Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ziyanlı fikirlər sahibi kimdir?

218

2010-cu ildə “Mingəçevir işıqları” qəzetinin mətbəəsində mənim “Oğuzda Avestanın izləri” adlı monoqrafiyam çap olunmuşdur. AMEA Nəsimi adına Dilçilik İnstitutu onomastika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Qara Məşədiyevin elmi redaktoru olduğu və rəy verdiyi, filologiya elmləri namizədləri Mayıl Əsgərovun və Gülarə Abdullayevanın rəy verdikləri bu elmi-tədqiqat  əsərində Oğuz rayonu ərazisindəki 100-ə yaxın toponim etimoloji cəhətdən şərh edilmişdir. Həmin toponimlərdən birini-Filfilli sözünü şərh edərkən qeyd etmişəm ki, bu adda yaşayış məntəqələri, çay, dağ, meşə, yaylaq, tayfa, şahlıq (kiçik feodal dövləti) olmuşdur. Adlarında “fil” tərkibi olan kənd və kənd xarabalıqları bu günkü Oğuz və Qəbələ rayonlarının ərazisində mövcuddur. Mən ərəb müəlliflərindən əl-Kufiyə, əl-Bəlazuriyə, rus tədqiqatçısı V. Minorskiyə, Azərbaycan alimlərindən A. Bakıxanova, Z. Bünyadova, F. Qədirova istinadən Filan şahlığının bu günkü  Oğuz rayonundakı  Filfilli kəndinin yaxn-uzaq ətrafında mövcud ola bilməsi ehtimalını irəli sürmüşəm.

Aradan 6 il ötmüş və “Oğuz Yurdu” qəzetinin redaktoru Nazim Hüseynli birdən ayılmışdr ki, yox, Filan şahlığı bu ərazidə olmamışdır,  Yusif Rzayev uydurmaçıdır, saxtakardır, tarixi faktlara zidd olan, həqiqətə söykənməyən ziyanlı fikirlər sahibidir, cəmiyyətə uydurmalar sırayır. Iş o yerə çatmışdır ki, elmi etikanı unudan, yaxud, bu etikanın nə olduğunu bilməyən Nazim Hüseynli kitaba rəy verdiklərinə görə Azərbaycanın dəyərli alimlərinə də öyüd-nəsihət verməyə başlamış, onların səhv etdiyini yazmış, bu alimləri diqqətli olmağa, belə ziyanlı tədqiqatların (mənim Filan şahlığı haqqında verdiyim məlumatı nəzərdə tutur-Y. R.) qarşısını almağa çağırmışdır. Nazim Hüseynli bu iddialarını “Oğuz Yurdu” qəzetinin 18 avqust 2015-ci il tarixli nömrəsində dərc etdiyi “ V.F. Minorskinin “Müəmmalı Filan” adlandırdığı feodal dövləti (Filan şahlığı) harada olmuşdur” adlı bir səhifəlik yazısında vermişdir. Bu yazını oxuyan hər bir ziyalı, Azərbaycan tarixini və coğrafiyasını az-çox bilən hər bir oğuzlu çox asanlıqla görə bilər ki, Nazim Hüseynli hər addımbaşı Yusif Rzayevi yox, özü-özünü təkzib edir, məntiqsizliyə yuvarlanır, gətirdiyi dəlillərin əsassızlığını dərk edə bilmir.

Nazim Hüseynli ilk növbədə anlamamışdır ki, mənim “Oğuzda Avestanın izləri” adlı kitabım (Mingəçevir, 2010) tarix əsəri yox, filoloji əsərdir. Kitaba rəy verən alimlər də tarixçilər yox, filoloqlardır. Təbii ki, dilçilik elminin bir sahəsi olan etimologiya da tarix və coğrafiya elmləri ilə əlaqədardır. Məhz bu səbəbdən mən “Filfilli” toponimini şərh edərkən tarixə qısa nəzər salmış, Filan şahlığının bu ərazilərdə mövcud ola bilməsi ehtimalını söyləmişəm. Nazim Hüseynli isə cidd-cəhdlə Filan şahlığını Oğuzun ərazisindən uzaqlaşdırmağa çalışır. Niyə? Məqsədi nədir?

