Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Startap Azərbaycan Mingəçevirə gəldi

Aprelin 12-də Mingəçevir şəhərində Startap Azərbaycan layihəsənin nümayəndələri tələbələrlə görüşüb. Görüş Mingəçevir Dövlət Universitetində (MDU) baş tutub. Tədbirdə Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz Startap Azərbaycan haqqında və ölkədə startap ekosisteminin inkişafı barədə məlumat verib. O, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İT-nin İnkişafı Dövlət Fondu və digər rəsmi qurumlar və şirkətlər tərəfindən dəstəklənən Startap Azərbaycan layihəsinin məqsədləri, layihə çərçivəsində hazırda davam edən müsabiqə qaydaları, Startap günləri haqqında danışıb.

Görüşə qatılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İT-in İnkişafı Dövlət Fondunun layihələr üzrə iş sektorunun müdiri Əkbər Abbasov Dövlət Fondunun həyata keçirdiyi layihələr, qrant müsabiqələri və qarşıda gözlənilən tədbirlərdən danışıb, layihələrin qrant müsabiqəsində iştirakı ilə bağlı məqamlara aydınlıq gətirib.

Görüşdə həmçinin ölkədə tanınmış startapçılar və İT sahəsi üzrə mütəxəssislər – startapçı Orxan Əhmədov, startapçı, AMEA Elm və Texnologiya Parkının aparıcı mütəxəssisi Rəşid Əliyev və elektron ticarət üzrə mütəxəssis, Shopera.az –ın təmsilçisi Rəşad Camal öz təcrübələrini, startap sahəsindəki mövcud trendlər, elektron ticarət sahəsindəki vəziyyətlə bağlı fikirlərini bölüşüblər.

“Mingəçevir işıqları” qəzetinin baş redaktoru, Mingəçevir Media Mərkəzinin rəhbəri Fərman Nəbiyev, universitet rəhbərliyinin, professor müəllim heyətinin nümayəndələri, xüsusilə də tələbələr  maraqlı mülahizələr səsləndiriblər.  Diskussiya şəraitində keçən toplantı diskussiya sual-cavablarla davam edib.

Startap Azərbaycan Layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi , İT-nin İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı dəstək verir. Startap Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir. ATL Group, SİNAM, Neuron Technologies, SUP Accelerator, NEXT STEP İnnovasiya Mərkəzi və Cybernet şirkətləri Startap Azərbaycan-a dəstək verir və sponsorluq edirlər.

Məltəm Talıbzadə 

Şərhlər bağlıdır.