Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə və daha 9 bölgədə xüsusi karantin rejimi avqustun 31-dən ləğv olunur

Repetitor xidmətlərinin fəaliyyətinə icazə verildi

Azərbaycan Respublikasının Nazirlər kabinetinin yanında Operativ Qərargahın qərarına əsasən ölkə üzrə Xüsusi karantin rejiminin tətbiqi qaydalarında bəzi dəyişikliklər edilib. Nazirlər Kabinetinin 29 avquat 2020-ci il tarixli 310 №li Qərarına əsasən ölkə üzrə xüsusi karantin rejiminin müddəti 2020-ci il sentyabrın 30-dək uzadılıb. Hökumətin 311 №-li Qərarı ilə sərtləşdirilmiş xüsusi karantin rejiminin yalnız Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda 2020-ci ilin sentyabrın 30-dək tətbiqi nəzərdə tutulub. Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərləri və Bərdə, Salyan, Xaçmaz, Goranboy və Göygöl rayonları avqustun 31-dən xüsusi karantin rejimindən çıxarılıb.

31 avqust saat 06.00-dan muzey və sərgi zallarının fəaliyyəti bərpa olunur. (Bu Qərara əsasən fəaliyyətinə icazə verilən muzey və sərgi zallarının fəaliyyəti mövcud qaydalara, sanitariya normalarına və metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunmalıdı.)

Fərdi, qrup halında tədris və repetitor xidmətlərinin fəaliyyətinə də icazə verilib (10 nəfərdən artıq şəxsin iştirakı ilə keçirilən məşğələlər istisna olmaqla).

Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti  2020-ci ilin sentyabrın 15-dək dayandırılıb.

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda şənbə və bazar günləri ictimai nəqliyyatın hərəkətinin dayandırılması  2020-ci ilin sentyabrın 30-dək tətbiq ediləcək. Belə ki:

5 sentyabr saat 00:00-dan 7 sentyabr saat 06:00-dək;

12 sentyabr saat 00:00-dan 14 sentyabr saat 06:00-dək;

19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək;

26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır.

 

Axır ki, məktəblər açıldı

Nazirlər Kabinetinin 312 №li Qərarı ilə xüsusui karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən qrafik müəyyənləşib.

Məktəbəqədər təhsil müəssisələrində – 2020-ci il  sentyabrın 15-dən;

Ümumi təhsil müəssisələrində:

– ümumi təhsilin ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə – 2020-ci il sentyabrın 15-dən;

– xüsusi məktəblərdə, xüsusi internat məktəblərində, ümumtəhsil internat məktəblərində, inteqrasiya təlimli internat tipli  təhsil müəssisələrində, inteqrasiya təlimli internat tipli gimnaziyalarda, valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəblərində – 2020-ci il  sentyabrın 15-dən;

– ümumi təhsilin məktəbəhazırlıq mərhələsi (5 yaş)  üzrə – 2020-ci il  oktyabrın 1-dən;

– ümumi təhsilin ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə – 2020-ci il oktyabrın 1-dən;

– ümumi təhsilin tam orta təhsili səviyyəsi (X-XI siniflər) üzrə – 2020-ci il  oktyabrın 15-dən.

Peşə təhsili müəssisələrində:

– qısamüddətli kurslar üzrə – 2020-ci il oktyabrın 1-dən;

– peşə təhsilinin bütün səviyyələri üzrə  – 2020-ci il oktyabrın 15-dən.

Ali və orta ixtisas təhsili müəssisələrində:

– I kurs tələbələri üçün  – 2020-ci il oktyabrın 1-dən;

– II və yuxarı kurs tələbələri üçün siyahısı Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla və hər bir ixtisasın xüsusiyyəti nəzərə alınmaqla təhsil müəssisələrinin müəyyən etdiyi ixtisaslar üzrə – 2020-ci il  oktyabrın 15-dən;

Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində yaş qruplarından və siniflərdən asılı olaraq Qərarın 1.2-ci bəndində göstərilən tarixlərdə tədris prosesi başlanır.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasında təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydalarını 10 (on) gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.

Azərbaycan Respublikasının bütün  ərazisində və ya ayrı-ayrı inzibati ərazi vahidlərinin ərazisində sanitar-epidemioloji vəziyyətin əhalinin sağlamlığına təhlükə yaratmadığı barədə müvafiq olaraq Azərbaycan Respublikasının Baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyi olduğu halda, təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılması bu Qərarla müəyyən edilən tarixlərdən əvvəl bərpa edilə bilər.

Qərarın qüvvədə olduğu müddətdə təhsilalanların və təhsilverənlərin iştirakı ilə tədris prosesindən kənar kütləvi tədbirlərin keçirilməsi təxirə salınır.

 

Hibrid təhsil formasında tədris qaydaları necə olacaq?

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, hökumətin təhsil müəssisələrində yeni dərs ilində  HİBRİD təhsil formasına ( əyani +distant) keçidlə bağlı rəsmi qərarı mövcud şəraiti nəzərə alsaq, doğru yanaşmadır. Bəs tədris və təlim-tərbiyə prosesi hibrid təhsil formasında necə qurulacaq? Hibrid təhsil forması üçün hüquqi baza varmı ?

Ekspertin fikrincə, mövcud təhsil qanunvericiliyində indiyədək belə bir təhsil forması nəzərdə tutulmadığından klassik tədris prosesi ilə bağlı Qaydalar burada keçərli olmaya bilir: “Həmçinin Distant təhsil formasının təşkili ilə bağlı hüquqi-normativ baza da indiyədək formalaşdırılmayıb. Buna görə də bu gün dərc olunan NK-nın qərarında bu məqsədlə TN-ə 10 gün vaxt verilib ki, əlaqədar qurumlarla birgə Hibrid təhsil formasında tədrisin təşkili üçün  Müvəqqəti Qaydaları hazırlayıb hökumətə təqdim etməlidir. Vaxt isə çox az qalıb. Ümid edirəm TN tez bir zamanda belə bir Qaydaları hazırlayıb təqdim edə biləcək”.

Osman Gündüzün dediyinə görə, hökumətin qərarında bir sıra məqamlara aydınlıq gətirilməyib: “TN şagirdlərin , tələbələrin və müəllimlərin distant fromada tədrisin təşkili üçün zəruri olan kompüter və internet təminatını necə həyata keçirəcək? İnternet bağlantısı olmayan ərazilərdə dustant hansı formada təşkil olunacaq? 3. Məktəblərdə və Universitetlərdə istifadəsiz qalan kompüterlər və digər avadanlıqlar müvəqqəti olaraq  distant təhsil prosesi iştirakçılarına veriləcəkmi?  Hökumət həssas qrupa daxil olan ailələr üçün kompüter, planşet və internet təminatını üzərinə götürə bilirmi? Əgər hökumət  rəsmi olaraq Hibrid təhsil formasına keçidlə bağlı qərar verirsə, onda ən azı həssas qrupa daxil olan ailələr üçün, müəllimlər üçün distant tədris prosesinin texniki-texnoloji təminatını hökumət öz üzərinə götürməlidir”

Şərhlər bağlıdır.