Evinizi sığorta etdirmisinizmi?
Son zamanlar çox tez-tez yol nəqliyyat və təyyarə qəzaları, yanğınlar, oğurluq, istehsalatda bədbəxt hadisələr və təbii fəlakətlər haqqında məlumat alırıq. Hər belə bir məlumatın arxasında insan faciəsi, bununla əlaqəsi olan şəxslərin narahatlığı dayanır. Bu məlumatlar özlüyündə sığorta mexanizminə tələbatın olmasını nümayiş etdirir. Bu mexanizmdən lazımi qaydada istifadə olunarsa, risklər real hadisəyə çevrildiyi zaman maddi və mənəvi çətinliyi aradan qaldırmaq mümkün ola bilər. Əslində sığorta hər hansı zərər və ya qəzanın qurbanı olan insanın vəziyyətini yüngülləşdirmək üçündür. Sığorta hər hansı bir itkiyə məruz qalmış şəxsi buna səbəb olmuş hadisədən əvvəlki maliyyə vəziyyətinə qaytarmaq üçün təzminatla təmin edir.
İnsanların hər zaman ümid yeri ola bilən belə bir təminat formasından lazımi qədər məlumatı varmı? Əlbəttə yox!
“İcbari sığortalar haqqında” 2011-ci il 24 iyun tarixli Azərbaycan Respublikası Qanununa əsasən hüquqi və fiziki şəxslərə məxsus daşınmaz əmlak (yaşayış evləri, mənzillər və tikililər), nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyəti icbari qaydada sığorta olunmalıdır. Daşınmaz əmlakın icbari sığortası əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı zamanda itkisi ilə bağlı dəyən zərərin ödənilməsi məqsədilə tətbiq edilir. Bu növ sığortaya görə hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri yaşayış sahələrinin, yaşayış evlərinin, binaların, mənzillərin sığortası icbaridir. Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, qapı və pəncərə konstruksiyasına, su, qaz və kanalizasiya təhcizatına, rabitə elektrik xəttlərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili suvaq işlərinə, tavan və döşəməyə dəyən ziyanın ödənilməsinə təminat verir. Yanğın, partlayış, elektrik naqillərində baş verən qısa qapanma, su, istilik, kanalizasiya kəmərlərinin qəzası, hər hansı predmetin düşməsi, dəyməsi, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər – zəlzələ, tufan, qasırğa, dolu, sel, daşqın, yer sürüşməsi, leysan nəticəsində dəymiş zərərlər sığorta hadisəsi sayılır və sığorta şirkəti tərəfindən ödənilir.
Sığortalıların, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsd hərəkətləri, sığortalanmış əmlaka təmir, emal və ya digər istehsalat məqsədləri üçün tətbiq olunan istehsal alovunun, yaxud istiliyin təsiri nəticəsində əmlaka zərərin dəyməsi, hadisə zamanı və ya hadisələrdən sonra əmlakın hər hansı hissəsinin oğurlanması, qrunt sularının səviyyəsinin dəyişməsi, suyun borulardan şaxta vurma, aşınma, tədricən xarab olma, təmir nəticəsində axması sığorta hadisəsi sayılmır.
Sığorta məbləği qeyri yaşayış sahələri, tikililər və binalar üzrə orta bazar dəyəri məbləğində hesablanır. Bakıda bir mənzil 25 min manata sığorta olunur və bunun üçün sığorta haqqı 50 manatdır. Sumqayıt və Gəncədə isə sığorta məbləği 20 min, sığorta haqqı isə 40 manatdır. Digər yaşayış məntəqələrində mənzil 15 min manata sığorta olunur və sığorta haqqı 30 manat müəyyənləşdirilib. Bu sığorta məbləği qəzaya uğramış evin yenidən konstruksiyasını və təmirini nəzərdə tutur.
Ünvanlı dövlət sosial yardım almaq hüququna malik olan aztəminatlı ailələrə məxsus evlərin icbari sığorta üzrə sığorta haqqları dövlət büdcəsi vəsaiti hesabına ödənilir.
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası
Daşınmaz əmlakın istismarı ilə bağlı və həmin əmlakın ərazisində inşaat, təmir, yenidənqurma və digər işlərin həyata keçirilməsi zamanı üçüncü şəxsin sağlamlığına və əmlakına dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.
Mülkiyyətdə hər hansı əmlak olan və ya həmin əmlakı icarəyə götürmüş, etibarnamə əsasında icarə edən yaxud digər qanunu əsaslarla istismar edən müvafiq şəxslər həmin əmlakın sahibi hesab olunur və mülki məsliyyətini icbari qayda sığorta etdirməlidir.
