbələrdən göründüyü kimi, Şəki şahlığı ərazilərinə Şəki, Kambisena və gellərin etnik ərazisi olan Filan (Cilan) torpaqları (gürcü mənbələrində Şiqnit Kaxeti adlanan Telavi də daxil olmaqla Sivi yüksəkliyindən şərqə doğru sağsahil Alazan və Qoloda ilə birlikdə solsahil Alazan) daxil idi.” ( s.29 ) Tarixdən məlumdur ki, Ərəb Xilafətinin süqutu nəticəsində (xüsusilə də X-XI əsrlərdə) Qafqaz Albaniyası ərazisində üç iri siyasi qurum -Şirvanşahlar (gürcü mənbəsində Movakan ərazisi), Şəddadilər (Ran-Arran ərazisi) dövləti, о cümlədən gürcü və ərəb mənbələrinə əsasən Şəki/Hereti çarlığı yaranmışdır.  V.F.Minorski ərəb mənbəyinə görə Filanşahlığın Şəkinin şərqində yerləşdiyini deyəndə indiki Şəki rayonunun və şəhərinin, Şəki xanlığının deyil,   geniş əraziyə malik  Şəki ( Hereti-Ereti)   şahlığının şərqini nəzərdə tuturdu .  Filan şahlığının  ərazisi mənbələrdə qeyd olunduğu kimi gah nisbətən geniş, gah da  çox kiçik əraziləri əhatə etmişdir. Filan şahlığının Şirinbəy Hacıəlinin kitabında verilmiş xəritəsi tarixi mənbələrdə göstərilən əraziyə-yerə uyğun gəlir.

  Kitabda mənbələr əsasında verilən məlumatlarda Filan şahlığının ərazisinin müxtəlif əsirlərdə hansı əraziləri əhatə etməsi, hansı sərhədlər daxilində yerlənməsi haqqında da məlumatlar verilir: “Sözü gedən ərazi X-XII əsrlərdə şimalda Qumik şahlığı  (müasir laklar), şərqdə Lakz (müasir ləzgilər) şahlığı, qərbdə Sahib əs-Sərir  (müasir avar, didur və s.) ölkəsi ilə sərhəd təşkil edirdi. Ərazi dörd bir tərəfdən uca dağlarla əhatələnmişdi və yalnız ortasında Samur vadisinin bir hissəsi (Rutuldan qərbdə Samur çayının yuxarı axarı) yerləşirdi”.(s.38-39)   “ XIII-XIV əsrlərin ilk mənbələrində Filan adına rast gəlinsə də, bu bir şahlıq olaraq deyil, kiçik vilayət kimi qeyd olunur. XIII əsr ərəb müəllifi Yaqut Həməvi yazırdı ki, lakzlardan “yuxarıda Filan yerləşir; bu kiçik vilayətdir ”.

XIV əsr fars müəllifi Nizam əd-Din Şami 1396-cı ildə Şimali Qafqaza yürüş etmiş

Əmir Teymurun həmçinin Zireh (Zireqan) və Kilan (Filan ) vilayətlərini ələ keçirdiyini qeyd edirdi. Məlumatlardan göründüyü kimi, artıq müvafiq dövrdə əvvəllər (IX əsrədək) Filan adı altında tanınan ərazilərin əhatə dairəsi xeyli kiçilmiş və yalnız çox sonralar Qoloda adlanacaq dağlıq vilayətə şamil olunmuşdu. (s.30)

“Filan şahlığı Qafqaz dağlarında Sahib əs-Sərir (avar, didur, tuşin və s.),Qumik (lak), Tabasaran, Zirehqıran, Lakz (ləzgi) şahlıqları ilə, cənubda Şəki və Kambisena vilayətləri, qərbdə isə Kaxeti (Sanariyə) knyazlığı ilə sərhəd təşkil edirdi.”(s. 74)

Göründüyü kimi  Filanşah (Fillər şahı) ləqəbli şəxsin əmir təyin olunduğu vilayətin ərazisi bəllidir və onun o vaxtkı Xaçmaz mahalı,  indiki Oğuz rayonu,  Filfilli kəndi, onun ətrafındakı ərazilərlə   heç bir əlaqəsi yoxdur və ola da bilməzdi. Yusif Rzayevin Filnşahlığın harada yerləşməsi haqqında müxtəlif xalqlara məxsus onlarla müəllifin əsərlərini,  çoxsaylı, etibarlı   mənbələri nəzərə almadan, ancaq Firidun Qədirovun adı çəkilən ərazini “müəmmalı Filan “ adlandırmış V.F.Minorskiyə görə və Fil-Dzax, Filfilli zahiri əlamətlərinə görə haqqında söhbət gedən şahlığın bu ərazidə yerləşə biləcəyi mülahizəsini əsas götürərək  verdiyi “hökm”-“Qeyd etdiyimiz faktlar sübut edir ki, eramızn VII-VIII əsrlərində ərəb işğalları ərəfəsində və işğal dövründə  Qafqaz Albaniyasının şimal əyalətlərindən biri Filan şahlığı olmuşdur ki, həmin şahlığın (xırda feodal dövlətinin) ərazisi bu günkü Filfilli kəndinin yaxın-uzaq ətrafındakı kəndlərin ərazisini əhatə etmişdir” “nəticəsi” tarixi faktlara zidd olan, həqiqətə söykənməyən, uydurma,  saxta, ziyanlı fikirlərdir. Dəyərli alimlərimiz tariximizlə bağlı bu cür “tədqiqatların”  yerləşdiyi kitablara rəy verərkən diqqətli olmalı, onların adlarından istifadə edilərək  belə uydumaların  cəmiyyətə sıranmasına yol verməməli, əksinə  belə yazıların yeni “tədqiqatlar “  üçün mənbəyə çevrilməsinin qarşısını qətiyyətlə almalı, onlara təqdim olunan əlyazmalarını diqqətlə oxumalı, vaxtında öz sözlərini deməlidirlər.

Nazim Hüseynli,

Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Oğuz yurdu” qəzetinin redaktoru

Şərhlər bağlıdır.