Mingəçevir Dövlət Universitetində “HEYDƏR ƏLİYEV: dahi siyasətçi və fenomen şəxsiyyət” mövzusunda elmi konfrans keçirilib
2020-ci il 7 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan “HEYDƏR ƏLİYEV: dahi siyasətçi və fenomen şəxsiyyət” mövzusunda elmi konfrans keçirilib. MDU-nun təşkilatçılığı, Mingəçevir şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının tərəfdaşlığı ilə keçirilən konfrans virtual formatda təşkil olunub.
Konfrans iştirakçılarını salamlayan MDU-nun rektoru Şahin Bayramov müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafı, milli iqtisadiyyatımızın güclənməsi, Azərbaycan ordusunun qüdrətlənməsi sahəsində misilsiz xidmətləri barədə danışıb. Ulu öndərin titanik əməyinin nəticələri ilə hər addımda qarşılaşdıqlarını qeyd edən edən Ş.Bayramov dahi şəxsiyyət haqqında keçmiş zamanda danışmağın mümkün olmadığını bildirib. Ümummili liderin əziz xatirəsini dərin ehtiramla andıqlarını vurğulayan Ş.Bayramov Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, onun çoxşaxəli fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə tədqiqatların aparılması və tələbə-gənclərin Heydər Əliyev kursuna sadiq vətəndaşlar kimi yetişdirilməsi baxımından digər ali təhsil müəssisələri kimi MDU qarşısında da mühüm vəzifələrin dayandığını diqqətə çatdırıb.
Konfransda geniş nitq söyləyən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolundan və onun genişmiqyaslı ictimai-siyasi fəaliyyətindən danışıb. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə milli maraqların təmin olunmasına, azərbaycançılıq ideologiyasının inkişafına və milli-mənəvi dəyərlərin qorunmasına xüsusi önəm verdiyini bildirən İ.İsmayılov dövlət müstəqilliyimizin qorunub-saxlanılmasının və güclənməsinin məhz dahi şəxsiyyətin adı ilə bağlı olduğunu bildirib. Ümummilli liderin əsasını qoyduğu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran İ.İsmayılov mövcud qlobal pandemiya şəraitində ölkəmizdə koronavirusla mübarizə sahəsində tətbiq edilən modelin bir çox beynəlxalq təşkilatlar tərəfindən nümunə kimi göstərildiyini vurğulayıb.
Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov ulu öndərin yaratdığı Partiyanın hazırda təkcə ölkəmizin deyil, bütövlükdə Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olduğunu bildirib. C.Yusubov mövcud şəraitə uyğun olaraq Heydər Əliyev tərəfindən Naxçıvanda yaradılan Partiyanın ilk dövrlərdə qarşılaşdığı çətinliklər, sonralar YAP-ın ölkəmizdə dövlət quruculuğunun inkişafındakı xidmətləri barədə danışıb. Bu gün YAP-ın ümummilli liderin müəyyən etdiyi dəyərlər əsasında inkişaf etdiyini və ölkməmizin tərəqqisinə töhfələr verdiyini vurğulayan C.Yusubov YAP Mingəçevir şəhər təşkilatının dahi şəxsiyyətin zəngin irsinin təbliği sahəsindəki fəaliyyətindən bəhs edib.
Sonra konfransda məruzələr dinlənilib. MDU əməkdaşlarından dos.Şahin Bayramov “Heydər Əliyev müasir Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzusunda, dos.Sahib Məmmədov “Xalqımızın bəşəriyyətə bəxş etdiyi düha: Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda, dos.Esmira Cəfərova “Heydər Əliyevin azərbaycançılıq ideologiyasının məzmunu və inkişaf istiqamətləri” mövzusunda, prof.Veysəl Əyyubov “Milli iqtisadi inkişafımızın “Heydər Əliyev modeli” mövzusunda, dos.Vüqar Mustafayev “Heydər Əliyev Azərbaycan elminin böyük himayədarı kimi” mövzusunda, i.f.d. Ruhiyyə Hüseynova “Heydər Əliyev və dövlət idarəçiliyi” mövzusunda, dos.Ülkər Aşurova “Azərbaycanda energetika sisteminin inkişafında Heydər Əliyevin müstəsna rolu” mövzusunda, baş müəllim Arif Tağıyev “Azərbaycan dünya iqtisadiyyatının üzvi tərkib hissəsidir: Heydər Əliyevin xarici iqtisadi inkişaf strategiyasının təntənəsi” mövzusunda, dos.Namaz Manafov “Heydər Əliyev və Azərbaycan dilinin inkişafı” mövzusunda, müəllim Gülmirə Məmmədova “Ətraf mühitin qorunması dahi şəxsiyyət Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin tərkib hissəsi kimi” mövzusunda məruzələrlə çıxış ediblər.
Virtual konfransda iştirak edən MDU əməkdaşları və tələbələri tərəfindən maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb.
Şərhlər bağlıdır.