Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Xocalı alınsa, ayaqyalın evimizə qaçaram…”

26 fevral 1992-ci il. Qarlı, sərt qış gecəsi. O gecə dəhşət yaşadı Xocalı. Elə bir dəhşət ki, hələ yer üzü belə müsibət, belə vəhşilik görməmişdi. Evlərə od vuruldu, torpaq qana qərq oldu o gecə. Düşmən rəhm diləyən qocaya, xəstəyə, qadına aman vermədi. Uşaqlar valideynlərinin gözləri qarşısında qəddarlıqla qətlə yetirilirdilər. Xocalının neçə-neçə qeyrətli oğulu erməni dığalarının qəbirləri üstündə qurban kəsildi. Qız-gəlinlər əsir alındı. Aramsız güllə yağışından qurtulub ayağı yalın, başı açıq halda meşələrə, dağlara üz tutanlar yolda dondu, qar uçquna düşdü. Həmin gecə Xocalı sakinlərinin üzləşdikləri müsibətlərin hansı birini deyəsən, hansı birini yazasan? Qələm acizdir bu vəhşilikləri təsvir etməkdə…

Bu dəfəki qəhrəmanım Xocalı faciəsini öz gözləri ilə görən, hadisələrin şahidi olan, valideynlərini həmin qanlı gecədə itirən 75 yaşlı Cəfər müəllimdir. Dəhşətli Xocalı soyqırımına məruz qalan Cəfərov Cəfər Məhəmməd oğlu 18 gün erməni əsirliyində qalıb. Onun söhbətini dinləyəndə adamın qanı donur…

25-dən 26-na keçən gecə…

…Həmin vaxta qədər atışma olurdu, ermənilər hərdən şəhəri güləbaran edirdilər, insanları qorxudurdular. Amma heç kim Xocalını tərk etmirdi, gedənə söyüş qoymuşdular. İnsanların heç ağlına da gəlməzdi ki, bu dərəcədə misli-bərabəri olmayan, dəhşətli faciə baş verə bilər.
Nəhayət, fevralın 25-də axşam saat 8 radələrində atışma daha intensivləşdi. Düşmənlər raket, pulemyot, top kimi silahlardan istfadə etməyə başladılar. Gecə saat 10-da Xocalıya Rusiyanın 366-cı alayın komanda heyəti və hərbi texnikası ilə birgə hücuma keçdilər. Belə məlumat verirlər ki, həmin gecə ermənilər 366-cı alayın komandirinə ziyafət təşkil edirlər, yeyib-içib sərxoş olandan sonra komandirin həyat yoldaşı əmr verir ki, Xocalı işğal olunsun. Bu “əmr”ə sadiq olan hərbçilər elə gecəyarı Xocalını mühasirəyə alırlar.

Həmin gün valideynlərimlə son görüşüm oldu, hələ də anamın, atamın harda olduğunu, öldüsünü-qaldısını bilmirəm.

Həmin gecə atam və anam hər ikisi bərk xəstələnmişdi, yataqda idi. Mən evdə tək idim. Atışmaları eşidib çölə çıxdım, şəhərdəki evlər alova bürünmüşdü. İnsanlar çaş-baş qalmışdı, bilmirdilər hara qaçsınlar. Yoldaşım və uşaqlarım 1 ay qabaq Bərdəyə getmişdilər. Mən isə Xocalımı tərk etmərəm deyib evdə qaldım, valideynlərim də getmədilər. Gecə saat 3 olardı. Atamgilin vəziyyəti çox ağır idi, qızdırmadan yanırdı ikisi də. Birdən qapı açıldı, ermənilər evə doluşdular. Əllərindəki silahın qundağıyla anamın üstündəki yorğanı götürüb qırağa tulladılar. Mən yalvardım ki, onlara dəyməyin, xəstədilər, qocadılar. Məni öldürün. Düşmənlər evi talan etdilər, bir dənə sağ əşya qoymadılar, məni də əsir götürdülər. Həmin gün valideynlərimlə son görüşüm oldu. Hələ də anamın, atamın harda olduğunu, öldüsünü-qaldısını bilmirəm.

