Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Turizm Kolleci Beynəlxalq Sərgidə uğurla təmsil olundu

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə   hər il  ölkə paytaxtında düzənlənən  Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə ildən-ilə  maraq artır. Bunun bir göstəricisi də odur ki, iştirakçı dövlətlərin, həmçinin  şirkət və müəssisələrin  hüdudları  yeni  coğrafiyalara uzanır. Bu günlərdə başa çatmış və sayca  15-ci olan sərginin önəmi və perspektivləri  növbəti dəfə  hər bir iştirakçıda  ən müsbət təəssüratlara yol açdı. İştirakçı kəlməsini ifadə edərkən  əlbəttə ki, yalnız  sərgini yaxından izləmək fürsəti olmuş insanlar nəzərdə tutulmur. Həm də, bu mötəbər  beynəlxalq tədbirdə rəsmən təmsil olunmaq şansı əldə etmiş şirkət və müəssisələrdən söhbət gedir. Məlumat üçün qeyd edək ki. on beşinci yubiley sərgidə  29 dövlətin  333   şirkət və müəssisəsi  iştirak edirdi.

Beynəlxalq Sərgidə təmsilçilikdən söhbət düşmükən ən vacib məqamı vurğulamaq yerinə düşər. Məsələ burasındadır ki, on illik yubiley yaşını qeyd etməyə hazırlaşan Mingəçevir Turizm Kolleci dörd ildir ki, dalbadal bu mötəbər beynəlxalq tədbirə dəvət alır və çox böyük uğurla doğma kollektivini, şəhərini və ölkəsini təmsil edir. Fəaliyyətə başladığı on il ərzində  tədris prosesində  qabacıl dünyəvi  təhsil-təlim üsullarını başarıyla tətbiq edib, saysız-hesabsız nailiyyətlər qazanmağa müvəffəq olan bu nüfuzlu kollektiv  həm də beynəlxalq əməkdaşlıq sayəsində  ciddi uğurlara imza atıb.Yəni  turizm sahəsi üçün peşəkar kadr hazırlığı missiyasını  inamla çiyinlərində daşıyan kollektivin ismi  mübaliğəsiz olaraq etiraf etmək lazımdır ki, Azərbaycanla yanaşı Avroasiyanın  qabaqcıl elm-təhsil ocaqlarında dolaşmaqdadır.

Qazandığı davamlı naliyyətlər  dövlət rəsmilərinin də diqqətindən yayınmır. Məhz bu  uğuları müqabilində kollektivə bəslənilən etimad sayəsində Mingəçevir Turizm Kolleci dörd ildir ki, Beynəlxalq Turizm və Səyahətlər Sərgisində iştirak və təmsilçilik hüququ qazanır. Kollektiv hər yeni sərgiyə daha ciddi hazırlıq mərhələsi keçir və  ən yaxşı tərəfdən üstünlüklərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Sirr deyil ki, beynəlxalq ictimaiyyət təhsilə, onun inkişaf dinamikasına  xüsusi həssaslıq nümayiş etdirir və bu mənada kollecə adı çəkilən sərgidə göstərilən diqqət və maraq başa düşüləndir.Üstəlik nəzərə almaq lazımdır ki, Turizm Kollecinin təmsilçilik guşəsi hər dəfə yeni estetik zövq oxşayan elementlər  və məlumatlar toplusu ilə zənginləşdirilir. Bu da  guşəni seyrçilər üçün daha da cəlbedici edir. Məsələn, son sərgidə Turizm Kollecinin uğuları haqqında  xeyli sayda kitablar,  büklet və broşurlar, prospektlər, foto şəkillər, döş nişanları, digər kiçik həcmli suvenirlər, tələbələrin əl işlərindən və rəsm əsərlərindən ibarət  nümunələr, beynəlxalq təltiflər və digər eksponatlar yer alıb. Nəşri məlumatların əksəriyyəti  həm də ingilis və rus dillərində təqdim olunub.

Guşədə milli geyimli gənc  tar ifaçısının iştirakı da milli dəyərlərin təbliğinə yönəlik uğulu seçim idi. Eyni zamanda xüsusi monitor vasitəsilə kollecin uğurlarından bəhs edən slayd və videoçarxlar davamlı qaydada  qonaqlara  nümayiş olunub. Yeri düşmükən, bu ilki sərgidə kollektiv doqquz  nəfərlik pedaqoq-tələbə heyəti ilə təmsil edilib. Onlar çox böyük həvəs və istəklə iştirakçı qonaqlarla ünsiyyət qurur, onlara kollec haqqında ətraflı məlumatlar çatdırıb suallarına aydınlıq gətirirdilər. Kollec təmsilçiləri sərgi müddətində Balkan ölkələrindən, MDB məkanından, İrandan və digər ölkələrdən olan xeyli iştirakçı ilə səmimi dialoq içində olub.

Sərginin önəmindən xəbər verən kifayət sayda örnək göstərmək olar. Onun işində Beynəlxalq Turizm Təşkilatı, Asiyanın analoji qurum nümayəndələri, qabaqcıl turizm şirkətləri və otellər iştirak edirdi. Açılış mərasimində çıxış edən Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev də bu və digər məsələlərə öz nitqində  yer ayırdı, həmçinin Mingəçevir Turizm Kolecinin ünvanına ən xoş arzularını çatdırdı.  Daha sonra  kollecin guşəsini ziyarət edən nazir  təəssüralarından dolayı kollektivə təşəkkürlərini ifadə etdi.

Kollektiv üçün sərginin zirvə nöqtəsi isə prezident  İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə baş tutan görüş və yaxın səmimi ünsiyyət oldu. Dövlət başçısına Mingəçevir Turizm Kollecinin on illik yubiley hazırlıqları barədə  ətraflı məlumat verən kollecin direktoru, professor Əyyub Əyyubov  kollektiv adından ona təşəkkür etdi. Bildirdi ki, məhz cənab prezidentin sərəncamı ilə on il öncə  Mingəçevir Turizm Kollecinin əsası qoyulub. Əyyub Əyyubov qeyd etdi ki, məhz dövlət başçısının diqqət və qayğısı sayəsində kollektiv tədrisdə mütərəqqi yenilikləri tətbiq edir, maddi-texniki bazanı gücləndirir və başarıyla bu yolda  zəngin beynəlxalq əlaqələrindən yaralanmağa üstünlük verir. Artıq bu günədək  Mingəçevir Turizm Kollecində təhsilini  uğurla başa vurmuş beş mindən  çox məzun hazırda turizm sahəsində daimi əməklə məşğul olur və turizmin ümumi inkişafına töhvə verir. Prezident İlham Əliyev maraq içində  kollec rəhbərinin məlumatlarını dinlədi,  müxtəlif suallar ünvanladı və guşəni seyr etdi.  Dövlət başçısı gördüklərindən və duyduqlarından məmnun qaldığını kollektivin diqqətinə çatdırdı və ona yeni uğurlar arzuladı.

Kollektiv üçün faydalı olan sərgidə  görüşlər zamanı  yeni əməkdaşlıqların təməli qoyuldu.

Şərhlər bağlıdır.