AzərbaycanElm və təhsilMDUXəbərlər

Mingəçevir Dövlət Universitetində Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr olunmuş konfrans keçirilib

2021-ci ilin 24 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr olunmuş “XX əsrin faciəsi: Xocalı soyqırımı” mövzusunda konfrans keçirilib.

“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən konfransı açan MDU-nun rektoru Şahin Bayramov Xocalı soyqırımını XX əsrin ən qəddar genosid aktlarından və insanlığa qarşı törədilmiş ən qanlı tarixi cinayətlərdən biri olduğunu qeyd edib. İyirmi doqquz il əvvəl Xocalıda 613 dinc sakinin yalnız azərbaycanlı olduqları üçün xüsusi amansızlıqla qətlə yetirildiyini bildirən Ş.Bayramov soyqırım aktını erməni vəhşiliyinin bariz nümunəsi kimi qiymətləndirib.

Xocalı soyqırımına siyasi-hüquqi qiymətin Ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini diqqətə çatıdıran rektor bəşəriyyətə qarşı törədilmiş bu kütləvi qətliamla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və onun genosid aktı kimi tanıdılması istiqamətində həyata keçirilən məqsədyönlü dövlət tədbirlərindən danışıb.

Heydər Əliyev Fondu tərəfindən reallaşdırılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində aparılan genişmiqyaslı, çoxşaxəli və sistemli təbliğat işlərinin xüsusi əhəmiyyətindən bəhs edən Ş.Bayramov soyqırım aktının dünyada tanıdılması və qəbul edilməsi sahəsində əldə edilmiş uğurlu nəticələr barədə məlumat verib.

Müzəffər Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan Ordusunun sayəsində Vətən müharibəsində tarixi Zəfərin əldə edilməsi ilə soyqırım qurbanlarının qanlarının yerdə qalmadığını qeyd edən rektor  44 gün davam edən döyüşlərdə Xocalı qatillərinin bir çoxunun məhv edildiyini diqqətə çatdırıb.

Qan yaddaşımıza çevrilmiş Xocalı soyqırımının gənc nəsil arasında təbliğinin vacibliyini vurğulayan Ş.Bayramov MDU-da təşkil edilən bu konfransın əhəmiyyətindən bəhs edib.

MDU-nun “Humanitar fənlər” kafedrasının müəllimi Tahirə Quliyeva “Xocalı faciəsi şahidlərin gözü ilə” mövzusunda,  “Humanitar fənlər” kafedrasının baş müəllimi İlham Məmmədov “Xocalı: ədalət zəfər çaldı” mövzusunda, “Humanitar fənlər” kafedrasının müəllimi Gülər Əjdərzadə “Dünya Xocalı soyqırımına biganə deyil” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələrdə erməni terror təşkilatları və onların bəşəriyyətə qarşı qanlı cinayətkar əməlləri, Ermənistanda terrorun dövlət səviyyəsində dəstəklənməsi, düşmən dövlətin etnik təmizləmə siyasəti, Xocalıda ağlasığmaz qəddarlıqla törədilən qətliamlar, o zamankı hakimiyyətin məsuliyyətsiz və laqeyd davranışları, soyqırım faktının və erməni vəhşiliyinin təbliği istiqamətində görülən məqsədyönlü işlər, Xocalı soyqırımına verilən beynəlxalq siyasi-hüquqi qiymət, dünyanın tanınmış bir sıra dövlət adamları, alimləri və jurnalistləri tərəfindən səsləndirilən fikirlər, Vətən Müharibəsi dövründə mənfur ermənilərin yaşayış məntəqələrimizi hədəfə alması və çoxlu sayda dinc sakinlərimizi qətlə yetirməsi, şanlı qalibiyyətin qazanılması, tarixi ədalətin bərpa olunması və digər məsələlər qeyd olunub.

Sonra konfrans iştirakçıları tərəfindən məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb, qan yaddaşımıza əbədi həkk olunan Xocalı soyqırımının gənclər üçün tarixi dərslərindən bəhs edilib.

Qeyd edək ki, konfrans Azərbaycan Respublikasının təhsil nazirinin 2 fevral 2021-ci il tarixli müvafiq əmri ilə təsdiq edilmiş “Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin Tədbirlər Planı” çərçivəsində təşkil edilib.

Vətəninə, dövlətinə və xalqına bağlı yüksək ixtisaslı kadrlar hazırlamağı əsas missiyalarından biri kimi qəbul edən MDU-da tarixi günlərə həsr edilmiş tədbirlərin keçirilməsinə və bu istiqamətdə tələbə gənclər arasında təbliğat işlərinin gücləndirilməsinə xüsusi diqqət yetirilir.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Bu xəbəri oxumusunuz?

Close
Close