İqtisadiyyat

Su həyatdır

Ölkə başçısının həyata keçirdiyi layihələr içərisində su təsərrüfatının yenilənməsi birinci sıralardadır

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Azərbaycan paytaxtı Bakıda və bölgələrdə abadlıq-quruculuq işləri, infrastruktur layihələri ardıcıl olaraq davam etdirilir.  Bu genişmiqyaslı layihə çərçivəsində şəhər və rayonlarda, qəsəbə və kəndlərdə əsaslı tikinti işləri reallaşır. Yollarda asfaltlanma işləri görülür, işıqlanma sistemi müasirləşir, su  və kanalizasiya sistemi yenilənir, qaz xətlərində olan nasazlıqlar aradan qaldırılır. Əhalinin kommunal xidmətlərdən rahatlıqla istifadəsi üçün zəruri olan bütün işlər görülür. İnfrastruktur layihələri arasında su layihələrinin xüsusi yeri vardır. Qeyd etmək yerinə düşər ki, layihələrin icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edib.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin yanında iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədə problem və çətinliklərdən, qarşıda duran vəzifələrdən danışılıb. Qeyd olunub ki, enerji sektoruna qoyulan vəsait, bu sahədə aparılan müasirləşmə imkan yaratdı ki, ölkəmizdə artıq uzun müddətli elektrik enerjisi təmin edilsin. Əlavə generasiya gücləri nəticəsində ixrac imkanlarımız da yaranıb, 30-dan çox elektrik stansiyamız enerji təhlükəsizliyini təmin edir. Ölkəmizdə qazlaşdırma 96 faizə çatıb. Bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir. Digər sahələr kimi nəqliyyat infrastrukturu da böyük dərəcədə müasirləşib. Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci, dəmir yollarının səmərəliliyinə görə isə 12-ci yerdədir. Avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan 27-ci yerdədir. Bütövlükdə infrastrukturla bağlı olan vəziyyətə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir. Müstəqillik əldə etdikdən sonra keçid dövründə böhran və çətinliklər yaransa da  zamanla hər şey axarına düşüb, ölkə Prezidentinin diqqət və qayğısı sayəsində, tapşırıqlarına, imzaladığı sərəncamlara əsasən reallaşan infrastruktur layihələri vətəndaşların razılığı ilə qarşılanır.

Təbii ki, bu infrastruktur layihələri arasında içməli su və meliorasiya layihələri öz yerini tapıb. Su həyatdır. Susuz insan, təbiət nəfəs ala bilməz. Bunun üçün də əhalinin suya olan tələbatını təmin etmək məqsədi ilə Dövlət Proqramına əsasən əsaslı işlərin icrasına başlanıb və davam etməkdədir. 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində olsa da hazırda bu rəqəm 70 faizə çatıbdır. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idi, indi bu rəqəm təxminən 82 faizə çatıbdır. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz idi. Bu gün bu rəqəm 63 faizdir. Tələbatı tam təmin etmək üçün isə hələ işlər görülməlidir. Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz olmalıdır. Son illərdə Azərbaycanda nəhəng su layihələri reallaşması sayəsində vəziyyət tamamilə müsbət tərəfə dəyişib, onların arasında  dövlət başçısının tapşırığı ilə  yaradılan və iştirakı ilə istifadəyə verilən Oğuz-Qəbələ-Bakı su kəməri xüsusilə qeyd edilməlidir.

Su təminatını yaxşılaşdırmaq məqsədi ilə ölkəmizin hər bir bölgəsində yeni-yeni layihələr icra edilir. Bunların içində Taxtakörpü su anbarının tikintisi tarixi layihədir. Çünki bu anbarın su tutumu kifayət qədər böyükdür – 270 milyon kubmetr. Buradan su təqribən 30 min hektar suvarılmayan torpaqlara su verilir. Digər böyük layihə Ceyranbatan su anbarının yenidən qurulması və müasir təmizləyici qurğuların inşa edilməsidir. Həmçinin Şəmkirçay su anbarı əhəmiyyətlidir, anbarın su tutumu 165 milyon kubmetrdir və qərb zonasının bir neçə rayonu bu imkanlardan faydalanır. Bundan başqa Cənub zonasında yerləşən Göytəpə və Tovuzçay su anbarları inşa edilib. Son 15 il ərzində yaradılmış böyük su anbarlarının həcmi 470 milyon kubmetrdir. Hər birimiz bilirik ki, dünyada su problemi mövcuddur.  Ən böyük dövlətlərdə belə insanlar içməli suyu pul ilə almaq məcburiyyətindədir. Şükürlər olsun ki, dövlətimizin başçısının həyata keçirdiyi layihələr içərisində su təsərrüfatının yenilənməsi birinci sıralardadır.

