Elm və təhsilMDU

Mingəçevir Dövlət Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyası İ.Nəsimi adına Dilçilik İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb

31 may – 01 iyun 2019-cu il tarixlərində Azərbaycan Milli Elmlər Akademiyası İ.Nəsimi adına Dilçilik İnstitutunun, Mingəçevir Dövlət Universitetinin və Mingəçevir şəhər Təhsil Şöbəsinin birgə “Azərbaycan Respublikasının dövlət quruculuğu siyasətində dil amili” mövzusunda elmi-praktik konfransı keçirilib.

Konfransı giriş sözü ilə Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev açıb. Bildirib ki, Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən biridir. Bu dildə dünya ədəbiyyatı xəzinəsinə daxil olan misilsiz əsərlər yaradılmışdır. Hər bir azərbaycanlı tarixin ayrı-ayrı dövrlərində dilimizin dövlət dili kimi fəaliyyət göstərməsindən böyük qürur hissi keçirir. Ölkəmizin zaman-zaman müxtəlif imperiyalar tərkibində yaşamağa məcbur olmasına baxmayaraq, ana dilimiz hətta bu ağır vaxtlarda belə milli məfkurənin, milli şüurun və milli-mədəni dəyərlərin layiqincə yaşamasını və inkişafını təmin etmişdir. Bu gün onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur.

Akif Hacıyev qeyd etmişdir ki, ana dilimiz öz ifadə imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik strukturunun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik, yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir. O, özünün indiki yüksək səviyyəsinə görkəmli şair və yazıçıların, maarifpərvər ziyalıların zəhməti sayəsində çatmışdır. Bu prosesdə Azərbaycan dilçilik elminin böyük xidməti vardır. Və onun problemləri üzərində fəaliyyət göstərən AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun rəhbərliyi və əməkdaşları universitetimizin qonaqlarıdır və bu konfras onlarla birgə təşkil edilmişdir.

Sonra Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin müdiri, professor İsmayıl Məmmədli, Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya elmləri doktoru Sevinc Əliyeva, Nəsimi adına Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri Qətibə Quliyeva, Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova çıxış etdilər. Natiqlər bildirdilər ki, Azərbaycanda müasir mətbuatın, teatrın və təhsil sisteminin təşəkkül tapması, xalqımızın ictimai-siyasi və mədəni həyatında baş verən dəyişikliklər Azərbaycan dilçiliyinin də inkişaf yolunu müəyyən etmişdir. Ana dili ilə bağlı yeni-yeni dərsliklər, lüğətlər və sanballı elmi tədqiqatlar meydana çıxmışdır. Bu sahədə görkəmli ziyalılarımız Mirzə Kazım bəy, Mirzə Fətəli Axundzadə, Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə, Məhəmməd ağa Şahtaxtlı, Nəriman Nərimanov, Üzeyir Hacıbəyli və başqalarının mühüm xidmətləri vardır.

Ana dilimizin tədqiqi xüsusilə ötən əsrin ilk onilliklərindən başlayaraq bilavasitə diqqət mərkəzində olmuşdur. Həmin dövrdə Üzeyir Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Bəkir Çobanzadə, Cavad Axundzadə, Xalid Səid Xocayev və digərlərinin dilimizin qrammatikasına dair bir çox tədqiqatları işıq üzü görmüşdür. 1926-cı ildə Birinci Türkoloji Qurultayın Bakıda keçirilməsi ölkəmizdə dilçilik sahəsində əldə olunan nailiyyətlərin məntiqi davamı kimi yeni-yeni tədqiqatların meydana çıxmasına təkan vermişdir.

