Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycanda sağlamlıq-rekreasiya turizminin inkişaf istiqamətləri və mövcud imkanlar regional konfransda müzakirə edilib

432

Öncə konfrans iştirakçıları Azərbaycan turizminin özəllikləri barədə tələbələrin əl işlərindən ibarət sərgiyə, ardınca Azərbaycanda  sağlamlıq-rekreasiya turizminə həsr olunmuş video-çarxa baxıblar. Konfransda çıxış edən  Mingəçevir Turizm  Kollecinin direktoru Əyyub Əyyubov  Azərbaycanda turizmin yeni bir mərhələyə qədəm qoyduğunu  qeyd edib. O, bildirib ki, ölkədə, xüsusilə  də Mingəçevirdə mövcud  sağlamlıq rekreasiya turizmini  müasirləşdirmək, yeni infrastrukturlar  yaratmaqla  sağlamlıq turizmini inkişaf etdirmək mümkün və zəruridir:  “Azərbaycanda  turizm və rekreasiya zonaları haqqında Nümunəvi Əsasnamə”,”2009-2018-ci illər ərzində Azərbaycanda kurortların inkişafı üzrə Dövlət Proqramı”, “Turizmin inkişafına Dair  Strateji Yol Xəritəsi” və digər hüquqi sənədlər bu sahəyə dövlət  və dövlət başçısı səviyyəsində ayrılan diqqətdən xəbər verir. Turizm   və rekreasiya zonaları dedikdə insanların istirahətini, sağlamlığını, əyləncəsini təmin edən, müvafiq turizm infrastrukturlarına malik təbiət və mədəniyyət infrastrukturları nəzərdə tutulur. Biz bu sahədə  indiyədək  ciddi yeniliklərin tətbiq olunduğuna şahidik. Məsələn,  Naftalandakı kurort istirahət komplekslərinin yenidən qurulması, müasir tələblərə cavab verən infrastrukturların yaradılmsı,   bölgədə yerləşən qədim mədəniyyət abidələrinin bərpası və həyata keçirilmiş digər tədbirlər  buna sübutdur. Amma razılaşın ki, ta qədimdən insanların sağlamlığına müsbət təsiri ilə yadda qalan xeyli sayda  müalicəvi su mənbələri,  tarixi mədəniyyət nümunələri  və digər təbiət  resursları  mövcuddur. Fikrimcə biz həmin sahələrin perspektivləri barədə daha dərin  araşdırma və təhlillər apararaq, yeni  səmərəli addımlar atmağa  çalışmalıyıq”.

Mədəniyyət  və Turizm Nazirliyinin  Elm-Təhsil  və Gənclərlə iş şöbəsinin əməkdaşı Cavid Əliyev,  Mingəçevir Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Sahib Əliyev konfransın və müzakirə olunan mövzunun önəmindən danışıblar. Onlar vurğulayıblar ki, belə bir əhəmiyyətli tədbirin   Mingəçevirdə təşkil olunması təqdirəlayiq haldır, çünki bu şəhərdə hazırlanan peşəkar kadrlar son illər ərzində turizmin inkişafına  ciddi  töfhələr verib. Elə Mingəçevir şəhəri də sağlamlıq –rekreasiya turizminin inkişaf etdirilməsi baxımdan yüksək potensiala və real imkanlara malik bir coğrafiyada yerləşir.

Konfransda kollecin “Turizm və Otelçilik “ şöbəsinin müdiri Aynurə Abbasova “Azərbaycanın rekreasiya – turizm ehtiyatları” barədə məruzə edib. Müzakirələrdə Mingəçevir Turizm İnformasiya Mərkəzinin direktoru Tural Kərimov, Naftalanın “Çinar Oteli”nin kadrlar şöbəsinin rəisi Fariz Hüseynov, “Ağsaray” Deluxe Otelinin  meneceri  Alpərən Tirt,  Mingəçevir Bələdiyyəsinin komissiya sədri Zahid Qasımlı, Mingəçevir Dövlət Universitetinin müəllimi Mayıl İsmayılov, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev, yerli İcra Hakimiyyətinin 1 saylı Ərazi nümayəndəsi Rizvan Mikayıllı diqqəti problemlərə yönəldib, Azərbaycanın dünya turizminə inteqrasiyası üçün maraqlı təkliflərini səsləndiriblər.

Konfransa yekun vuran Əyyub Əyyubov Azərbaycanda sağlamlıq – rekreasiya turizmi sahəsində  müşahidə olunan inkişafın turizm sənayesi üçün kadr hazırlığı prosesinə təsirsiz ötüşmədiyini vurğulayıb: “Biz növbəti ildən kollecimizdə  “Rekreasiya – İdman və sağlamlıq  turizmi”,  həmçinin “Turizmin iqtisadiyyatı” ixtisasları üzrə  tədris imkanları yaradılması istəyində olduğumuzu aidiyyati qurumların diqqətinə çatdırmışıq. Hesab edirəm ki,  bu sahədə tətbiq olunacaq yeniliklər ümumən rekreasiya turizmininin inkişafına kömək edəcək”.

Konfrans tələbə özfəaliyyət qrupunun konserti ilə başa çatıb.

Şərhlər bağlıdır.