Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İnsanlığı nadanlığa qurban verən…

Azərbaycan cəmiyyətində hiddətli narazılığa səbəb olmuş və heysiyyatımızı tarıma çəkmiş, heç bir əndazaya sığmayan hadisə – Əkrəm Əylislinin öz xalqına, elinə, obasına qarşı xəyanətdən yoğrulmuş, ermənicə düşünüb rusca qələmə aldığı «Daş yuxular» əsəri əksəriyyətimiz üçün qəfil düşmən zərbəsi oldu. Özünün 75 illiynə bu bədnam cəfəngiyyatı, buqələmunluğu ilə gələn sabiq «Xalq yazıçısı» illərdən bəri ermənilərə olan «simpatiya»sını ortalığa qoydu və dünyaya göz açdığı Əylisin kilsələrlə dolu erməni kəndi olduğunu özünəməxsus çox böyük bədii ustalıqla «sübuta» yetirdi. Öz xalqından isə qeyri-humanist, qəddar, vəhşi bir obraz yaradaraq, tarixi gerçəklikləri «hay»ların xeyrinə insafsızcasına təhrif etdi.
Bu cəfəng «əsər» haqqında ümumiyyətlə yazmaq istəmirdim. Çünki bu əsərə və onun müəllifinə xalq artıq öz sözünü deyib. Lakin elə bil şəxsi həyatıma təcavüz edildiyindən və rahatlıq tapmadığımdan mən də bu antimilli cəfəngiyyatla bağlı öz fikrimi bildirmək istədim.
…Əkrəm Əylisli elə də sadəlövh adam deyil (bilərəkdən insan yazmıram, insan titul bildirən sözdür). Və yaxşı bilir ki, yalnız öz xalqından güc alıb, yüksələnlər daim xatırlanır və zirvələrdə qala bilirlər. O, bu bədnam «əsər»i ilə bəşəri yazıçılar sırasında bərqərar olmaq istədi. Lakin unutdu ki, bəşərilik millilikdən keçməlidir.
Mən «yıxılana balta vuran»lardan, «gölə qarğı düzən»lərdən deyiləm. Əslində bu, Əylisli üçün «yıxılmaq» yox, bilərəkdən minlərlə soydaşının heysiyyatına tərs şapalaq vurmaqdır. Təvazökarlıqdan uzaq olsa da xəyanətkar yazıçımızdan fərqli olaraq mən «hay»ların xalqımıza yönəlmiş təhqir və hədyanlarına Bakıda, keçmiş ittifaqın müxtəlif şəhərlərində, hətta Yerevanda da layiqincə «cavab»lar vermişəm. Bunalara görə başım da az ağrımayıb. Bunu bilənlər bilir. Bunları ona görə deyirəm ki, mən inanmıram ki, Əkrəmin (heyif bu addan) nə vaxtsa heç olmasa bir ermənini yerində oturtmağa, öz sözü ilə desək «duxu» çatsın.
…Zori Balayan öz «məşhur» kitabında «təcrübə məqsədi ilə 13 yaşlı uşağın dərisini soymasından, uşağın 7 dəqiqədən sonra dünyasını dəyişməsindən, axşam həmin təcrübəni daha 3 türk cocuğunun üzərində aparmasından» yazır. Əkrəm üzüdönük isə öz həmkəndlilərini «zalım, qaniçən, qəddar» göstərməklə Əylis ermənilərinin məhz onlar tərəfindən vəhşicəsinə öldürülməsini və digər hadisələri öz «bədii təxəyyülünə» uyğun təsvir edir. Elə bil ermənilər nə Zəngilanı, nə də Füzulini yerlə-yeksan etməyib.