1920-ci illərdə respublikada aparılan dilçilik tədqiqatları Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətində və Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda mərkəzləşmişdi. Sonralar SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsinin və SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının Dil və Ədəbiyyat İnstitutunun yaradılması ilə həmin tədqiqatlar daha sistemli və əhatəli aparılmağa başladı. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təşkil olunduqdan sonra Azərbaycan dilçiliyi yeni mərhələyə qədəm qoydu. 1969-cu ildə müstəqil Dilçilik İnstitutunun fəaliyyətə başlaması ilə dilşünaslıq elmimizin sürətli inkişaf yolu tutaraq ardıcıl şəkildə müvəffəqiyyətlər qazanması üçün möhkəm zəmin yarandı. Azərbaycan dilçiliyi Məmmədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə, Muxtar Hüseynzadə, Əliheydər Orucov, Səlim Cəfərov, Əlövsət Abdullayev, Fərhad Zeynalov və digər alimlərimizin yüksək elmi səviyyəli tədqiqatları yalnız dilşünaslığımızı yox, ümumən Azərbaycan ictimai fikrini zənginləşdirdi.

Xalqımızın böyük oğlu Heydər Əliyev respublikamıza rəhbərlik etməyə başladığı ilk vaxtlardan Azərbaycan ədəbi dilinə ayrıca diqqət yetirmiş, ana dilimizin Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi xüsusi maddədə göstərilməsinə nail olmuşdu. Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi dövlət quruculuğu strategiyasının tərkib hissəsi olan dil siyasətinin nəticəsidir ki, 1970-ci illərdə Azərbaycan dilinin tarixi intensiv şəkildə öyrənilmiş, müasir Azərbaycan dilinin problemləri ilə bağlı çoxsaylı elmi-nəzəri əsərlər yaradılmışdır. Ali məktəblər üçün yazılmış dörd cildlik “Müasir Azərbaycan dili” dərsliyi 1974-cü ildə məhz ulu öndərin təşəbbüsü ilə milli dilçilik elminin inkişafına töhfə kimi qiymətləndirilərək respublikanın Dövlət mükafatına layiq görülmüşdür. Azərbaycan dilinə və ümumiyyətlə Azərbaycan dilçilərinin əməyinə verilən qiymət və onlara göstərilən qayğı Azərbaycanın keçmiş sovet məkanında, eyni zamanda beynəlxalq elm aləmində türkologiyanın mərkəzlərindən biri kimi tanınmasına gətirib çıxarmışdır. SSRİ Elmlər Akademiyasının bu istiqamətdə yeganə “Türkologiya” jurnalı məhz Bakıda nəşr edilirdi.

Azərbaycan Respublikası öz müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət kəsb etməyə başlamışdır. Bununla bağlı ölkə rəhbərliyi tərəfindən bir sıra Dövlət Proqramları, Fərman və Sərəncamlar imzalanmıdır.

Konfransın plenar iclasından sonra panel sessiyaları keçirilmişdır. Humanitar fənlər kafedrasının dosenti Namaz Manafovun rəhbərliyi ilə keçirilən “Ali təhsil müəssisələrində Azərbaycan dilinin tədqiqi və müəllim hazırlığı: bu günə və gələcəyə baxış” panel iclasa akademik Möhsün Nağısoylu, professor İsmayıl Məmmədli, fil.e.d. Sevinc Əliyeva, dosent Qətibə Quliyeva, Mingəçevir şəhər Təhsil şöbəsinin müdiri, dosent Sahib Məmmədovun rəhbərliyi ilə keçirilən “Ümumtəhsil məktəblərində Azərbaycan dilinin tədrisi: bu günə və gələcəyə baxış” panel iclasa professor İsmayıl Məmmədli, fil.e.d. Sevinc Əliyeva iştirak ediblər. Panel iclasda dilçiliklə bağlı geniş müzakirələr aparıldı, təkliflər irəli sürüldü. Öz növbəsində çıxış edən AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun rəhbərliyi və əməkdaşları fikirlərini bölüşdülər.

Sonda Mingəçevir Dövlət Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyası İ.Nəsimi adına Dilçilik İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb. Xatirə şəkilləri çəkdirilib.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Bu xəbəri oxumusunuz?

Close
Close