Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Dil ürəyin güzgüsü, insan kamilliyinin açarıdır

Fevralın 20-də Mingəçevirdəki 7 saylı məktəb Heydər Əliyev Mərkəzində Beynəlxalq ana dili günü ilə bağlı tədbir keçirib. Tərbiyə işləri üzrə direktor müavini Tünzalə Hüseynova vurğulayıb ki, ana dili hər bir xalqın mənəviyyatının, mədəniyyətinin güzgüsü, tərkib hissəsidir: “Dil elə bir ünsiyyət vasitəsidir ki, başqa dillərdə yaranmış mədəniyyətləri də özündə birləşdirir. Dil ürəyin güzgüsü, insan kamilliyinin açarıdır”.
Məktəbin direktoru Anar İsmayılov bu əlamətdar günün niyə məhz 21 fevrala təsadüf etdiyi haqda məlumat verib: “1952-ci ildə Pakistanda benqal dilinin qadağan olmasına etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi zamanı 4 nəfər şəhid olub. YUNESKO-nun Baş Konfransında Banqladeş nümayəndələrinin müraciətinə baxılaraq, həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi fevralın 21-i Ana dili günü elan edilib”. A.İsmayılov xatırladıb ki, Ana dili günü hər kəsin öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq və inkişaf etdirmək üçündür.
Tədbirdə Azərbaycan dili və ədəbiyyatı müəllimi Vüsalə Əliyevanın rəhbərliyi ilə 5a sinfinin şagirdləri maraqlı kompozisiya nümayiş etdiriblər. Onlar laylalardan başlayaraq ta klassik yazara qədər nümunələr çəkib, ana dilində danışmağı özünə ar bilənlərə sərt mesajlar ünvanlayıblar.
Ulu Məhəmməd Şəhriyarın səsi ilə oxuduğu şeir səsləndirilib. Fənn müəllimlərinin siniflərdə tədris vaxti doğma dilimiz haqqında söylədikləri fikirlər, şagirdlərlə apardıqları disskusiyalardan bəhs edən videoçarx nümayiş olunub. Rəqs kollektivinin çıxışı, uşaqların oynadıqları səhnəcik və musiqi müəllimi Ulduz Ülvinin rəhbərliyilə şagirdlərin ifasında səslənən mahnılar dilə olan məhəbbətin təzahürü olub.
Təhsil şöbəsinin metodisti Validə Əlizadə dillə bağlı bütün məktəblərdə keçirilən tədbirlərə start verildiyini deyib və belə möhtəşəm tədbir üçün 7 saylı məktəbin müəllim və şagird kollektivinə təşəkkür edib: “Bir sinfin hazırladığı bu tədbir hamımızı özümüzə qaytardı”.

Şərhlər bağlıdır.