AktualAzərbaycanCəmiyyətQarabağ

Qarabağın mayı…

Atamın və bütün şəhidlərimizin əziz ruhuna!

Uzaq düşdük həyatımızdan, aid olduqlarımızdan, bizə doğmalaşan hər kəsdən, hər şeydən. Bəyənib bəyənmədiklərimizdən, ağlayıb güldüklərimizdən, çox uzaq düşdük. Uzaq düşdünsə gözləyəcəksən, gecə də, gündüz də, günlər illərə keçər, illərin də ki, sayını itirərsən. Yol gedənindir, deyiblər, amma ümidsiz yollar da gözləyənin olurmuş. Baxarsan yollara, illərdir gedə bilmədiyin və kimsənin də gəlmədiyi, sadəcə, gümanın gələn o yollara. İllər keçər və sən daha əvvəlki kimi baxmazsan, uzun-uzadı, orada qalanların ardınca gedər kimi,-niyə gedə bilmirəm, niyə gəlmədilər, -deyə baxarsan. Gözlərini yumarsan, elə bil yolları gözlərinə yığarsan, gedib çatarsan  o uzaqlara. Əvvəl hər şeyi istədiyin kimi görərsən: əmin-aman, sağ-salamat. Sonra isə hər şey dəyişər, uçmuş, yandırılmış evlər, ot basmış yollar, kimsəsiz məzarlar görərsən. Bir də, o yerlərin hər qarışına hopmuş, əzizlərinin qulaqlarında qalan səslərini eşidərsən, sanki… Göz yaşların yanaqlarını yandırar, qəhər -arzularını, ümidlərini, sevincini boğazında düyünləyər. Udqunmaq istərsən, udquna bilməzsən keçməz boğazından, çünki illərin, bəlkə də əsrlərin qəhəri bir udqunmaqla keçməz, vallah da keçməz, billah da keçməz. Yollar yormaz səni, gözləmək yorar, özü də ümidsiz, çarəsiz gözləmək. “Ümidsizlik”, “çarəsizlik” sizə nəyi ifadə edir, bilmirəm, amma deyim mənə nəyi ifadə edir? Bir uçurumun kənarına çatıb, gedəcək başqa yol olmadığını anlayan, üzüaşağı qaranlıq, iliklərinə qədər qorxusunu hiss etdiyin vahimə dolu boşluğa baxan birinin duyduğu çarəsizliyi, ümidsizliyi ifadə edir.

Siyasi oyunlara, siyasət oyunbazlarına gücümüz çatmadı, indi də çatmır, torpaqlarımızı işğaldan qurtara bilmirik: Şuşanı, Ağdamı, Xocavəndi, Laçını, Kəlbəcəri, Ağdərəni, Füzulini, Xankəndini, Zəngilanı. Biz onların oynadığı havalara oynamırıq, çünki soylu millətlər mərdlikdən, qeyrətdən, şərəfdən, düzlükdən anlar. Ordu quran, silaha sarılıb döyüş meydanında ölümə də meydan oxuyan igidlərimiz soysuzların əmri ilə məhv edilirdi, kəndlər boşaldılır, yandırılır, qarət edilir, canları ilə qoruduqları yurdları, ata-anaları, qız-gəlinlər, uşaqlar erməni-rus quldurları tərəfindən qətl edilir, əsir alınırdı. Sənə əmr edənlərin soyuna baxacaqsan oğlum, vəzifəsinə, kreslosuna yox. Siyasət meydanına girmədən, son sözünü demədən, müharibə meydanına girməyəcəksən, çünki uduzarsan. Siyasət meydanı qol gücünə, qeyrət gücünə çalışmır, beyin gücünə, bilik gücünə çalışır. Öncə siyasət, sonra hərb meydanı, siyasətçilərlə siyasət meydanlarında, hərbçilərlə də hərb meydanında üz-üzə gəlməyi bacarmalısan. Siyasətdən anlamasan, hərb meydanında uduzarsan, məhv olarsan. Biz hələ ki, hər iki meydanda uduzuruq, çünki yaxşı siyasətçi ola bilmirik. Bizdə, çoxlarının inandığı pafoslu, qərəzli, bir az da söyüşçül, əsl bolşeviksayağı inqlabçı ruhlu kobud müxalifətçi olmaq mümkündür. Bilmirsən təhsili yetərli olmayıb, yoxsa iradəsi çatmır? Onlar çox şey bacarmırlar, sadəcə danışmağı bacarırlar. Bəziləri ölkədən gedib uzaqdan danışır, bəzisi ölkədə qalıb yavaşdan, hərdən danışır, bəzisi tez-tez şuluqluq salıb nəzarətdən danışır, bəzisi də ya orden-medal alana qədər, ya da parlamentə çatana qədər danışır. Yəqin sonra başa düşürlər ki, susmaq qızıl imiş…Onları bəyənən, müdafiə edən çox olur, çünki danışıqları ilə camaatın ürəyindən tikan çıxardırlar, tikan çıxartmaq çox vacibdir axı, elmdən, siyasətdən anlamasan da olar. Nə qədər ki, ürəyimizdən ancaq tikan çıxartmağın zövqünü yaşayacayıq, elə belə də qalacaq. May ayı gələndə mən də ümidsizliyin, çarəsizliyin həddini unuduram. İnsanları qınamaq çox mənasızdır, heç kim heç nə üçün məsuliyyət daşımır, sadəcə yaşayır: nəfəs alır, yeyir, yatır, bir də, bir də…Bütün xəyanətlər oradan başlayır ki, biz özümüzə xəyanət edirik, hər şeyi görürük, hər şeyi danışırıq, amma vacib olanları yox, -niyə? Çünki sürünə-sürünə də olsa,  əlli, ya altmış il, ya da elə yetmiş il yaşayarıq. Beynimiz yorular elm öyrənsək, düzgün, tutarlı danışmağı bacarsaq, bir-birimizin fikrinə qulaq assaq, ağıllı adamların doğru dediyini etiraf etsək, onun fikrinə şərik olsaq dünya dağılar. Ya, inkar edəcəksən, ya da fikrin əl-ətəyindən yapışıb, ora-bura dartışdırıb onu məhv edəcəksən. Düşünməyəcəksən ki, fikri inkişaf etdirmək də olur, o zaman fikirdən yeni fikir yaranar, ideyalar, arzular doğular. Bir fikirdən nə qədər insan faydalanar…Təəssüf ki, “ilk fikri, ən ağıllı fikri deyən adam mən olmalıyam” eqosu bizi bir olmağa qoymur, həm də xalq olmağa, millət olmağa da qoymur. Ayrılıqda hər birimiz yaxşı adamlarıq, qeyrətliyik, insanpərvərik, vətənpərvərik, amma birlikdə heç nəyik, heç kimik, çünki qulaq asmağı, dinləməyi, bir-birimizin dəyərli olduğunu görməyi bacarmırıq, hamı danışmaq istəyir, hamı haqlı olmaq istəyir və hamı ən ağıllı görünmək istəyir, niyə? Bəlkə, hər şeydən qabaq, bu suala cavab tapıb əsas problemimizi həll edək?

Mehparə Rəhimqızı, 8 may  2020

Mingəçevir.

 

Daha çox

Oxşar yazılar

Close