Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Təhsilə bağlı ömür

Bu dəfə müsahibə götürdüyüm xanımı – Esmira Cəfərovanı 35 ildən çoxdur ki,  tanıyıram. 80-ci illərdə təxminən 10 il  bir binada çalışmışıq. O, şəhər Komsomol Komitəsinin birinci katibi, mən isə “Mingəçevir işıqları” qəzetinin  müxbiriydim. İş prosesində tez-tez görüşür, gəncləri narahat edən məsələləri birgə müzakirə edirdik. Redaksiyanın ən gənc əməkdaşı olduğumdan redaktor gənclərin həyatı ilə bağlı yazıları hazırlamağı mənə həvalə edirdi. 

Lap sonralar öyrəndim ki, 1956-cı ildə Ağdaş şəhərində dünyaya göz açan Esmira xanım əslində doğulduğu rayonda yaşamayıb. Atası Su Elektrik Stansiyasının  tikintisində çalışdığından ailəsini  həmin il Mingəçevirə gətirib. Və bu şəhər Esmira xanımı adi bir məktəbli partası arxasından rəhbər kürsüsünədək yüksəldib.

Azərbaycan Dövlət Pedaqoji İnstitutunda  ümumi texniki fənlər və fizika ixtisası üzrə təhsilini bitirib, təyinatla Mingəçevirə gələn E.Cəfərova  fizika müəllimi kimi  2 saylı məktəbdə cəmi bir ay çalışdı. Ali məktəbdə oxuyarkən ictimai işləri apardığı,  qrup nümayəndəsi və fakültə komsomol komitısinin üzvü olduğu, eyni zamanda paralel şəkildə Zaqafqaziya Ali Komsomol Məktəbini də bitirdiyi üçün  21 yaşında Mingəçevir Toxuculuq Kombinatının raykom hüquqlu Komsomol Komitəsinin katibi vəzifəsinə irəli çəkildi, dörd ildən sonra-1981-ci ildə isə  Mingəçevir şəhər Komsomol Komitəsinin birinci katibi seçildi.

Həyat davam edirdi. 1989-cu ildə Mingəçevir Şəhər Patriya Komitəsinə, təşkilat şöbəsinin müdir müavini vəzifəsinə təyin edilən, bir neçə ay sonra Şəhər Partiya Komitəsinin katibi  olan Esmira xanım  1990-cı ildə  Mingəçevir şəhər Xalq Deputatları Məclisinin deputatı və Məclis sədrinin müavini  seçildi. Səlahiyyət müddəti bitəndə növbəti bir ili Mingəçevir Şəhər İcra Hakimiyyətində  işlədikdən sonra qərara aldı ki, karyerasını elmi sahə üzrə davam etdirsin. 1997-ci ildən  E.Cəfərovanın daimi iş ünvanı Mingəçevir Politexnik İnstitutu (MPİ), indiki Mingəçevir Dövlət Universiteti (MDU) oldu.

Onu da öyrəndik ki, Esmira xanım 1990-93-cü illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda  əlavə təhsil alıb,  94-cü ildən  MPİ-də saat hesabı ilə politologiya fənnini tədris etməyə başlayıb.  1998-ci ildə Prezident yanında İdarəçilik Akdemiyasının dissertantına çevrilib. 2002-ci ildə  “Demokratiyaya  keçid dövründə liderlik, sosial siyası təhlil” mövzusinda namizədlik dissertasiyasını müdafiə edib:  “O zaman müasir liderin rolunu Heydər Əliyevin  timsalında  təqdim etməyi qarşıma  məqsəd  qoysam da, ümumi dünya proseslərini təhlil etdim, ayrı-ayrı şəxsiyyətlərin fəaliyyətini araşdırdım. Amma burada H.Əliyevin fəaliyyətini daha qabarıq verdim. Çünki onun hakimiyyətə  qayıdışından sonra irəliləyişlər göz qabağında idi.  2002-ci ildə  siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi aldım”-E.Cəfərova brlə deyir. Sonra əlavə edir ki, müdafiə edən günü ona təklif etmişdilər ki, doktorluq işini götürsün, ancaq  yorulduğundan, bir az dincəlmək istədiyindən bu fikirdən vaz keçir.

-Bəs sizə nə mane oldu-qadın kimi işinizin çoxluğu, ailə qayğıları?

