Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Salam, Azərbaycan əsgəri!

419

 Bu məktubu sizə yazıram, vətənini sevən, onu qorumağa hər zaman hazır olan əsgərlərimizə. 26 iyun- ordumuzun, yəni sizin gününüzdür! Əliniz tətikdə, gözünüz hər yerdə olsun, çünki düşmən hər yerdədir.

Səninlə hər zaman qürur duyuram, vətən oğlu, əsgər qardaş! Lakin sizdən bir xahişim var,- ölməyə tələsməyin! Siz bu vətənə sağ-salamat, bilikli və biliyi ilə cürətli, ağlı ilə tədbirli, təmkini ilə uzaqgörən olaraq lazımsınız, ona görə də ölməyə heç tələsməyin. 1918-ci il 28 may günü, Şərqdə doğulsa da, bu günəş istiqlaliyyət günəşi idi və bütün dünyaya doğulurdu, Azərbaycandan. Milli hökümətimiz, milli ordumuz vardı, nə gözəl idi, deyilmi? Əslində yeni yaranan ordu hissələrimiz vardı və Azərbaycanın müxtəlif bölgələrində dinc insanlarımızı qətl edən erməni-rus, alman, fransız, ingilis və daha hansı tör-töküntü imperiya quldurları ilə vuruşurdular. Necə ordu başçılarımız, necə sərkərdələrimiz var idi: Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Həbibbəy Səlimov,Cavad bəy Şıxlinski, Kazım Qacar, Həmid Qaytabaşı, İbrahim ağa Usubov. Neçə-neçə könüllü dəstələrimiz torpaqlarımızı düşmənlərdən qorumağa çalışırdılar. Orduya kömək etmək, onun işini nisbətən yüngülləşdirmək, baş verəcək yeni kütləvi qırğınların qarşısını almaq üçün isə, ağıllı, bilikli, tədbirli oğullarımız da Azərbaycanı diplomatiya hesabına qurtarmağa, xilas etməyə çalışırdılar. Hətta bizə düşmən kəsilmiş avropa dövlətlərinin paytaxtına gedir, dövlət rəhbərləri ilə görüşür, onlara Azərbaycanın əsl sahiblərini tanıdırdılar. Onların bu cəsarəti, qətiyyəti çoxlarını heyran qoyur, bu cəsarət qarşısında susmağa, razılaşmağa məcbur olurdular. Beləcə, Azərərbaycan  qəhrəman, igid övladlarının fədakarlığı ilə dövlət olaraq yaşaya bildi. M.Ə Rəsulzadə, Ə.Topçubaşov, F.Xoyski, N. Yusifbəyli və digərləri Azərbaycan Xalq Cumhuriyyətinin diplomatik missiyasını ləyaqətlə, şərəflə yerinə yetirdilər. Əslində, 1918-1919 illər ərzində Azərbaycanı bir dövlət olaraq yaşadan, tanıdan da, diplomatiyamız, onun fədakar xidmətçiləri, dövlətin ömrünü uzatmağa çalışan isə Milli Ordumuzun əsgərləri, onun qəhrəman zabitləri idi. Qarabağda, Qazaxda, Yalamada son damla qanına qədər vuruşaraq, Azərbaycan Xalq Cumhuriyyətinə 23 aylıq bir ömür qazandırdılar.  Sonra isə, yenidən işğal baş verdi, amma bu dəfə müstəqil, Şərqin ilk demoktratik dövləti –Azərbaycan Xalq Cumhuriyyəti -işğal olundu, özü də Rusiyanın barbar, vəhşi, bolşevik yağmaçıları, quldurları tərəfindən, bir də ölkəmizdəki bolşevik maşalarının köməyi ilə. AXC-nin yüksək səviyyəli diplomatik heyəti isə mühacirətdə ermənilər tərəfindən, zaman-zaman, xaincəsinə məhv edildi, ordumuz isə ləğv edildi…

1991-ci il 18 oktyabr, Azərbaycan yenidən müstəqilliyini elan etdi.

Erməni-rus birləşməsi yenidən Azərbaycanda qırğınlara başladı, Qarabağda elan olunmamış müharibə gedirdi və kəndlərimizin, rayonlarımızın sakinlərinin könüllü dəstələri öz kəndlərini, şəhərlərini qorumağa başladılar.  Azərbaycan, bir dövlət olaraq, sadəcə, könüllü dəstələrin hesabına yaşayırdı, nə diplomatiyamız var idi, nə də fədakar diplomatlarımız. Bacarığı olanlar da problemi içəridə həll etməyə, ermənilərlə dil tapmağa çalışırdılar. Bu isə yetərli deyildi, biz yenidən dünyaya açılmalı idik, güclü dövlətlərin, ən azından bizə dost dövlətlərin dəstəyini qazanmalı idik. Çünki buna ehtiyacımız var idi, təkbaşına və köməksiz idik. Daxildəki xainlər, bolşevik təfəkkürlü, gözü yalnız alacağı payda olan, kölə, rəiyyət, nökər təbiətlilər, sadəcə, ağalarına xidmət edənlər daha “fəal” idilər. Siz vuruşurdunuz, kəndlərinizi, torpağınızı, namusunuzu qoruyurdunuz, amma əmri kimlərin verdiyinin fərqində belə deyildiniz. Ona görə də məğlub olduq, çünki bir dövləti qorumaq üçün, vətənini sevən, onun üçün canından keçən oğulların olmağı azdır, hətta silahlı bir ordunun olmağı da azdır, ən vacibi, bu orduya bərabər diplomatiyan olmalıdır, ağıllı, bacarıqlı, bilikli və vicdanlı, vətəninə sadiq diplomatların olmalıdır, siyasətdən anlayan siyasətçilərin olmalıdır və nəhayət, əsgərini, vətənini sevən, qorumağı bacaran sərkərdən, əmr verən ləyaqətli hərbçilərin olmalıdır. Öncə bunları düşün, bunlara hazır ol, bilik qazan, sonra torpağının və Vətəninin azadlığından danışa bilərsən. Hələ də buna inamırsansa, -uzun məsələdir, deyirsənsə, o zaman itirdiyin illərin nəyə yaradığını da düşün. Aprel döyüşlərində itirdiyimiz oğulları düşünün, ordumuza, onun bacarıqlı əsgərlərinə qarşı edilmiş xəyanətin bir daha təkrarlanmayacağına əminsənmi? Odur ki, yaşayın, var olun, bu torpaq sizin sayənizdə Vətəndir!

Mehparə Rəhimqızı.

 

Şərhlər bağlıdır.