…Tayqulaq və üzdəniraq Andranikin Naxçıvanda, o cümlədən Əylisdə törətdiyi vəhşilikləri «bıvşiy» (Əylislinin özünün işlətdiyi ibarədir) «xalq yazıçımız» 2000-ci ildə nəşr olunmuş «Əylisdən Əylisəcən» kitabında «1918-ci ili millət savaşı» kimi qeyd edib. Özü də 75 yaşında, ayağının biri «hay»ların onun üçün Zəngilanın qırmızı palıdından hazırladığı tabutda ola-ola, belə bir şərəfsizliyə imza atıb. Yəqin ürəyindən Orxan Pamuq olmaq keçib. Baxmayaraq ki, ondan heç vaxt Orxan Pamuq olmayacaq. O Pamuq ki, öz xalqını, dünyanın üç qitəsində sözü keçmiş türkü, 90 il bundan əvvəl guya törədilmiş «soyqırım»ı (Nobelə hesablanmış) etirafa çağırdı. Bu mükafatı aldı da. Ancaq sonu necə oldu? Tərki – Vətən!
Əkrəmdən də həmişə onunla öyünən, başına tökülmüş «Daş yuxuları» qələmə aldığı evinin tikilməsində ona hayan olan, daim qayğı və məhəbbətlə əhatə edən əylislilər üz döndərdi. Qanana böyük dərddir. Əbəs deyilməyib ki:
«…Tanrı atsa el saxlar,
Vay odur ki, el ata».
Bizim hörmətsiz nasirimiz bu əsəri yazmaqla öz xalqını aşağılamaq, «hay»ları (qədim Ərməniyyənin ermənilərə heç bir aidiyyatı yoxdur) əzabkeş, humanist, zəhmətvesər və s. kimi göstərərək, milli xəyanətdən keçən yolu tutdu və haqlı olaraq lənətləndi.
«Ustadına kəm baxanın gözlərinə qan damar» söyləyib atalarımız. Əkrəm Naibov hər birimizin ustadı olan Azərbaycanımıza kəm baxaraq xainlik etdi.
…Sənin yalnız bir arqumetinlə razıyam, Əkrəm Əylisli. Bəli, bu gün Bakıda 30 mindən yuxarı erməni yaşayır. Onlara- Siranuşu Sənəmə, Arakeli Əliquluya çevirib, bu şəraiti özümüz yaratdıq. Onu da sənin kimi üzüdönüklər – pulu, varı-dövləti, Vətənindən, öz ana südündən də üstün tutan «pis kişilərin oğulları» etdilər. Çünki «pis kişilərin heç vaxt yaxşı oğulları olmur». Və belələrinin vəzifəyə dürtülməyi (sənin ədəbiyyatımıza dürtüldüyün kimi) sonralar düzəldilməsi mümkün olmayan milli faciələrə gətirib çıxarır.
Bu 30 min müstəqilliyimizin ilk illərinin ağrılarıdır. Bir yandan «hay»lar öz havadarları ilə torpaqlarımızı yağmalayırdılar, bir yandan da içimizdəki «hay»lardan süd əmənlər Bakıdakı qohum-əqrəbalarının «problemlərini həll etdirdilər». Heyf səndən, Azərbaycan!
…Əkrəm Əylisli «xalqının öndə olan yazarı» kimi bir sıra başqa dövlətlərdə,o cümlədən Belçikada da olub və Belçikada zibil yeşiklərinə zibil atarkən yeşikdən «sağ ol» səsləndiyini yaxşı bilir. Ölkə rəhbərləri onu ən ali təltiflərə, Prezident təqaüdünə və s. layiq bilib. Bütün bunlara «sağ ol»u bir yana, o, öz doğma xalqından üz döndərib, qardaşlığı, dostluğu ermənilərdə tapıb. Və müxtəlif yazılarında bu millətə necə yanmağı öyrədən, türk dünyasının ünlü şairi B.Vahabzadəni, öz həmyerlisi – böyük nasir M.S.Ordubadini, Azərbaycanın «mamır olub qayasında bitmiş» və əsl «vətən daşı» olan M.Arazı, özünü və oğlunu, dünyalarca sevdiyi Vətəninə, millətinə qurban vermiş X.R.Uluturkü və daha kimləri-kimləri yamanlamaqdan doymayəb. Heç olmasa, Cavid Əfəndinin ruhundan utanaydı.