-Mən bir qız, iki oğul anasıyam. Uşaqlarım böyümüşdü, qayğılarım artmışdı. O zaman ali məktəbdə oxuyurdular. Şükür Allaha, indi qızım da alimdir, kimya üzrə fəlsəfə doktorudur. Oğlumun biri 2 ali məktəb bitirib, o biri isə magistraturada təhsilini davam etdirir.  Təbii ki, ev, ailə qayğıları vardı. DSMF-da məsul vəzifədə çalışan həyat yoldaşımın da qayğısını çəkmək mənim üzərimdə idi. Son illərin təlatümləri də beynimi çox qarışdırmışdı. Üstəlik, ali məktəbdə iş çox idi, həm də 2007-ci ildə humanitar fənlər kafedrasının  müdiri seçildiyimdən yüküm artmışdı.

-Sizin elmi işiniz liderlik barədə idi. Gəlin,  bu məsələyə qadın liderliyi fonunda baxaq. Sizcə, bu gün qadınlarımız şəhərimizin, sizin çalışdığınız  ali məktəbin həyatında nə dərəcədə aktivdirlər?

-Qadınlar cəmiyətdə həmişə fəaldırlar. Kişilər imkan versələr,  onlar vəzifələrə də qalxarlar. Qadınların karyera məsələsində kişilər o qədər qısqancdırlar ki, nəticədə xanımlar irəliləyə bilmirlər. Kişilər qadınları istismar edirlər, amma imkan vermirlər ki, onlar irəli getsinlər.

Mən gənc qadınları tanıyıram ki, kifayət qədər fəal və savadlı, bacarıqlıdırlar. Bizim universitetin özündə belə xanımlar az deyil, hətta onlar kişilərdən daha çox qabağa gediblər. Belə ki, alimlərimizin əksəriyyəti qadınlardır. Doktorantların içərisində də qadınların sayı yüksəkdir. Kişilərin xətrinə dəyməsin, çünki qadınlar əziyyətə qatlaşmaqdan qorxmurlar. Kişilərdə isə bir qədər tənbəllik var.

Adətən qadınlar təmiz, səliqəli, mədəni iş yeri axtarırsa, onu universitetdə tapırlar. Burada da daimi qalmaq istəyirsənsə, təbii ki, ciddi elmlə məşğul olmağı qarşına məqsəd qoymalısan.  Çünki universitet təkcə təhsil vermir,  həm də tədqiqat mərkəzidir. Yəni tədqiqatçı kimi çalışmalısan ki, yerində saymayasan. Bizim qadınlar bunu çox gözəl başa düşür və verilən imkandan ağıllı istifadə edirlər. Hətta tələbələrimiz, xüsusən qızlar elmi fəaliyyətə  ciddi maraq göstərirlər. Əksəriyyəti magistratura pilləsini uğurla keçir, hətta doktoranturada təhsillərini davam etdirilər.

MPİ-də  adətən texniki fənlər olduğuna görə,  oğlanlar əksəriyyət təşkil edirdi. Amma liderlik bacarığına görə qızlar onları keçib, təşəbbüsü əllərinə alıblar.  Rektorumuzun yaratdığı münbit şərait qızlarımızın özlərini təsdiq etməsinə imkan verir.Yəni hər kəs bacarığı müqabilində yetişir. Əslinə baxanda, şərait hamı üçün yaradılıb, ancaq sevindiricidir ki, qadınlar bundan gözəl istifadə edərək, irəliyə getməyi bacarırlar.  Adətən elektroenergetika və istilik energetikası ixtisasını kişi peşəsi hesab edirlər, orda qadının çalışması bir az əlçatmaz görünür, amma layiqli kadr kimi həmin kafedraya rəhbərlik qadına tapşırılıb.  Yaxud maşın mühəndisliyi, informasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisaslarını götürək. İlk baxışda mühəndis dedikdə kişi yada düşür. Amma bizim ali məktəbdə həmin ixtisaslar üzrə kafedraların müdirləri də qadınlardır. Mingəçevir Poitexnik İnstitutunda  8 ixtisas kafedrasından 3-nə kişilər, qalanlarına  qadınlar rəhbərlik edir.