Nazim Hüseynlinin öz məqaləsinə diqqət yetirək. O yazır: “Tarixi mənbələrin heç birində Filanşah əmirliyi ilə bağlı göstərilən ərazi, verilən bilgi bu günkü Oğuz və Qəbələ rayonlarının, Oğuz rayonunda yerləşən Filfilli kəndinin ərazisinə  uyğun gəlmir”. Fikrini sübut üçün çoxlu mənbələrə müraciət etdiyini bildirsə də yalnız A. Bakıxanovun “Gülüstani-İrəm” (Bakı, 2010) əsəri ilə Şirinbəy Hacıəlinin “Şimal-Qərbi Azərbaycan: ingiloylar” (Bakı-2007) monoqrafiyasına  istinad edir. “Gülüstani-İrəm” müəllifi məlumat vermişdir ki, İran şahı Qubad Dərbənddən Dəryal dərəsinədək (Tabasaran, Filan və Sahib əs-Sərir ölkələrində) 360-a qədər qəsr və şəhər tikdirmişdir. Qədim Oğuzun (Filfilli və Xaçmaz kəndlərinin) ərazisi də Dərbənd ətrafından başlayaraq indiki Quba-Xaçmaz, Şəki-Zaqatala regionlarının torpaqlarını keçib Gürcüstanadək (Dəryal dərəsi) uzanan bir ərazidə deyildimi?

Nazim Hüseynli Şirinbəy Hacıəliyə əsaslanaraq yazır ki, “VI əsrdən etibarən Solsahil Albaniyasında yarımmüstəqilliyə malik Şirvan, Məsqət, Layzan (Liran), Mikaniya, Lakz və Filan (Cilan) şahlıqları yaranmışdır”. Qədim Oğuz məgər Solsahil Albaniyasında yerləşmirdimi? Nazim Hüseynli yazır: “V. F. Minorski ərəb mənbəyinə görə Filan şahlığının Şəkinin şərqində yerləşdiyini deyəndə indiki Şəki rayonunun və şəhərinin, Şəki xanlığının deyil, geniş əraziyə malik Şəki (Hereti-Ereti) şahlığının şərqini nəzərdə tuturdu”. Tarixin müəyyən dövrlərində ərazisi gah artan, gah azalan, mərkəzi qədim və bu günkü Şəki şəhəri olan Şəki əmirliyinin, Şəki (Hereti) şahlığının, Şəki xanlığının, Şəki quberniyasının, Şəki rayonunun şərqini harada axtarmaq lazımdır? Oğuz  rayonu (Filfilli və Xaçmaz kəndləri) qədim və müasir Şəkinin şərqində deyildirmi? Bəlkə,  Nazim Hüseynlinin və Şirinbəy Hacıəlinin Filan şahlığı ilə bağladıqları Qax və Zaqatala rayonları Şəkinin şərqindədir? Ərəb mənbələri və V. Minorski düz deyir, yoxsa Nazim Hüseynli?

Nazim Hüseynlinin Şirinbəy Hacıəlidən  gətirdiyi daha bir misal: “Filan şahlığı Qafqaz dağlarında Şahib ər-Sərir (avar, didur, tusin və s.), Qumik (lak), Tabasaran, Zirehqan, Lakz (ləzgi) şahlıqları ilə, cənubda Şəki və Kambisena vilayətləri, qərbdə Kaxeti (Sanariyə) knyazlığı ilə sərhəd təşkil edirdi”. Oğuz rayonu (Filfilli və Xaçmaz kəndləri də daxil olmaqla) ərazisinin də bu koordinatorların arasında, Filan şahlığının tərkibində yerləşdiyi aydın deyilmi? Nazim Hüseynli isə bu həqiqəti dərk etmədən yazır: “Filan şahlığı (Fillər şahı) ləqəbli şəxsin əmir təyin olunduğu vilayətin ərazisinin o vaxtkı Xaçmaz mahalı, indiki Oğuz rayonu, Filfilli kəndi, onun ətrafındakı ərazilərlə heç bir əlaqəsi yoxdur və ola da bilməzdi”. Məntiqsizlik göz qabağındadır. Amma bu, məntiqsizlik nədən irəli gəlir:savadsızlıqdan, yoxsa nadanlıqdan? Əvvəla, Filan-şah fillərin, yəni fil adlı məməli iri heyvanların yox, fil adı daşıyan etnosun, tayfanın şahıdır. İkincisi, burada söhbət Filanşah ləqəbli şəxsin əmir təyin olunduğu vilayətdən, yaxud şahlıqdan yox, konkret olaraq Filanşah adı ilə tanınan və mərkəzi hakimiyyətə (burada Qafqaz Albaniyası hökmdarına) tabe olan əmirlikdən, yaxud şahlıqdan gedir. Üçüncüsü, Filan şahlığının harada yerləşməsi barədə məlumat verən tədqiqatçıların göstərdiyi koordinatorlar Oğuz rayonunun ərazisi ilə tam kəsişir.

