QHT

MVA növbəti layihəsini başa vurdu

“Məcburi köçkünlər üçün dünyaya pəncərə” açıldı

Mingəçevir Valideynlər Assosiasiyası Barışıq Resursları təşkilatı tərəfindən Avropa Birliyinin maliyyələşdirdiyi “Məcburi köçkünlər üçün dünyaya pəncərə” layihəsini uğurla başa çatdırıb. Bu münasibətlə fevralın 25-də Mingəçevir Media Mərkəzində layihənin icraçıları və iştirakçılarının birgə görüşü keçirilib. MVA-nın prezidenti Fərman Nəbiyev ötən ilin noyabr ayından start verilən tədbirlərdən danışıb. O, bildirib ki, məcburi köçkünlərin qayğı və problemlərinin öyrənilməsiylə bağlı onların məskunlaşdıqları yaşayış yerlərində sorğular keçirilib. Bu sorğularda Mingəçevir Politexnik İnstitutunun “Debat” klubunun üzvləri yaxından iştirak ediblər.
F.Nəbiyevin dediyinə görə, bundan sonra bir qrup köçkün kompüter və media ilə bağlı təlimlərə cəlb olunub: “Onların əksəriyyəti ilk günlər kompüteri açıb-bağlamağı da bacarmırdılar. Amma qısa mwddətdə Windows 7 və Word 2007 proqramları üzrə biliklərə yiyələniblər. Hətta bir qrupu MVA-nın nəzdində pulsuz təşkil olunan ingilis dili kursuna da yazılıb”.
MVA rəhbəri layihə dövründə köçkünlərin həyatından bəhs edən hekayələrin hazırlandığını və onların “Mingəçevir işıqları” qəzetində və onun internet səhifəsində yerləşdirildiyini, köçkün icmalarına mütəmadi olaraq qəzetlərin yeni saylarından göndərildiyini diqqətə çatdırıb və kursu müvəffəqiyyətlə bitirən iştirakçılardan 16-na sertifikatları təqdim edib.
Qaçqınlarla İş üzrə Dövlət Komitəsinin Mingəçevir nümayəndəsi Səbuhi Məmmədov qeyd edib ki, yaşadığımız komputerləşmə əsrində belə layihələr təqdirəlayiqdir və ümid etdiyini bildirib ki, bu, iş davamlı olacaq. Layihənin icraçılarından Yeganə Nəbiyeva, Xanım Quliyeva, sertifikat alanlardan Yunus Əsədov, Vahid Qafarov, Mahir Əliyev layihədə əməyi olan hər kəsə minnətdarlıqlarını çatdırıblar. Müzakirələr çay süfrəsi ətrafında davam etdirilib.

Daha çox

Oxşar yazılar

Close