Əmək pensiyası ala bilməyənlərin sosial-müavinət almaq hüquqları var
Xəbər verdiyimiz kimi, “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi may ayından Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatların Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Aztəminatlı ailələrə və məcburi köçkünlərə sosial hüquqlarla bağlı hüquqi və informasiya xidmətinin təşkili” layihəsini gerçəkləşdirir. Layihə çərçivəsində MVA nəzdində hüquq kabineti də açılıb. Burada görülən fəaliyyət barədə suallarımızı hüquqşünas İlqilab Həsənov cavablandırır.
-İnqilab müəllim, sizə hansı mövzularda daha çox müraciət edirlər?
– Məsləhət almaq məqsədilə müraciətlər daha çox olur. Mayın ortalarından indiyə qədər bunların sayı 62 olub. Bir çox vətəndaşın hansısa yerli icra orqanı ilə problemi var. Onun müraciətindən sonra adından mərkəzi icra orqanına ərizə yazırıq. Bu yaxınlarda bir nəfər gəlmişdi. Onun 2014-cü il yanvarın 1-dən əmək haqqından məcburi sosial sığorta tutulub, lakin həmin məbləğ onun fərdi hesabında oturmayıb. Müəyyən bir məbləğdə vətəndaşa maddi ziyan dəymiş, nəticədə məcburi social sığortadan onun pensiyasının sığorta hissəsi hesablanmamışdı. Adətən bu, idarə və müəssisələrin səhlənkarlığı üzündən olur. Mərkəzi icra aparatına müraciətimizdən sonra məsələ həllini tapdı.
Tələbələr ödənişlı təhsil alırlar. Əlil və aztəminatlı ailələrin övladlarına pulsuz təhsil almaq kimi şamil olunan müəyyən güzəştlərlə bağlı Təhsil Nazirliyinə müraciət edirik. Təbii ki, köməklik olur.
Mənzil, torpaq, əmlak, aliment, təhsil, ailə-nikah və s. sosial səpkili məsələlərlə bağlı müraciət edənlər də çoxdur. Məcburi köçkünlər işğal dövrünə qədər olan müddətlərin sənədlərini əldə edə bilmirlər. Onlar bizə müraciət edirlər. Hüquqi əhəmiyyətli fakt kimi onların iş stajlarının məhkəmə qaydasında müəyyən olunmasını həyata keçiririk. Əlilliyə görə pensiya təyin olunması, yaşa müvafiq iş stajı məsələləri ilə bağlı müraciətlər də edirlər. Bəzən vətəndaşlar başa düşmürlər ki, əmək pensiya hüququ əldə etməkdən ötrü, növündən asılı olmayaraq, hər bir kəsin mütləq iş stajı olması vacib şərtdir. Yəni vətəndaşlar elə düşünürlər ki, Tibbi Sosial Ekspert Komissiyasından keçib, əlillik dərəcəsi alıblarsa, onların pensiya hüququ bunun əsasında təmin olunmalıdır. Əslində belə deyil. Bizim qanunvericiliyimizdə əmək-pensiya hüququ təyin olunmaqdan ötrü vətəndaşın mütləq iş stajı olmalıdır.
-Məcburi köçkünlərin sənədlərinin araşdırılması proseduru necə aparılır? Onların əmək-pensiya hüquqları necə müəyyən olunur?
-İşğal altında qalan torpaqlarımızda yaşayan vətəndaşların əksəriyyəti vaxtilə kolxoz və sovxozlarda işləyib. Azərbaycan Respublikası Prezidentinin 1996-cı il tarixli fərmanına müvafiq olaraq, kolxoz və sovxozlar islahata gedib. Həmin fərmanda nəzərdə tutulub ki, islahata getmiş kolxoz və sovxozların bütün sənədləri rayonlarda mərkəzi arxivlərə təhvil verilsin. Bu baxımdan, sənədlərini əldə etmək istəyən həmin insanlar birinci növbədə ra-yon mərkəzi arxivinə müraciət edirlər. Arxiv onların sorğularına cavab olaraq bildirir ki, sizin işlədiyiniz dövrlərin sənədləri işğal zonasında qalmışdır. Yəni vətəndaş başqa formada sənədini əldə edə bilmir. AR Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, onunla bir yerdə işləmiş 2 və daha artıq şahidin ifadəsi əsasında məhkəmə qaydasında onların iş stajları hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilir və təsdiq olunur. Onlar qanunla müəyyən olunmuş yaş həddinə çatıblarsa və ya əllilik alıblarsa, onların əmək-pensiya hüquqları təmin edilir.