Sual olunur: tarixin müxtəlif dövrlərində ərazisi  gah genişlənən, gah da kiçilən Filan şahlığı, Şirin bəy Hacıəlinin yazdığı, Nazim Hüseynlinin isə dəstəklədiyi kimi yalnız Qax və Zaqatala rayonlarını əhatə etmişdirmi? Gürcülərin  subetnik qrupu  sayılan ingiloyların şahlığı  kimi qələmə verilən Filanşah dövlətində yalnız ingiloylarmı yaşamışlar? Qax və Zaqatalada bu gün “fil” tərkibli toponimlər varmı? Oğuz və Qəbələdə mövcud olan “fil” tərkibli yer-yurd adları göydənmi düşmüşdür? Nazim Hüseynli bilirmi ki, Qax və Zaqatala rayonlarının yaşayış məntəqələri arasında adında “fil” tərkibi olan kənd, yaxud qəsəbə yoxdur. Oğuz rayonunun Filfilli kəndinə bu adı qaçqın və məcburi köçkünlər gətirməyib. Burada onlar məskunlaşmayıb. Qafqaz Albaniyasının 26 tayfasından biri sayılan leqlərin bu günkü varisləri olan ləzgilərin yaşadığı Filfilli kəndinin adı ləzgi sözü də deyil. Bu ad burada dünən-srağagün yaranmayıb. Min illərdir mövcuddur. Fil (filfil+li) türk-Oğuz-Azərbaycan mənşəli sözdür, etnik toponimdir, mənasi da odla , işıqla, Günəşlə bağlıdır. “Fil” sözünü “gel”ə yaxud “cil”ə (Gelan-Cilan) yozmaq cəfəngiyatdır. Əgər tədqiqatçı alim, mənşəcə ingiloy olan Şirinbəy Hacıəli Filan şahlığını bəzən Cilan kimi adlandırırsa, baxsın görək burada hansı leksik və fonetik  uyğunluq var. “Fil” ayrı seydir, “cil”, yaxud “gel” ayrı sey.

Ərəb müəlliflərinin, A. Bakıxanovun, F. Qədirovun, V. Minorskinin, Şirinbəy Hacıəlinin və başqalarının verdiyi məlumatlardan aydınlaşır ki, Qafqaz Albaniyasının şimal vilayətlərindən biri Filan şahlığı olmuşdur. Oğuz rayonunun, eləcə də Filfilli və Xaçmaz kəndlərinin ərazisi də bu şahlığın tərkibinə daxil idi. Əgər belə deyildirsə, bəs qədim Filfilli kəndinin, o cümlədən Xaçmaz kəndinin və bütövlükdə Oğuz rayonunun ərazisi yuxarıda adı çəkilən xırda feodal dövlətlərindən (şahlıqlardan) hansının tərkibində olmuşdur? Nazim Hüseynli niyə bunu araşdırmamışdır? Araşdırıb deyəydi ki, Filfilli kəndinin və onun yaxın-uzaq ətrafındakı kəndlərin ərazisi Filan şahlığının tərkibində yox, məsələn Lakz, yaxud Tabasaran şahlığının tərkibində olmuşdur. Əksinə, özünü “tədqiqatçı” hesab edən Nazim Hüseynli tarixi mənbələrdən, mövcud toponimlərin varlığından baş çıxarmayaraq yazır: “Tarixi mənbələrin heç birində Filanşah əmirliyi ilə bağlı göstərilən ərazi bu günkü Filfilli kəndinin ərazisinə uyğun gəlmir.” Amma əksinə, istinad etdiyi cəmi 2 mənbədən gətirdiyi misalların hamısı Oğuz rayonu ərazisinin Filan şahlığının tərkibində olduğunu təsdiqləyir. Görünür, Nazim Hüseynli ilkin orta əsrlərə və orta əsrlərə aid tarixi-coğrafi adları lokallaşdıra bilmir. Nəticədə məntiqsizliyə, savadsızlığa və nadanlığa yuvarlanaraq mənə və hörmətli alimlərimizə qara yaxır.

