Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Fermer qadınların rolu necə artırıla bilər?

İyulun 25-də “Ailə-fermer təsərrüfatlarının inkişafında qadınların rolu və onların aqrobiznes bacarıqlarının artırılması” adlı layihə çərçivəsində ilk onlayn təlim-görüş keçirilib. Təlimə Şimal-Qərb bölgəsində yaşayan və ailə-fermer təsərrüfatına rəhbərlik edən fermerlərlə yanaşı, bu sahəyə maraq göstərən digər qadın və qızlar da qatılıblar.

Onlayn təlimi “Balans” İMİB-nin sədri və layihənin rəhbəri Möhübbəli Nağıyev açıb, layihə haqqında iştirakçıları və ekspertləri məlumatlandırıb, görüləcək işlərdən, təlimlərin mövzularından danışıb. O, diqqətə çatdırıb ki, mövzular iştirakçıların, əsasən də, qadın fermerlərin arzu və təklifləri əsasında müəyyən edilib, iştirakçılara ekspertlər tərəfindən məsləhət və tövsiyələrin verilməsi də nəzərdə tutulub.

Daha sonra “Ailə – fermer təsərrüfatları”, “Ailə-fermer təsərrüfatlarının tarixi” və “Ailə-fermer təsərrüfatlarının statusu” barədə mövzular təqdim edilib. Layihənin ekspertləri Azərbaycan Elmlər Akademiyası Şəki Elmi Bazasının əməkdaşı, fəlsəfə elmlər doktoru Qüdrət Bəkirov, Şəki Qadınlar Şurasının üzvü Bahar Səmin və digərləri mövzu ətrafında çıxış ediblər. İqtisadçı Anar Həmidov ailə-fermer təsərrüfatlarının inkişafı üçün haazırda dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb. O, vurğulayıb ki, regionlarının iqtisadi inkişafı istiqamətində ölkə başçısının təsdiq etdiyi “Yol Xəritəsi” buna parlaq misaldır.

Tədbir iştirakçılarından Aysel Sadıqlı, Adilə Məmmədova, Oravan Kənd İcra Nümayəndəsi Şahin İslamov Şəki rayonunda ailə-fermer təsərüfatlarında çalışanların problemlərini dilə gətiriblər. Qeyd ediblər ki, belə mövzularda maarifləndirici təlimlərə fermerlərin çox böyük ehtiyacları var.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkil etdiyi program əsasında “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyi tərəfindən gerçəkləşdirilir.

Şərhlər bağlıdır.