Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Ağsaray”da Mingəçevir gənclərinin bayram şənliyi

Dekabrin son həftəsində Dünya Azərbaycanlılarının Həmrəylik günü və  Yeni il münasibətilə Gənclər və İdman İdarəsi “Ağsaray” otelində bayram şənliyi təşkil edib. Tədbirdə ötən ilin uğurlarından danışılıb, yeni ildən gözləntilər dilə gətirilib.

Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarında Mingəçevir gənclərinin də aktiv iştirakını vurgulayıb: “2014-cü ilin noyabrından Əməliyyat Komitəsiylə əməkdaşlıq etməyə başladıq və könüllülərimizlə iş apardıq. Bu yarışların uğurlu keçməsində bizim könüllülərin də əməyi az olmadı”.

Gİİ rəisi deyib ki, gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, onların  asudə vaxtının səmərəli təşkili  rəhbərlik etdiyi idarənin prioritetlərindəndir: “Yetirmələrimiz  “İstedadların hazırlığı laboratoriyası”, “Debat” və “Breyn-Ring” müsabiqələrinin final yarışlarından yüksək yerlərə layiq görülüblər. İdman Məktəbi yetirmələrinin respublika və beynəlxalq yarışlarda əldə etdikləri 54 medalin 14-ü qızıl, 21-i gümüş,  17-si bürünc olub. Azərbaycan Gənclər Fondunun dəstəyilə icra olunan 52 layihədən 1500-ə yaxın gənc bəhrələnib”.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərin abadlaşmasında gənclərin töhfəsindən, Avropa Oyunları-2015-də onların fəal iştirakından,  Azərbaycan Dövlət Universitetinin şəhərimiz üçün önəmli əhəmiyyət daşıdığından  danışıb: “Dövlətimiz sizin firavan yaşamanız üçün bütün şəraiti yaradıb. Yetər ki, siz vətənimizin layiqli övladları olasınız”.

Tədbir boyu “Retro” estrada qrupunun müşayiəti ilə Fikrət Məmmədov və Beyrək Rəhimovun peşəkarlıqla ifa etdikləri bəstəkar mahnıları iştirakçıları feyziyab edib. Azər Abdullayevin gitarada ifası və Uşaq Yaradıcılıq Mərkəzində fəaliyyət göstərən “Sevinc” rəqs qrupunun şux rəqsləri alqışlarla qarşılanıb. MDU tələbələrinin performansı da hamının ürəyincə olub. Yeni il şənliyi bir neçə saat davam edib.

Şərhlər bağlıdır.