Hər gün əsirlərə yanmış çörək və su verirdilər. Əsirləri çox döyürdülər

Əsirlər arasında xocalılar çox idi, qadınlar, uşaqlar, qoca, cavan oğlanlar-hamıya işgəncə verirdilər, üz-gözlərini kəsirdilər. Əvvəl bizi erməni kəndi Naxçıvanikə apardılar, sonra növbə ilə Pircamal, Əsgəran kəndlərinə getdik. Tez-tez yerimizi dəyişirdilər ki, bizi tapmasınlar. Əsirləri “samasfalt” maşına yığıb Naxçıvanikdə asfalta tökdülər. Ayağı-qolu qırılan kim, çənəsi-burnu əzilən kim…Elə bu zaman erməni uşaqları və qadınları bizi daşa basdılar. Sonra bizi toxumluq anbarına apardılar. 7 gün orda-qaranlıq zirzəmidə qaldıq. Hər gün əsirlərə yanmış çörək və su verirdilər. Əsirləri çox döyürdülər. Kiminləsə ədavəti olan adamlara lap çox işgəncə verirdilər. Hamımızın əynimizdəki təzə paltarları soyundurub ermənilərə verdilər. Anamın toxuduğu təzə yun corab və ayaqqabımı da aldılar. Sonra Pircamala apardılar bizi, gecə səhərəcən nazik paltarda çöldə ayaq üstündə saxladılar. Kimin ayağı büdrəsə, güllələyirdilər.

Hamımızı saqqal basmışdı, cın-cındır paltarda yaxınlarımız bizi tanımadılar

Artıq Əsgəran kəndinə gəlmişdik. Yaralıların vəziyyəti ağır idi, soyuq bir yandan, aclıq da bizi lap lap taqərdən salmışdı. Erməni zabitləri xəbər verdilər ki, yaralılar, döyülənlər özlərini qaydaya salsınlar, sizi təhvil verəciyik. 1992-ci il martın 14-də Ağdamın Qarağacı qəbristanlığında əsirlərin dəyişdirilməsi oldu. 22 nəfər idik, ermənilər yadımda deyil neçə əsir vardı, amma onu xatırlayıram ki, hamısı saz idi, bir yerlərində yara, əzik yox idi. Bizimkiləri isə o qədər döymüşdülər ki, yeriməyə halları qalmamışdı. Hamımızı saqqal basmışdı. Cın-cındır paltarda yaxınlarımız bizi tanımadılar. Hərbçilərimiz bizi Ağdama- Çəmənli kəndinə gətirdilər. Orda öyrəndim ki, qardaşımı da əsir götürüblər. Sonra Bərdədəki qohumlarımız 35000 manat verib, onu əsirlikdən qurtarıblar.
Ağdamdan Mingəçevirə gəldik. “Avarçəkmə bazası”nda bizə yer verdilər. Şəhərin camaatı çox mehriban idi, qaçqınlara isti yer, ərzaq verdilər. 2004-cü ilədək orda qaldıq. Sonra “Yeni Həyat” qəsəbəsinə köçürdülər bizi. Mingəçevirə gələndən bizi işlə də təmin etdilər. DRES qəsəbəsindəki 8 nömrəli məktəbdə 19 il işlədim. Xocalıda isə 32 il müəllimlik stajım var.
Əgər Xocalı alınsa, ayaqyalın gedərəm ora, evimizə qaçaram. Mənimçün maraqlıdı, böyük kümbəz vardı orda, görəsən uçurublar onu? Bəlkə valideynlərimdən bir xəbər verən ola, harda vəfat ediblər, ya bəlkə onlar da əsir götürülüb, sonra da elə yerlərindəcə güllələyiblər. Suallarıma bir cavab tapardım bəlkə…

Söhbətləşdi:
Aytən Kosayeva

Şərhlər bağlıdır.