Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Köçkün məktəbi

Köçkün məktəbi deyirik adına, amma bir gecəqondu…Kimsəsiz, bəzən gözdən uzaq, ya da qanunla kiminsə sahib çıxmadığı yerlərdə tikilən gecəqondu kimi. Əvvəli çarəsizlikdən yaranıb, sonrası isə, sonrası da elə bunun davamı. Bəziləri bura otaq artırıb, döşəməsinə, tavanına yamaq vurub. Sonra o biri gəlib başqa “əlavələr” edib, əməlli-başlı yükləyib bu bəxtsiz, kimsəsiz evləri. Başqa biri gəlib kirayənişinlərin sayını artırıb, dolanışıq qurub özünə, qohumdan, tanışdan yığıb böyür-başına, mahiyyəti də, mənası da gecəqondu, amma dönüb məktəb formasına. Adı məktəb, özü gecəqondu. Sonra sən gəlirsən, qanunla, qayda ilə işləmək istəyirsən, butün bu “yükləmələrdən” qurtulmaq, məktəbi xilas etmək istəyirsən. Sökmək istəyirsən bu “yamaqları”, çıxartmaq istəyirsən “çağırılmamış qonaqları”, dəyişmək istəyirsən nələrisə. Sonra baxırsan ki, yamaqların altı uçuq-sökük, sınıq-salxaq, hər gələn bir şey gətirmiş özü ilə, hər gedən aparıb gedəcək gətirdiklərini. Sonra boş qalacaq bu gecəqondular, sənin düzəltmək istədiklərin isə bünövrəsiz divarlar, çürümüş daşlar, işinə yaramayacaq qədər sənə aid olmayan torpaq. Köçkün məktəbi deyirik adına, amma gecəqondu kimidir, nə torpaq, nə otaqlar, nə də uşaqlar sənin deyil. Burda heç nəyi düzəldə bilməzsən, çünki hər şey kökündən yanlış, hər şey dibinə qədər boş…Bura arzularla  gəlmə, bir ömür boyu məyusluğa bəs edər. Burda qanunlar yetərsizdir, qaydalar dalan kimi, burda hər şey yanlış, hər şey havayı əziyyət kimidir. Özünü aldada-aldada illəri başa vurmusan. Bir təkərləmənin sonu kimiyik, oxuduğumuz kitab imiş, onun da səhifələri yox imiş…

 

 

Şərhlər bağlıdır.