Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bir gün gülə-gülə qayıdacaqdır ağlaya–ağlaya köçən Kəlbəcər

Qəzetimiz bir neçə həftədir fərqli layihə təqdim edir. Yurd–yuvasından, el-obasından didərgin düşmüş, 20 ildən artıq köçkünlük taleyi yaşayan və doğma torpağının həsrətini çəkən insanlarla söhbətləşir, onların dərdlərinə ortaq oluruq. Maraqlıdır axı, yaşadıqları yerləri necə xatırlayırlar, harda yaşayıblar, nə işlə məşğul olublar, niyə bura gəliblər, necə dayanıblar vətən həsrətinə?
Mətləbdən çox uzaqlaşmayaq, keçək müsahibimin təqdimatına. Bu sayımızdakı həmsöhbətim Kəlbəcər həsrətilə yaşayan, uşaqlıq, gənclik xatirələrini yad ellərdə qoyub çıxmağa məcbur olan Vahid müəllimdir.
Vahid Qafarov 26 saylı Kəlbəcər rayon tam orta məktəbində tarix müəllimidir, ona görə də söhbətimiz lap maraqlı alındı. O həm tarixçi kimi, həm də ürəyi dağlı şahid kimi hisslərini bizimlə bölüşdü.

-Vahid müəllim, Kəlbəcəri necə təsvir edərsiz o yerləri görməyənlər üçün?

– Böyük rus pedaqoqu Makarenko deyib ki, kim Tərtər çayı boyunca səyahət etməyibsə, yalnız o İsveçrənin gözəlliyinə heyran ola bilər. Kəlbəcər… Bu kəlməni eşidəndə gözlərim dolur, ürəyim sızlayır, qulağımda “İstisu”nun şırıltısı, burnuma dağ çiçəklərinin qoxusu gəlir. O gözəlliyi necə vəsf edim ki, fikrimi çatdıra bilim. Kəlbəcərdə doğulub- böyümüşəm. Biz “İstisu” kurortu yaxınlığındakı Çıraq kəndində yaşayırdıq. Rayonun sahəsi o qədər böyük idi ki, 22 rayonun mal-qarası, qoyun – quzusu bura yaylağa gəlirdi. May ayından köç başlayırdı, ta ki, oktyabra- hava soyuyana qədər. Kəlbəcər təbiətin yaşıl apteki sayılırdı, vəhşi sıldırım qayalar arasında, Murovdağın ətəyində yerləşirdi. İlin 4 fəsli dağların başı qar olurdu. Dağın ətəyində alaçıqlar qurulurdu, camaat yaylağa gəlirdi. İnsan orda yaşayanda bu gözəlliklər adi gəlir, bugün çox darıxıram Kəlbəcərim üçün.

-Dediniz “İstisu” yaxınlığında yaşamısınız. Nə əhəmiyyəti var idi o suyun?

-Əgər bugün “İstisu” əlimizdə olsaydı, ordan qazanacağımız gəlir neftdən gələn gəlirə bərabər olardı. Çox gözəl turizm mərkəzi idi. Hər yay SSRİ dövlətlərindən çoxlu turistlər axın edirdilər. İstirahət mərkəzi Sankt- Peterburqun Ermitaj Sarayı stilində tikilmişdi. Kəlbəcərdə yaşayanlar dərman vasitələrindən nadir hallarda istifadə edirdilər. Bütün mədə- bağırsaq , öd daşı xəstəliklərinin müalicəsi var idi bu bulaqda. İstisu müalicəvi əhəmiyyətinə görə Çexiyanın Karlovi- Varisinə bərabər tutulurdu. Kəlbəcərdə həm də tanınmış Yuxarı və Aşağı İstisu, Bağırsaq, Keşdək və s. mineral bulaqlar vardı.

-Bir tarixçi kimi orda olan abidələr haqqında nə danışa bilərsiniz?

-Kəlbəcərdə “Ayıçınqıl”, “Pəriçınqıl” dağlarında Qobustan qaya təsvirləri kimi cızma-qara edilmiş, heyvan şəkilləri çəkilmiş sal qayalar var idi. Bundan başqa Tərtər çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar göz oxşayırdı. Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması 4-cü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai icmanın ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskəni, 6 min il yaşı olan qaya təsvirləri aşkar edilib. Buradakı daş abidələr Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdə İslamın yayıldığı dövrlərdə yaradılıb.
Heç təsadüfi deyil ki, Kəlbəcəri işğal edəndə ermənilər Rusiyanın “Vesti” informasiya buraxılışında “kilsələrimizi geri qaytardıq“ deyərək, XIII- XVIII əsrlərə aid alban monastrını öz adlarına çıxdılar. Amma onlar yanılırdı ki, alban xaçı ilə erməni xaçı fərqlənirdi. Tarix sübut edir ki, Kəlbəcərdə müxtəlif dini etiqadları olan insanlar yaşamışlar. Kəlbəcərdə çoxlu məscidlər də tikilmişdi. Hələ keçən əsrlərdə oranı ziyarət edən Aşıq Ələsgər –“Məscid minarəsi, məktəbxanası, Kəlbəcərin xeyri –şəri yaxşıdır “ demişdi.

-Kəlbəcərdə hansı şəxsiyyətlər yetişib?

-Kəlbəcər əhli saz-söz adamlarıdır. Hamısı şeirlə danışır. Şair Bəhmən Vətənoğlu, Şücaət, Aşıq Şəmşir, Məmməd Aslan, Adil Cəmil, Ənvər Rza kimi söz ustadlarıdır.

-Kəlbəcərin son günlərini necə nağıl edərdiniz?

-Kəlbəcər Azərbaycanın Dağlıq Qarabağdan kənarda işğal olunmuş 2-ci mühüm strateji bölgə idi. Hələ 1988-ci ildən düşmənlər rayona verilən işığı kəsdilər. Düz 5 il millət qaranlıqda, soyuqda yaşadı, yenə də doğma yurdunu tərk etmədi. Sonra Ağdərə alındı, Kəlbəcərin yolları bağlandı, təkcə Murovdan dağ yolu istifadə olunurdu. Elə 1993-cü ilin aprelində Kəlbəcər işğal olunanda əhali Murovun qarlı- boranlı, sıldırım qayalıqda yerləşən dağ yollarından qaçıb canını qurtardı. Hərə bir yana səpələndi.

-Niyə Mingəçevirə gəldiniz?

-Mənim qardaşım tələbə ikən evlənib burda qalmışdı. Kəlbəcərdən qaçan hər kəs öz qohum -əqrəbasının yanına sığındı, mən də qardaşımın yanına gəldim, burda qaldım. Həyat mübarizədir. Bu günə şükür…

– Kəlbəcərə getsəniz, əvvəl haranı ziyarət edərsiniz?

– Atamın, anamın qəbrini. Çox ağırdır mənə, valideynlərim uyuyan torpaq yadelli tapdağı altındadır. Çox sözüm var- atamın başdaşına söykənib danışmaq istəyirəm, anamın qəbrini qucaqlayıb ağlamaq istəyirəm. İnanıram ki,
“Bir gün gülə-gülə qayıdacaqdır,
Ağlaya –ağlaya köçən Kəlbəcər”.

Aytən Kosayeva

Şərhlər bağlıdır.