Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirli şəhid atası: “Təki Vətən sağ olsun”

Torpaqlarımızın bötövlüyü uğrunda şəhid olmuş  Adil Kamran  oğlu Adilzadə ilə dünən on minlərlə mingəçevirli vidalaşdı. Onlar vətənpərvərlik şüarları səsləndirdilər. Mingəçevir Şəhər Icra Hakimiyyətinin başçısı Niyazi Bayramov  şəhidlərin xatirəsinin dövlətimiz və xalqımız tərəfindən daima uca tutulduğunu vurğuladı, Silahlı Qüvvələrimizin qüdrətindən danışdı. Şəhər Veteranlar Şurasının sədr müavini Tahir Məmmədov “Başını dik tut, şəhid anası” dedi.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin rəisi Şahin Xəlilov məlumat verdi ki, 1993-cü il təvəllüdlü Adil  Adilzadə “N” saylı hərbi  hissədə Müddətdən Artıq Xidmət Edən (MAXE) hərbi qulluqçu olub. O, Talış kəndi  istiqamətindəki  yüksəklik uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Şəhidin dostu Azər Poladov vurğuladı ki. şəhidlik Adilin ən böyük arzusu idi: “Nəhayət dostum arzusuna qovuşdu”.

Şəhidin atası Kamran Adilzadə: “Təki Vətən sağ olsun” deyə mərasimə üzünü tutdu. Əsgərlərin  yaylım atəşi altında və coxsaylı insan axınının müşayiəti ilə şəhid  Adil Adilzadə Şəhidlər Xiyabanında torpağa tapşırıldı. Şəhidin ruhuna dualar oxunduqdan sonra  onun cənazəsinin büründüyü müqəddəs Azərbaycan bayrağı əbədi olaraq saxlanmaq  üçün atasına təqdim olundu.

Şərhlər bağlıdır.