Məsələn, Seydimli kənd sakini Azər İsayev məcburi köçkün deyil. O, 2003-cü ilə kimi kolxozda işləyib. 2003-cü ildən Mingəçevir şəhərində yaşayır. 1992-ci ildə o, Azərbaycan torpaqlarının ərazi bütövlüyü uğrunda Qarabağ döyüşlərində iştirak edib. Əmək kitabçasındaki əmək fəaliyyəti və doyüşdüyü müddəti araşdırıram. Orda işlədiyi müddət haqqında olan sənədlər Tərtər rayonunun mərkəzi arxivində saxlanılır. Məsləhət verirəm ki, o müddəti müəyyən edəcək sənədi almaq üçün arxivə müraciət etsin və ordan bu haqda arayış alsın. Qanunvericilikdə nəzərdə tutulub ki, 2006-ci il yanvarın 1-nə qədər iş stajı əmək kitabçasına əsasən müəyyən olunur. Bu şəxs arxiv arayışı gətirdiyi halda 2 nəfər şahid əsasında məhkəmə qaydasıyla iş stajını hüquqi əhəmiyyətli fakt kimi təsdiq etdirə bilərik.
-Neçə yaşından vətəndaşa əmək pensiyası təyin olunur?
-Əmək Məcəlləmizdə və Konstitusiyamızda da nəzərdə tutulur ki, 15 yaşından etibarən işçi müqavilənin tərəfdaşı kimi çıxış edə bilər. Bu baxımdan 15-30 yaş arası yaş həddindən asılı olmayaraq, minimum 5 il iş stajının olması vacib şərtdir.
Onun aldığı əllillik dərəcəsinə müvafiq olaraq vətəndaşa əmək pensiyası təyin olunur. Ailə başçısının itirməsinə görə pensiya hüququnda da həmin qaydalar tətbiq olunur. Vəfat etmiş şəxsin də vəfat etdiyi dövrə qədər yaş həddinə uyğun olaraq tələb olunan iş stajı olduqda, onun əmək qabiliyyətli ailə üzvləri, yəni yetkinlik yaşına çatana kimi, əgər əyani təhsil alarlarsa, 23 yaşına qədər ailə başçısını itirdiyinə görə pensiya almaq hüququna malikdirlər.
-Əgər tələb olunan iş stajı yoxdursa…
-Onlar hüquqlarından məhrum olmurlar. İş stajlarının olması onların əmək pensiya hüquqlarının təmin olunmasına hüquqi əsas verir. Lakin iş stajları olmadıqda, əmək pensiya almaq imkanı olmasa belə, o vətəndaşların sosial-müavinət almaq hüquqları var.
-Sosial müavinət almaq hüququ kimlərə şamil edilir?
– Bunun üçün qadının 62, kişinin isə 67 yaşı olmalıdır. Sosial müavinət dövlət tərəfindən vətəndaşın ehtiyacının ödənilməsi üçün nəzərdə tutulan müəyyən bir məbləğdir. Bu məbləğ dəyişkəndir. Məsələn, yaşa görə 60 manat, I qrup əlilliyə görə 67 manat, II qrup əlilliyə görə 50 manat, III qrup əlilliyə görə 43 manatdır. Sadaladığımız bu şəxslər o halda bu məbləği alırlar ki, onların əmək pensiya almaq hüquqları olmur. 2006-cı il yanvarın 1-dən Əmək Pensiyaları və Sosial Müavinətlər və eyni zamanda Ünvanlı Sosial Yardım haqqında qanunlar qüvvəyə minib. Qanunla müəyyən olunmuş qaydada müəyyən kateqoriyadan olan vətəndaşların ailə üzvləri (şəhid ailələri, Çernobıl əlilləri, müddətli hərbi xidmətdə olan və digər güzəştli ailələrin uşaqları) istisna olmaqla, uşaqlara müavinətin təyin olunması dayandırılıb. Çünki bundan sonra Ünvanlı Sosial Yardım sistemi tətbiq olunub.