Hər kəs üzərinə düşən vəzifəni tam və vicdanla yerinə yetirməlidir. Xüsusilə də vətəndaşların sosial təminatını yaxşılaşdırmaq məsələsi ciddi şəkildə həll edilməlidir. Keçən il yaşanan quraqlıq onu göstərdi ki, böhranlı vəziyyətdə nə etməyin lazım olduğunu aidiyyəti qurumlar düzgün müəyyən edə bilməyiblər.

Su həyat deməkdir. İlk növbədə, insanların sağlamlığı böyük dərəcədə təmiz içməli sudan asılıdır. Təəssüf ki, çox zaman  su itkilərinə yol verilir, suyun mənbəyi düzgün təhlil edilmir. Xərclərə nəzarət çox aşağı səviyyədədir. Suyun çatışmazlığı iqtisadiyyatımıza, kənd təsərrüfatının inkişafına, fermerlərin gəlirlərinə nə qədər böyük ziyan vurur. Taxılçılıqda və pambıqçılıqda məhsuldarlıq daha yüksək olmalı idi.

Bütün bu məsələlər barədə Prezident İlham Əliyevin rəhbərliyi ilə nazirliklərin rəhbərlərinin iştirakı ilə baş tutan virtual müşavirədə söhbət aparılıb. Görülən işlər, nöqsanlar, qarşıya çıxan problemlər və həyata keçiriləcək vəzifələr müzakirə edilib. Cəmiyyətin hər bir üzvü sabah problem yaşanmasın deyə sudan istifadədə diqqətli olmalıdır. Suya qənaət olunmalıdır, yeni işlərin görülməsi üçün xarici mütəxəssislər cəlb edilməlidir. Mövcud olan qanunsuz qoşulmalar tezliklə aradan qaldırılmalıdır. Yerli və mərkəzi icra orqanları, lazım gələrsə, hüquq-mühafizə orqanları bu işlərə cəlb edilməlidir. İtkilərin kəskin azaldılması ilə bağlı kompleks tədbirlər həyata keçirilməlidir.  İtkilərin əsas mənbəyi torpaq kanallardır. Digər mərhələlərdə də itkilərə yol verilir və bunun qarşısının alınması vacibdir.

Təqdir edilməli haldır ki, içməli su layihələrinə, meliorasiya layihələrinə böyük vəsait qoyulur. İndi boruların istismar müddətinin uzadılması üçün yeni texnologiyalar var, onlardan istifadə etməklə daha yaxşı nəticə əldə etmək olar.  Dövlət Proqramına əsasən nəzərdə tutulan 22 kanalın yenidən qurulması ilə təqribən 300 min hektara yaxın əkin sahəsinin su ilə təminatını tam həll ediləcək. Görülən işlərə ciddi və məsuliyyətlə  yanaşılması bizi ancaq müvəffəqiyyətə apara bilər.  Su ehtiyatlarımızın qiymətləndirilməsində və su ehtiyatlarını artırma ehtimalının dəyərləndirilməsində və bütün digər işlərdə alimlər mütləq iştirak etməlidirlər, deyən dövlətimizin başçısı onu da əlavə edib ki,  bu işlərə ekologiya üzrə mütəxəssislər mütləq cəlb olunmalıdır.

Həyata keçirilən quruculuq işlərini səmərəli şəkildə davam etdirmək üçün vahid idarəetmə mexanizminin hazırlanması zəruridur.  İclasa yekun vuran dövlət başçısı deyib ki, “Bu gün su təsərrüfatında fəaliyyət göstərən dörd qurum var – “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyəti, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi. Ona görə bu qurumlara bundan sonra geniş ictimaiyyət, alimlər, ekoloqlar, Prezident Administrasiyası, Nazirlər Kabineti ümumi rəhbərlik etməlidirlər ki, bütün bu işlər planlı şəkildə həll olunsun və yaxın gələcəkdə su təhlükəsizliyində olan problemlər həll olunsun.”

Bu qurumların qarşılıqlı əlaqələrlə fəaliyyət göstərməsi mövcud olan problemlərin həllinə səbəb ola bilər. Əsas məsələ odur ki, vətəndaşların rahat və firavan həyat tərzində heç bir maneə olmasın. Su probleminin yaranmaması üçün aidiyyəti qurumlar ölkə Prezidentinin tapşırıqlarına ciddi əməl etməlidirlər.

Ülkər AŞUROVA,

Texnika elmləri üzrə fəlsəfə doktoru, dosent

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close