Universitet olandan sonra kafedraların sayı 11-ə çatıb, pedaqoji, iqtisadiyyat və idarəetmə, energetika və mexanika üzrə 3 dekanlıq yaradılıb. Bu, hələ başlanğıcdır. Biz universitetin strateji inkişaf proqramını işləyib hazırlamışıq. Nazir özü şəxsən bu proqramla tanış olub və bəyənib.

-Cəmiyyətdə bu gün daha çox sosial işçilərə ehtiyac duyulur. Son illər Bakı Dövlət Unuversitetində bununla bağlı ixtisas qrupları açılıb. Regionlarda da sosial mərkəzlər üçün belə kadrların hazırlanmasına ciddi ehtiyac duyulur.

-Strateji inkişaf proqramında ilkin olaraq 16 ixtisas nəzərtə tutulub. Bu ixtisasların 5-i Azərbaycan Müəllimlər İnstitutunun ləqv edilmiş Mingəçevir filialında, 9-u isə  MPİ-da vardı. Biz bunların əksəriyyətini saxlamaqla,  yeni ixtisasların da siyahısını tərtib etmişik.   Düşünürük ki, 20-yə qədər ixtisas ola bilər. Sosial iş, dövlət və bələdiyyə, turizm və otelçilik… Nəzərə alaq ki, Mingəçevirin və digər regionların turizm üçün böyük imkanları var, bu ixtisasların açılması zəruridir.

Bu gün media və PR ixtisasına da bölgədə ciddi ehtiyac duyulur.

– Bu məsələ üzərində iş gedir  və onu dekabr ayında tamamlamalıyıq. Düşünürəm ki, bu ideya da maraqlıdır. Təbii ki, internet qəzetlər, resurslar artmaqdadır. Bu gün bir çox vəzifəli şəxslər internet meduadan əziyyət çəkirlər. Həmin media orqanlarının əksəriyyətində peşəkarlar yoxdur. Onlar bəzən ağızlarına gələni, küçədə eşitdiklərini yazırlar, halbuki bunların əksəriyyəti reallığa söykənmir. Buna görə də belə bir ixtisasın MDU-da açılması faydalı olardı. Həm də Mingəçevirə güclü axın yaradardı.

Esmira xanım bu ilin yayında Mingəçevir Politexnik İnstitutunun bazasında yaradılan Mingəçevir Dövlət Universitetinin gələcəyini çox gözəl təsəvvür edir: “Əslində strateji inkişaf proqramını hazırlayanda  təkcə Azərbaycan təcrübəsindən kifayətlənməmişik, bir çox dünya universitetlərinin keçdiyi yolu öyrənmişik. Çalışırıq ki,  başqalarından öyrəndiklərimizlə yeni universitetin bünövrəsini qoyaq. Nazirlik bizə kömək etməyə söz verib. Mingəçevidə kifayət qədər kadr, mütəxəssis var ki, onların gücüylə ən yüksək səviyyəli ali məktəb yaratmaq mümkündür”.

–Bu universitetdə təhsil formaları necə olacaq? Tələbə hər gün dərsə gəlməyə məcburdurmu?

-Hələlik əyani və qiyabi təhsil həyata keçirilir,  eyni zamanda distant təhsil də nəzərdə tutulub. Hətta xaricdə yaşayan vətəndaşlar da gələcəkdə bizim universiteti ölkəyə girmədən, distant yolla oxuya biləcək.

Universitetdə bakalavrla yanaşı magistratura və doktarantura təhsili almaq istəyənlərə də  gələcəkdə şərait yaradılacaq. Bizim kifayət qədər qabiliyyətli tələbələrimiz vardır, lakin onlar imkansızlıq üzündən Bakıya gedə bilmir və təhsillərini davam etdirmək  fürsətindən kənarda qalırlar.  Bünövrəsi hallalıqla qoyulan məktəbimizin özündə yaxın illərdə çoxsaylı doktorantlar ordusu yetişdirə biləcəyimizə əminəm. Bu isə bizə kadr potensialımızı daha da zənginləşdirməyə imkan verəcək.

Əyalətdə yerləşmək və inkişaf etmək hər zaman çətindir.  Lakin bizim yaxşı potensialımız, həvəsimiz, işləmək qabiliyyətimiz var. Biz sübut etmək istəyirik ki, bölgədə heç də mərkəzdəkindən geri qalmayn yeni bir təhsil ocağı qurmaq mümkündür.

