Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan və Türkiyənin mədəniyyət işçiləri bir araya gəldilər

Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbi rəhbərliyinin təşəbbüsü və Araz Doğa Sporları və Kültür Kulübü Derneğinin təşkilatçılığı ilə keçirilən görüş Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunub.

Görüşdə Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin direktoru Vüsal Məmmədov erməni millətçilərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri qırğının acı nəticələrindən danışıb. Bildirib ki, ermənilərin 28 il əvvəl Xocalıda törətdikləri bu qətliam, amansızlıq və vəhşilik təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır.

Bərdə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Orxan İbrahimov diqqətə çatdırıb ki, Хоcalı soyqırımı özünün siyasi-hüquqi qiymətini yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra alıb və bundan sonra Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülməyə başlanıb. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Milli Məclisi fevralın 26-nı Xocalı Soyqırımı Günü elan edib. Bu gün dünya ictimaiyyətinin Xocalı həqiqətləri barədə məlumatlandırılması istiqamətində işlər davam etdirilir. Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir ki, artıq beynəlxalq təşkilatlar, aparıcı dövlətlər münaqişənin kökləri, səbəbləri və nəticələri barədə daha geniş məlumatlandırılır.

Araz Doğa Sporları və Kültür Kulübü Derneğinin rəhbəri Serpil Önal vurğulayıb ki, Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşı başlanan müharibənin səbəbləri və nəticələrinin ümumi qiymətləndirilməsi və Xocalıdakı faciəvi hadisələrin bütün mövcud faktları qəti şəkildə sübut edir ki, Azərbaycanın bu şəhərində törədilmiş cinayətlər sıradan və təsadüfi hərəkət deyil, Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsi olub. Xocalıdakı mülki insanların məqsədyönlü qırğını, sadəcə, azərbaycanlı olduqları üçün onların kütləvi məhvinə yönəlib.

Görüşə qatılan Araz Doğa Sporları və Kültür Kulübü Derneğinin yazarı Yurdsevən Şən bildirib ki, Azərbaycan və Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir və münasibətlər uğurla inkişaf edir, bütün sahələri əhatə edir və bu əməkdaşlığın çox gözəl nəticələri vardır. Həm ikitərəfli formatda, həm regional müstəvidə Türkiyə-Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli bir amilə çevrilibdir.

Tədbirdə vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda ədalətli mübarizədə əsl dövlət rəhbərinə xas məharət və sərkərdəlik qətiyyəti nümayiş etdirib. Bu da müharibədə qazanılan zəfərlərin əsasını təşkil edir. Ali Baş Komandan səviyyəsində müəyyən edilmiş hərbi-döyüş strategiyası və taktikası əsasında müzəffər Azərbaycan Ordusunun Vətənə və dövlətə sədaqəti, yüksək döyüş hazırlığı və qələbə əzmi müharibə cəbhələrində xalqımıza yeni-yeni zəfərlər qazandırır.

44 günlük Vətən Müharibəsində Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyənin Azərbaycanın haqq işinə dəstəyi bizə əlavə güc verib. Rəcəb Tayyib Ərdoğanın obyektiv və sərt bəyanatları, atdığı qətiyyətli addımlar, düşünülmüş diplomatik gedişləri Azərbaycanın qədim ərazilərini qaytarmaq uğrunda aparılan müharibənin uğurlu gedişinə təkan verib, xalqımıza və əsgərlərimizə böyük ruh yüksəkliyi gətirib. Türkiyə Cümhuriyyətinin rəhbərinin təşviqi ilə Türkiyənin dövlət rəsmiləri ilə nümayəndə heyətlərinin Azərbaycana səfərləri müstəqil dövlətlətimizə və xalqımıza ən çətin sınaq dövründə birlik və həmrəyliyin canlı təcəssümüdür.

Görüşün sonunda  musiqi məktəbinin müəllimi Səttar Orucov “Qarabağ” şikəstəsini,  Türkiyənin  mədəniyyət xadimi Ramin Marağalı isə “Ay Laçın” mahnısını ifa ediblər.

Şərhlər bağlıdır.