Sığorta hadisəsi hesab olunur:
– elektrik və qaz cihazlarından istifadə nəticəsində yaranan yanğın, partlayış və onun qarşısının alınması üçün göstərilən tədbirlərin nəticəsi;
– elektrik naqillərində baş verən qısa qapanma;
– su, istilik və kanalizasiya xətlərində baş verən qəza nəticəsində subasma;
Sığorta məbləği qanuna uyğun olaraq üçüncü şəxslərin sağlamlığına dəyən zərər üzrə ümumi sığorta məbləği
50000 manatdan çox olmamaqla bir şəxs üçün 5000 manat
– əmlaka dəyən zərər üzrə cəmi 50000 manat
Mülki məsuliyyətin icbari sığortası üzrə sığorta haqqı əmlakın təyinatından asılı olaraq müəyyən edilir:
– Dövlət idarəetmə təşkilatları üçün – 30 manat;
– Təhsil, səhiyyə, rabitə və bu sahələrdə oxşar təşkilatlar üçün – 60 manat;
– Nəqliyyat, ticarət, su təhcizatı və s. təşkilatlar üçün – 90 manat;
– Sənaye, tikinti, elektrik enerjisi istehsal edən təşkilatlar üçün – 120 manat müəyyənləşdirilmişdir.
Əgər sığorta və ya sığorta olunan alkoqol, narkotik və psixotrop maddələrin istifadəsi nəticəsində sərxoş vəziyyətdə əmlakı istismar etməsilə hadisənin baş verməsi sığorta hadisəsi hesab edilmir.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası
Mühərrikin həcmi 50 kub/sm-dən artıq olan nəqliyyat vasitəsi kimi istifadə olunan bütün avtomobillərin sahibləri üçüncü şəxs qarşısında mülki məsuliyyətini icbari qaydada sığorta etdirməlidir. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan yaxud onu icarəyə götürmüş və ya etibarnamə əsasında idarə edən şəxslər avtonəqliyyat vasitəsinin sahibi hesab olunur.
Müvafiq sığorta müqaviləsinin tərəfi olmayan sığortalının hərəkəti nəticəsində zərərçəkən şəxslər, o cümlədən sərnişinlər üçüncü şəxs sayılır.
Sığorta məbləği:
Üçüncü şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üçün 50000 manatdan artıq olmamaq şərtilə bir şəxsin sağlamlığına dəyən zərərə görə 5000 manat,
üçüncü şəxsin əmlakına dəyən zərərə görə isə 5000 manat olmaqla cəmi sığorta məbləği 55000 manat müəyyən edilmişdir.
Sığorta haqqı:
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası müqaviləsi bağlayarkən bir illik sığorta haqqının məbləği
– mülki avtomobillər üçün mühərrikin həcminə görə;
– avtobuslar üçün oturacaq yerlərinin sayına görə;
– yük avtomobilləri üçün yük götürmə qabiliyyətinə görə müəyyən edilir.
Məsələn: minik avtomobilləri üçün:
Mühərrikin həcmi:
50 kub/sm – 1500 kub/sm = 50 manat
1501 kub/sm – 2000 kub/sm = 75 manat
2001 kub/sm – 2500 kub/sm = 100 manat
2501 kub/sm – 3000 kub/sm = 125 manat
3001 kub/sm – 3500 kub/sm = 150 manat
3501 kub/sm – 4000 kub/sm = 175 manat
4001 kub/sm – 4500 kub/sm = 200 manat
4501 kub/sm – 5000 kub/sm = 225 manat
5001 kub/sm – dən çox = 250 manat.
Avtobuslar üçün sərnişin yerlərinin sayı:
9-dan 16-ya qədər = 150 manat
16-dan artıq = 200 manat
Yük avtomobilləri üçün yük götürmə çəkisinə görə:
3500 kq qədər = 150 manat
3501 kq-dan 7000 kq-a qədər – 200 manat
7000 kq-dan yuxarı – 250 manat
Motosikl motorollerlər üçün – 50 manat
Traktor, yol-tikinti maşınları – 50 manat
Trolleybus və tramvay üçün – 100 manat
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta ödənişi verilməsi üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
1. Hadisə haqqında dərhal sığortasiya məlumat (ərizə);
2. Sığorta müqaviləsini təsdiqləyən sığorta şəhadətnaməsi;
3. Sürücülük haqqında vəsiqənin surəti;
4. Sığorta hadisəsini təsdiqləyən səlahiyyətli orqanın arayışı;
5. Əmlaka dəyən zərərin məbləğini təsdiqləyən sənəd;
6. Sağlamlığa dəyən zərər üzrə xəsarətin dərəcəsi haqqında həkim arayışı.
Sığortaçı ilə sığorta müqaviləsi bağlamaq üçün vətəndaş şəxsiyyət vəsiqəsini və sığorta obyektinin texniki sənədlərini təqdim etməlidir.
Nazim Səfərov,
Dövlət Sığorta Şirkəti Mingəçevir şəhər filialının direktoru
Şərhlər bağlıdır.