“Qızıl dərviş”in sahibi
İbrahim Türksoy (Salamov) 1977-ci ildə Şəki rayonunun Dərəcənnət kəndində anadan olub, orta təhsilini Mingəçevir şəhər liseyində alıb, natamam ali təhsillidir. Uşaqlıqdan ədəbiyyata və incəsənətə böyük marağı olub. Bakı festivalında H.Cavidin “Ana” dramındakı roluna görə “Qızıl dərviş” mükafatını alıb. Ailəlidir, bir övladı var.
– İbrahim bəy, teatra ilk gəlişinizi necə xatırlayırsınız?
– 2003-cü ilin sentyabr ayından burdayam. O vaxtkı baş rejissor, xalq artisti Z.Abbasov məni sınaq müddətilə aktyor ştatına götürdü.
– İlk rolunuz?
– İsa Əlimovun quruluşunda “Fitnə” tamaşasında kiçik bir gözətçi rolunu oynadım, sonralar mənə böyük həcmli obrazlar tapşırıldı. “Ana”da (H.Cavid) İzzət, “Qudalar”da (B. Mirzəzadə) kəndçi, “Subaylarınızdan görəsiniz” (İ.Məlikzadə) Cinli Mayıl, “Bayramın birinci günü”ndə (N.Hikmət) Firuz, “Vaqif”də (S.Vurğun) Əlibəy… Bir sözlə, indiyədək 50-dən çox irili-xırda obrazlar oynamışam.
– Sizi bir çox şəhər tədbirlərində də görürük.
– Dəvət aldığım bütün tədbirlərdə iştirak edirəm. Hətta bir neçə kompozisiyanın ssenari və quruluşu da mənə məxsusdur.
– Məlumatıma görə, bir vaxtlar teatrda yaradılmış studiyaya da rəhbərlik etmisiniz.
– 2011-ci ildə “Ümid” teatr studiyası açılanda rəhbər təyin olundum. Sonralar özümə də məlum olmayan səbəbdən kənarlaşdırıldım.
– Sizin oynadığınız bir çox tamaşalara baxmışam, üzə demək olmasın, geniş səs diapazonunuz, açıq, düzgün tələffüzünüz, ifa tərziniz əsl peşəkarlıqdan xəbər verir. Ancaq sizi son tamaşalarda görə bilmirəm.
– Con zamanlar kütləvi aktyor tələb edən tamaşalarda rol ala bilmirəm. Bunlar hamısı şəxsi zəmində münasibətlərdən irəli gəlir. Teatrda intriqalar həmişəki kimi yenə davam edir.
– Çəkildiyiniz filmlər barədə də danışmağınızı istərdik.
– “Fosforlu adam”da (İctimai TV-nin “Darçı film” studiyası), əmi, “Xoca” filmində (“Bakı film” studiyası) Xocalı İcra Hakimiyyətinin başçısı rollarını oynamışam. Bir neçə seriallara dəvət almışam, ANS, İctimai TV, Xəzər TV-nin bir neçə tele layihələrinin iştirakçısı olmuşam. Sonra Gürcüstan tele-mətbuat yayımının Beyləqan rayonunda çəkdiyi “Qarabağa qayıdış” çarxında da mənə yer ayrılıb.
– Mətbuata münasibətiniz?
– Hələ orta məktəbdə oxuyarkən “Gənc jurnalist” kimi fəxri fərmanlarla təltif olunmuşam. Müxtəlif mövzulu yazılarım “Mingəçevir işıqları”, “Səda” və “Azərbaycan işıqları”nda çap olunub.
– Şəhərimizdə keçirilən xeyriyyə tədbirlərində iştiraka da vaxt tapırsınız.
– Mən bu tədbirlərin həm iştirakçısı, həm də təşkilatçısı oluram. Ailələrə Dəstək Mərkəzi, psixonevroloji uşaq sanatoriyası, Gəncə SOS uşaq kəndi ilə əlaqələrim var. Bu ictimai işlərdən zövq alıram. Həmin təşkilatlar teatra təşəkkür məktubları da göndəriblər. Hərdən öz cüzi maaşımı da bu xeyriyyə işlərinə sərf edirəm.
– Gəlin bir də qayıdaq teatra. Ən çox hansı aktyorlarla tərəf müqabili olmaq istərdiniz?
– Respublikanın əməkdar artisti Elmira Yaqubova, indi-indi mənə maraqlı olan Ruhəngiz Abdullayeva və bir-iki peşəkarla. Bir də mənim üçün ən maraqlısı uzun illər teatrımızı tanıtmış, onu hər yerdə təbliğ etmiş, indi isə teatrdan kənar düşmüş əsl peşəkarlarla yenidən qarşılaşmaq, tərəf-müqabili olmaqdır. Başqa sahələrdə yaşlı insanların işdən çıxarılması başa düşüləndir, amma teatrda təcrübə illərlə qazanılır və bu gün yaşlı adamların bizimlə və teatr studiyasının gəncləri ilə çiyin-çiyinə çalışmasına böyük ehtiyac və tələbat var.
Şərhlər bağlıdır.