-Bu günkü tələbə müəllimindən heç də geri qalmır. Bəzən müəllim zamanla ayaqlaşa bilmir. Universitetin elektron kitabxanasının yaradılması bu istiqamətdə irəliyə doğru addım olardı.

-Məktəbimizdə rus və ingilis dillərini öyrənmək istəyənlər üçün ayrıca kabinettlər yaradılıb, kitabxanamız genişləndirilib. Doğrudur, indiki tələbələr kitab oxumaqdansa, daha çox internetdə gəzişməyə üstünlük verirlər. Yəni lazım olan informasiyaları axtarmaq üçün internet resurslarından istifadə edirlər. Kitabxanamızdakı kompüterlər internet şəbəkəsinə qoşulub və tələbələrimiz neçə illərdir ki, onlardan istifadə edirlər. Eyni zamanda elektron kitabxananın yaradılmasına başlanıb.

Sevindiricidir ki, bu ildən keçid balı 200-dən yuxarıdır (Əvvəllər ali məktəbə 150 balla qəbula olurdular). Müəllimlər etiraf edirlər ki, bu ilki tələbələrin səviyyəsi ötən illərdə qəbul olunanlarla müqayisədə xeyli yüksəkdir.  Biz də bu fikirdəyik ki, minimum biliyi olmayanın universitetə qəbuluna yol verilməməlidir. Cənab nazirimiz də müsahibəsində bu məsələyə aydınlıq gətirib.

-Bu universitet təkcə Mingəçevir üçün deyil, həm də region üçün əhəmiyyətlidir. Başqa rayonlardan gələn tələbələrin yerləşdirilməsində, ilk növbədə onların canını kirayə problemindən qurtarmaqda nə kimi addım atılacaq?

-Biz uzun illər yataqxana olmamasından  çoz əziyyət çəkmişik. Əslində regionlarda yaşayan əksər aztəminatlı ailələr paytaxtda övladlarını oxutmaqda  əziyyət çəkirlər. Bizdə vəziyyət bir qədər fərqlidir. Məsələn, ətraf kəndlərdə yaşayanların evlərinə gündəlik gedib-gəlmək imkanı var. Başqa rayonlardan olanlar isə ucuz kirayə haqqı ilə Mingəçevirdə yaşaya blirlər. Mingəçevirdə kirayə haqqı Bakıdan 2-3 dəfə və daha çox ucuzdur. Bununla belə, hiss edirdik ki, bir çoxlarının hətta ucuz qiymətə kirayə qalmağa da imkanı çatmır. Buna görə də universitet yaradılanda yataqxana birinci məsələ kimi qabardıldı. Vaxtilə Mingəçevir Baza Politexnik Texnikomunun yataqxanası vardı  və bu yataqxanaya MPİ yaranan ilk illərdə məcburi köçkünlər yerləşdirilmişdi. 25 ildir ki, həmin yataqxana tələbələrə xidmət eləmir. Universitef yarananda bu yataqxananın boşaldılması gündəmə gəldi. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov  məsələnin həllində bizə güclü dəstək göstərdi. Yataqxana artıq boşaldılıb. Orda təxminən 20 ailə qalıb, onların da köçürülməsi həllini tapmalıdır.

Son dövrə qədər orada 260 ailə məskunlaşmışdı. Düşünürəm ki, əsaslı təmirdən sonra növbəti tədris ilində burada tələbələrimiz qala biləcəklər. Eyni zamanda mənzili olmayan gənc müəllimlərimizi də bu yataqxanada yerləşdirməyi planlaşdırırıq.

-Məndə olan məlumata görə, bu universitet üçün yeni bi kampus tikintisi nəzərdə tutulub.

-Belə fikir vardı. Sonradan məlum oldu ki, əslində AMİ-nin filialının korpusu boşaldılır, yataqxana var, idman-sağlamlıq mərkəzləri, yeməkxanalar və universitet üçün lazım olan başqa imkanlar hazırda mövcuddur. Yəni kampusun “cəsədi” var.  Artıq vəsait xərcləyib tikməkdənsə, bunları modernləşdirə, əlavə hündürmərtəbəli bir korpus inşa etməklə bütün ehtiyaclarımızı qarşılaya bilərik. Yəni milyonlar xərcləyib, yeni şəhərcik salmağa hələ ki, ehtiyac qalmır.