Əkrəm Əylisli, bir terror hadisəsi göstərə bilərmi ki, onu azərbaycanlılar törətmiş olsun? Ermənilərin bu günədək törətdikləri qətliamlar, vəhşiliklər bəs eləmədimi ki, sən «Daş yuxular»ınla belə bir satqınlığa, xəyanətə imza atdın? Bu xəyanət yalnız onun bu «əsər»indədirmi? Xeyr! O, başqa, xüsusilə 2000-ci ildə çap olunmuş «Əylisdən Əylisəcən» kitabında da «cidanı çuvalda gizlədə» bilmir və əks fikirlər söyləyir.
Həmin kitabdakı müsahibələrindən:
«İt hürən tərəfə gedək, yoxsa işıq gələn tərəfə?» kimi sual qoyur və çox təəccüblüdür ki, özü it hürən tərəfə üz tutur.
«Əylislilərin haçansa ev yandırmağı mənim yadıma gəlmir» yazır, lakin bu bədnam «əsər»ində xudbin niyyət və cılız təmənna ilə həmkəndlilərin haqqında nələr yazdığının fərqinə varmır.
«…Düzlük, llahidən gəlir, əyrilik şeytandan. Allah bizdən çox-çox uzaqlarda, şeytan isə həmişə yanımızdadır». Nə yaxşı ki, heç olmasa etiraf edir.
«…Özümüzü ruslarla müqayisə eləməyə, lap elə yaxın gələcəkdə də «duxumuz» çatmayacaq”. Sən öz «duxunla» ölçürsən Akram Nadjafoviç!
«…Ancaq mənim kimi az-çox üzdə olan bir adam üçün unudulub yaşamaq elə bilmə ki, çox asan işdir. Bundan ötrü əsl kişilik lazımdır». O, xainliklə, kişiliyin tərsmütənasib olduğunu bilməmiş deyil.
«…Şərin rəmzinə çevrilənlərin haçansa insan sifətində olmağı da vaxt keçdikcə unudulur, yaddan çıxır». Sənin bu xəyanətin çətin ki, unudula.
«…Mənim bütün istəyim özümü oxucularımızın ürəyində yaşatmaqdır. Məndən ötrü o dünya elə oxucuların ürəyidir. İstərdim ki, məndən sevgi doğulsun». Səndən nifrət doğuldu. Sənin kimilərin qəlbində sevgiyə yer olmur.
Cavabını aldığı bu qeydlər onun yuxarıda göstərilən kitabındandır və 1993-1999-cu illərdə qələmə alınıb.
Aradan 20 il keçib. Biri var vaxt sənə işləyir, biri də var sən vaxta işləyirsən. Sən birincilərdənsən, vaxtın-zamanın «nəbzi»ni tutanlardan, olduğu kimi görünməyənlərdən! Heyf ki, bu mənfur sifətlər tək səndə deyil, ətrafımızda sənə oxşar buqələmunlar hələ var. Həyatımızı zəhərləyən, ömrümüzü qısaldan buqələmunlar!
…Həmişəyaşar şairimiz B.Vahabzadənin sənin kimi «çanağını bəyənməyən»lər üçün yazdığı «öyüd-nəsihət» ilə heç vaxt başa çatmayacaq bu yazımı tamamlayıram:
…Mən istəmirəm yol aza, haqdan dönə insan,
Namus və şərəf mərtəbəsindən enə insan.
Mən istəmirəm, uymaya şeytana bir anlıq,
Qulluq edə insafına, vicdanına insan.
İnsanlığı nadanlığa qurban verəcəkdir,
Aldandısa nəfsin dəli şeytanına insan!

Bayram MUSTAFA,
Əmək veteranı, Dövlət qulluğu müşaviri, AJB üzvü

P.S. Bu yazını 24-25 fevral 2013-cü ildə yazdım. Sabah Xocalı qətliamının 21-ci ildönümüdür. «Gözün aydın», Əkrəm Naibov!

Şərhlər bağlıdır.