“Şərəf kötüyü”nə bu dəfə Hacı Piriyevin adı yazıldı
“Artıq 20 ildir ki, Çağ Öyrətim İşlətmələri Şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bu illər ərzində 12 ümumtəhsil məktəbi, 13 hazırlıq kursu və Qafqaz Universiteti yeniyetmələrin yüksək təhsil almalarına yardımçı olub. 20 ildə məzunlar dünya olimpiadalarından 500 qızıl, gümüş və bürünc medal gətiriblər”. Bu fikirlər məzun gecəsində nümayiş olunan videofilmdə səslənib.
MÖTL-ün müdiri Elxan Əliyev ötən il ali məktəblərə qəbul vaxtı liseyin məzunlarından doqquz nəfərinin 600-dən yuxarı bal topladığını, Natiq Səlimzadənin 695 bal yığaraq respublika ikincisi olduğunu, bu tədris ilində isə beynəlxalq və respublika fənn olimpiadalarından şagirdlərin bir neçə qızıl, gümüş və bürünc medallar gətirdiyini deyib: “Liseyin müəllim kollektivinin üzərinə düşən vəzifə şagirdləri yaxşı tərbiyə etməklə bərabər cəmiyyətə layiqli vətəndaş yetişdirməkdən ibarətdir. İnanıram ki, liseyin builki 59 məzunu müəllim və valideynlərin ümidini doğruldacaq. Yolunuz açıq olsun, məzunlar!”
Mərasimdə Mingəçevir İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov, Türkiyənin Gəncə konsulu Harun Ağcabəy, Çağ Öyrətim İşlətmələri Şirkətinin nümayəndəsi Mesut Kurnaz, Qafqaz Universitetinin prorektoru Təyyar Mustafayev məzunlara ən xoş arzularını diləyiblər.
Səhnəyə yüksək balla MÖTL-ə qəbul olunan və pulsuz təhsil alan şagirdlər dəvət olunub.
2011-2012-ci ildə nailiyyət qazanan şagirdlərə qiymətli hədiyyələr təqdim olunub.
Bədii hissəni 3 saylı incəsənət məktəbinin “Sevinc” rəqs qrupu davam etdirib. Lisey şagirdlərinin ifasında səhnəcik və “Azərbaycan-Türkiyə” mahnısı maraqla qarşılanıb.
Liseyin müdir müavini Ramin Nurəliyev “Bayraq” şeirini söyləyəndən sonra daha həyəcanlı an yaşandı-zala Azərbaycanın dövlət bayrağı gətirildi. Məzunlar bayrağı öpərək, qarşısında and içdilər ki, vətənə sədaqətli olacaq, onu göz bəbəyi kimi qoruyacaq. Bayrağı 10-culara təhvil verən məzunları əvvəl müəllim və qrup rəhbərləri, sonra isə valideynləri təbrik etdilər.
Ənənəvi olaraq dərs ilinin yekununda yüksək nəticəyə görə, “Şərəf kötüyü”nə bu dəfə 2011-2012-ci dərs ilində fizika fənni üzrə respublika fənn olimpiadasından qızıl medal gətirmiş Hacı Piriyevin adı yazılan lövhə vuruldu. Məzunlarla xatirə şəkilləri çəkdirildi. Məzun gecəsi Mingəçevir Özəl Türk Liseyində davam etdirildi.
Şərhlər bağlıdır.