-Dünyanın bir çox ölkələrində universitet korpusları bir-birindın xeyli aralıdadır. Biri şəhərin bu başında, o biri digər başında…

-Bizdə korpuslar çox yaxındır. Hər korpusun özündə idman-sağlamlıq mərkəzi var. Yataqxana korpusların böyründədir. Təbii ki, gələcəkdə universitetin uşaq bağçası və liseyi də ola bilər. Eyni zamanda universitetə hazırlıq  kursları da planlaşdırırıq.

-Esmira xanım, bu gün Azərbaycanda, Mingəçevirdə, sizin çalşdığınız universitetdə  qadının problemi nədədir? Ümumiyyətlə, qadınlar nədən əziyyət çəkirlər?

– Problemlər həmişə var. Ev qayğıları onları üzür.   Bir ana kimi övladlarının dərd-səri onları narahat edir. Ailəli, uşaqlı qadınların ən böyük problemi məktəbdə normal təhsilin olmamasıdır. Şəxsən mən o mərhələni keçmişəm, amma  kafedramızın gənc müəllimlərinin əksəriyyəti bu çətinliyi yaşayır. Uşaqları evlərdən yığışdırmaq lazımdır.  Təhsil nazirimizin bu addımını da alqışlayıram ki, o, təmayüllü liseylər yaradır. Bu liseylər hər kəsə gələcəkdə arzusuna uyğun ixtisasa yiyələnməkdə şərait yaradır. Çox arzu edərdim ki, o liseylər keyfiyyətli dərs versinlər. Məktəbdən sonra şagirdin evə, fərdi müəllim yanına getməyi qanunauyğun deyil.  Bizim müəllim yoldaşlarımız var ki, hətta ibtidai təhsil alan övladlarını də repetitor yanına göndərməyə məcbur olurlar. Əslində bu, anormal prosesdir.

-Təbii ki, məktəbli də, tələbə də təhsilini məktəbin özündə almalıdır. Uşağın kənarda, ayrı-ayrı evlərdə məşğul olması çox şeyi pozur. Üstəlik valideynin qayğılarını, narahatlığını  artırır.

-Götürəndə, hətta universitet müəllimi də o qədər yüksək məvacib almır ki, ondan repetitora hər ay ayırmalı olsun. 2-3 uşağı olan üçün daha ağır vəziyyət yaranır. Şükür, bizim universitetdə digər ali məktəblərlə müqayisədə maaş xeyli yüksəkdir. Son illərdə 2 dəfə artırılıb. Bütün bunlara baxmayaraq, bizim müəllimlər də repetirorun haqqını ödəməkdə əziyyət çəkirlər.

Bütövlükdə cəmiyyətimizi götürsək, qadınlarımız daha çox işsizlikdən əziyyət çəkirlər. Çünki əksər qadınlar işsizdirlər, daha doğrusu, iş tapa bilmirlər. Elə Mingəçeviri götürək . Dövlət müəssisələrindən başqa harda iş var? Əvvəllər qadınların  çalışdığı xeyli müəssisə var idi. Təkcə toxuculuq kombinatında beş min qadın çalışırdı. Bu, o demək idi ki, hər ay 5000 ailə oradan pul, çörək qazanırdı.  İndi həmin qadınlar məcburdur evdə otura… Hətta təhsilli qadınlarımız var ki, əlacsızlıqdan evə bağlanıblar.  Kütləvi şəkildə iş yerləri açılmalıdır. Biz ümid edirik ki, Mingəçevirdə texnoparkların açılması bu problemin həllinə kömək edəcək.  Minlərlə şəxs bu iş yerlərində işlə təmin olunacaq.

-Necə  bilirsiniz, son illər ailədaxili zorakılığın artması da işsizliklə bağlıdırmı?

-Götürəndə bunun üçün dərin düşünmək lazım deyil. Çayxanalarda bütün günü kişilər dominə oynayırlar. Təbii ki, onlar işləmədiyi üçün ordadırlar. İşləməyib evə pul aparmayan kişi, üstəgəl deyingən qadın, axırı nəyə gətirib çıxaracaq?

-Dava-dalaşa, ailədaxili zorakılığa.

-Cavabını özünüz verdiniz.

Şərhlər bağlıdır.