“Dayanın! Törətdiyiniz pisliklərin içində özünüz boğulacaqsınız!”
Oktyabrın 16-da Mingəçevir Dövlət Dram Teatrına gələn tamaşaçıları təəccüb bürüdü. Teatrın foye və zalında tullantıların döşəməyə səpilməsinə, pərdənin rənginin solğun olmasına irad bildirənlər tapıldı. Həmin boz pərdənin üzərində nümayiş olunan kadrlarda isə Ağ dünyaya Qara yaxan insanların əməlləri hamını heyrətə gətirdi.
İlk kadrlardan yanan meşələrdə, dəniz və okeanlarda toplanan sellofan torbalar və neft qalıqlarının altından nəfəs ala bilməyən, inildəyən, fəryad qoparan heyvanların səsi tamaşaçıya məsələnin məğzinin nədən ibarət olduğunu aydınlatdı: “Təbiətin bir düşməni var, o da insandır! İnsanın təbiətə qənim kəsilməsi, ona vurduğu ziyan Yer kürəsini fəlakətə sürükləyir”. Mingəçevir Teatrının direktori, Respublikanın Əməkdar artisti İntiqam Soltan müəllifi olduğu “Ağ-Qara” mono tamaşası ilə tamaşaçılara səslənirdi. Bu bir çağırış idi: “Dayanın! Törətdiyiniz pisliklərin içində özünüz boğulacaqsınız!”
Tullantılar içində görünən bir tısbağanın (gənc aktrisa Lalə Abuşova) yaşantılarını, çırpıntılarını izlədık. O, yumurtalarının və balalarının məhv edildiyini, çarəsiz durumda həyatını itirən saysız-hesabsız canlının ekoloji genosidin qurbanına çevrildiyini göz yaşları ilə çatdırdı. Bir saat davam edən tamaşa boyu aktrisa Lalə Abuşova yaratdığı obrazın fonunda insanlara mesajlarını verdi, bir çox ciddi ittihamlarını səsləndirdi: “Tezliklə ekoloji tarazlığın bərpası təmin olunmazsa, insanların özləri çirkabın içində boğulacaqlar. Cəmiyyətin normal olmaması təbiəti bu hala salır”.
Tamaşanın sonunda “Ağ-qara” tamaşasının ssenari müəllifi və quruluşçu rejissoru Respublikanın Əməkdar artisti, Mingəçevir Dövlət Dram Teatrının direktoru İntiqam Soltan tamaşaçılara üzünü tutdu: “Dünyanı ağuşuna alan problemi 200-300 il ömrü olan, lakin nəsli kəsilməkdə olan bir tısbağanın dilindən dinlədiniz. Biz bu vəziyyətə münasibətimizi bildirməklə maarifləndirmə işindən kənarda qalmadıq”.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəisi Elçin Kərimov, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov, MDU-nun baş müəllimi Günəş Şəfaqətov və Uşaq, Gənclər İnkişaf Mərkəzinin metodisti Ülviyyə Kərimova COP-29 ərəfəsində aktual problemə toxunulduğunu vurğuladılar. Onlar Yaşıl Dünya naminə həmrəylik ilində bu tamaşaya daha çox məktəbli, tələbə və ictimaiyyət nümayəndələrinin baxacağına inandıqlarını bildirdilər.
Teatrda ilk olaraq aktyor heyəti ilə çiyin-çiyinə çalışan texniki heyətin adlarının ekranda sərgilənməsi də film effektini verdi. Bu, teatrda qarşılıqlı əməkdaşlığın və direktor İntiqam Soltanın tabeliyində çalışanlara sayğısından irəli gəlirdi.
Uğurla nümayiş olunan “Ağ-qara” tamaşasının quruluşçu rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı isə Elnur Rəsulovdur.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.