Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir su anbarında suyun səviyyəsi 2,4 m enib

APA-nın Mingəçevir bürosunun məlumatına görə, ötən il bu hədd 73.36 metr idisə, hazırda 71.32 metr təşkil edir. Anbarda azalma davamlı olaraq müşahidə olunur. Təkcə dünən gün ərzində anbarın ümumi su səviyyəsi 3 sm-dək azalıb. Bu durum mənbəyini su anlarından alan Yuxarı Şirvan Kanalı kollektivini qənaət rejimi tətbiq etməyə sövq edib.

Kanalın baş mühəndisi Əliqulu Abbasovun APA-nın Mingəçevir bürosuna verdiyi məlumata görə, tətbiq olunan qənaət hər hansı gözlənilməz durumda əraziyə daxil olan rayonların əkin sahələrini suvarma suyu ilə təmin etməyə imkan verəcək. Limit üzrə kanal saniyədə 59 kubmetr su qəbul edib ötürmək imkanına malik olsa da, qənaət tətbiqindən sonra həmin ötürücülük həddi məqsədyönlü şəkildə saniyədə 55 kub metr su səviyyəsinə endirilib.

Ə. Abbasovun sözlərinə görə, kanalda digər xarakterli qabaqlayıcı tədbirlər də görülür. Kanalın baş mühəndisi deyib ki, proses qarşıdakı dönəmlərdə də davam etdiriləcək. Ə. Abbasov bildirib ki, anbarda suyun azalması çətinliklərə yol açsa da, Yuxarı Şirvan kanalının ötürücülük qabiliyyətində hər hansı problem mövcud deyil.

 

Şərhlər bağlıdır.