Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Yeni təqvim ilinə ön söz

İnsanın savadlı olmağı onun tez-tez kitab oxuduğu anlamına gəlmir. Kitab oxusa belə, gərəkli şeylər oxuduğu anlamına gəlmir. Gərəkli şeylər oxusa da doğru nəticələr çıxardığı, doğru qərarlar verdiyi anlamına gəlmir. Doğru nəticələr çıxarsa da, onları həyatında tətbiq etdiyi və ya həyat tərzinə çevirdiyi anlamına gəlmir. Doğru nəticələr çıxarıb, doğru qərarlar verib, həyat tərzinə çevirsə də , başqalarının onu anlayıb doğru və haqlı hesab etdikləri anlamına gəlmir. Çünki Yer üzünün insanları olaraq, eyni formalı beyinə və ona yüklənən eyni əməliyyat sisteminə malik olsaq da, eyni şeylər haqqında fərqli düşünmək, fərqli nəticələr çıxarmaq, fərqli qərarlar vermək özbaşınalığına və ya sərbəstliyinə sahibik.

Elə bu gün kimi, bu gün Miladi təqvimilə 2022-ci ildir, Müsəlman təqvimi ilə 1443-cü il, Asiya təqvimi ilə pələng ili, başqa təqvimlərlə də Allah bilir.

Bütün təqvimlərlə, ya da heç biri ilə, bu səhər saat 6-da Günəşli yeni bir günə başladıq. Tam bir 24 saat hər birimizin ixtiyarındadır və onu maraqlı, mənalı keçrimək həm də bizim şansımızdır, öncə ailəmizlə, sonra da həyatımıza aid hesab etdiyimiz insanlarla. Bir də sabah saat 6-ya qədər, ilin əvvəli, ortası, ya da axırı olmasının heç bir əhımiyyəti və ya fərqi olmadan mənalı yaşayın. Necə mənalı olar, daha o da sizin biləcəyiniz işdir. Bu da məndən sizə hədiyyə olsun, bütün təqvimlərlə, Mehparə Rəhimqızından.

 

1 yanvar 2022-ci il Miladi təqvimlə.

Şərhlər bağlıdır.