Iki məsələyə də aydınlıq gətirmək istəyirəm: Birincisi, Filan şahlığı haqqında çoxsaylı mənbələrin olduğunu, Yusif Rzayevin bu mənbələri öyrənmədiyini iddia edən Nazim Hüseynli unudur ki, bu mənbələr çox deyil. Filan şahlığı haqqında məlumat verən bütün tədqiqatçılar IX-X əsrlər ərəb müəlliflərinə (İbn Xordadbeh, Əl-Bəlazuri, Əl-Məsudi, Əl-Kufi) və rus tədqiqatçısı V. Minorskiyə əsaslanmışlar. İkincisi, V. Minorski Filan şahlığı haqqında ona görə “müəmmalı Filan” sözünü işlətmişdir ki, bu şahlığın ərazisi mütəhərrik olmuşdur, Dərbənd və Dəryal keçidləri arasında gah böyümüş, gah kiçilmiş və tez-tez yerini dəyişmişdir (mənim bu dəlilim Ş. Hacıəlinin adı çəkilən əsərindən də aydın olur). Filan həm hökmdarın (şahın) adı olmuşdur, həm də şahlığın (vilayətin). Amma bir şey dəyişilməz qalır: Fil, Filfilli toponimləri. Bu toponimlər Filan şahlığının tarixin müəyyən dövlərində məhz bu ərazidə (Oğuz rayonu) də mövcud olduğuna təkzibedilməz sübutdur. Nazim  Hüseynli bütün bu faktların bilərəkdən və ya bilməyərəkdən inkar etməyə, Filan şahlığını Azərbaycanın şimalından, Oğuz və Qəbələ rayonlarının ərazisindən, eləcə də respublikamızın şimal-şərqindən uzaqlaşdırmağa çalışmaqla kimin dəyirmanına su tökür? Qoy Oğuz ziyalıları desin: uydurmaçı, saxtakar və ziyanlı fikirlər sahibi kimdir, Yusif Rzayev, yoxsa Nazim Hüseynli?

Nəticə: 1. Ərəb işğallarından əvvəl və işğal dövründə Qafqaz Albaniyasının mərkəzi hakimiyyətə tabe olan şimal vilayətlərindən biri Filan şahlığı olmuşdur ki, bu günkü Oğuz rayonunun, o cümlədən rayonun Filfilli və Xaçmaz kəndlərinin ərazisi də bu şahlığın tərkibində idi.

2. Filan şahlığının ərazisi haqqında ərəb müəlliflərinin və onlara istinad edən digər tədqiqatçıların göstərdikləri coğrafi koordinatorlar bu günkü Oğuz rayonunun ərazisi ilə tam şəkildə kəsişir.

3. Oğuz və Qəbələ rayonlarının ərazisindəki “fil” tərkibli oykonimlər, oronimlər və hidronimlər Filan şahlığının məhz bu ərazidə mövcudluğuna təkzibedilməz sübutdur.

4. Fil//Filfilli ərəb, fars, rus, yunan, yaxud ləzgi, ingiloy sözü deyil, türk-Oğuz-Azərbaycan sözüdür, şəffaf toponimdir, tayfa adıdır, mənası gür işıqlı, Günəş əzəmətli, Tanrı qüdrətli, fil güclü, məğrur, ikiqat odlu deməkdir.

Yusif    RZAYEV,  

Oğuz Rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi, sərbəst araşdırıcı

Şərhlər bağlıdır.