Yerli Qurumlar

Mingəçevirdə İcra Hakimiyyətinin başçısı yerli sahibkarlarla birgə onları narahat edən məsələləri müzakirə edib

“Sahibkarlara gəlir mənbəyi kimi baxmaqdan əl çəkilməlidir”

Yanvarın 21-də Mingəçevirdəki sahibkarlarla görüşən İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov  onlara dəstək olacağından, eyni zamanda manatın məzənnəsinin düşməsindən istifadə edərək, bəzi işbazların qiymətləri süni şəkildə artırmasına yol verilməyəcəyindən danışıb: “Şəhər İcra Hakimiyyəti bununla bağlı ciddi tədbirlər görür”.

Şəhər prokuroru Azad Qarayev işbazların, dələduzların vəziyyətdən istifadə etmələrinin qarşısının ciddi sürətdə alındığını söyləyib: “Bərdə çörək” və “Kür çörək” kimi müəssisələrin sahibləri süni yolla çörəyin çəkisini  azaltdıqları üçün saxlanılıblar. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində hər iki şəxs barəsində cinayət işinə başlanıb. Xəbərdarlıq edirəm ki, öz şəxsi mənafelərinə görə süni qiymət artımı ilə məşğul olan şəxslər ciddi şəkildə ilə cəzalandırılacaqlar”.

Azərbaycan Sahibkarlar Konfedrasiyası Mingəçevir bölməsinin sədri Vaqif Həsənov bir çox problemləri önə çəkərək deyib ki, sahibkarlara gəlir mənbəyi kimi baxmaqdan əl çəkilməlidir: “Mingəçevirdə suyun qiymətini Bakı qiymətinə qaldırıblar. Biz axı Bakının suyundan içmirik. Bakıya rayon maşınları buraxılmır. Giriş bağlanıb. Sual verən yoxdu ki, hörmətli Abid müəllim, bizim yolumuzu niyə bağlamısınız?”

Ət-süd aqrar müəssisəsinə rəhbərlik edən sahibkar Əlif Abbasov  da iradlarını bildirib. O deyib ki, bu sahədə 47 illik  təcrübəsi var: “Ən gözəl ət bizdə ola-ola bağçalara küçələrdə satılan ətlərdən paylanılır”.

Mingəçevir kənd sakini Nəriman Hüseynov bank sektorundan narazılığını dilə gətirib: “Bankların faizləri olduqca yüksəkdir. Bir azca ödənişi gecikdirən kimi faizlər ildırım surətiylə qalxır. 4600 məbləğində aldığım krediti 8600 məbləğində ödəməyimi tələb edirlər”.

Digər sahibkarlar da irad və təkliflərini səsləndiriblər. Texniki suyun qıtlığı, yararsız ərzaq məhsullarının satılması, apteklərdə malların üzərində qiymətlərin yazılmaması və digər  problemlər müzakirə edilib.

İcra Hakimiyyəti başçısı Niyazi Bayramov iradlarla bağlı ciddi tədbirlər görüləcəyini nəzərə çatdırıb, bir çox məsələlərin həlli üçün  elə yerindəcə aidiyyatı orqanlara göstərişlərini verib.

Daha çox

Oxşar yazılar

Close