-Bu sistemdən uşaqlar necə yararlandılar?
-Ana uşağa görə qismən ödənişli-sosial məzuniyyətə çıxır. Ona uşağa qulluq etdiyinə görə yaş yarımına çatanacan 30 manat, 3 yaşına qədər 15 manat sosial müavinət verilir. Müəyyən kateqoriyalı insanların uşaqları istisna olmaqla, indi uşaqlara verilən müavinət söhbəti yoxdur. ÜSY sistemi tətbiq olunduqdan sonra söhbət ailədən gedir. Burda uşaq yaşından asılı olmayaraq ailə üzvü kimi gotürülür. Qanuna görə, ehtiyac meyarı adambaşına 105 manat nəzərdə tutulur. Ailənin ümumi gəliri 300 manatdırsa və ailə 5 nəfərdən ibarətdirsə, onun ehtiyac meyarı 525 manat olur. 525 manatdan 300 manat çıxılır. Deməli bu ailə 225 manat ünvanlı yardım ala bilər.
Uşaq azyaşlı sayılır. Ana əmək qabiliyyətli olsa da onun 8 yaşından aşağı uşağı varsa, onun işləməsi tələb olunmur. Qalan ailə üzvləri əmək qabiliyyətlidirsə, mütləq onların işləmələri tələb olunur. Qalan ailə üzvlərinin gəliri cəmlənir, müəyyən məbləğ yarandıqda ehtiyac meyarı arasında yaranan fərq həmin ailəyə ödənilir. ÜSY-dan uşaq da, böyük də bəhrələnir.
-Aztəminatlı ailələr kimlərdir?
-Hər il dövlət büdcəsi təsdiq edilən zaman ailə üzvünün ehtiyac meyarı müəyyən edilir. 2015-ci il yanvarın 1-dən ehtibarən ehtiyac meyarı 105 manatdır. Bu meyardan aşağı gəlirləri olan ailə aztəminatlı ailə hesab olunur. Ünvanlı Sosial Yardım sistemi ailənin üzvlərinə tətbiq olunur. Belə ailələrin 1 yaşınadək uşaqlarına da aylıq müavinət təyin olunur. Məqsəd aztəminatlı ailələrin dövlətin yardım sistemindən kənarda qalmamasıdır.
-Hansı problemlərlə üzləşirsiniz?
-Qanunla müəyyən olunmuş qaydada iddia ərizələri yazılırsa, lazımı sənədlər toplanırsa, işə baxan hakimə dəlil, subut, fakt təqdim edilirsə, işlər də öz müsbət həllini tapır. Hər bir hüquq bu müstəvidə təmin olunur. Vətəndaşların sosial hüquqları Azərbaycan Konstitusiyası və digər qanunvericilik aktları ilə yetərincə qorunsa da, təəssüf ki, bəzən məmurlar buna əməl etmədiklərindən narazılıqlar yaranır
Mən vətəndaşa yanlış nəsə deyə bilmərəm. Konkret qanunvericiliyə uyğun olaraq sənədin əldə edilməsiylə bağlı ona istiqamət verirəm. Məsələn, Ünvanlı Yardım təyin etdirmək istəyirsə, yaxud əmək pensiyası hüququ yaranıbsa vətəndaş mənim məsləhətimlə mütləq lazımı sənədləri toplayır. Və ya məhkəmə müstəvisində həllini tapmalı olan məsələlər-məsələn, staj vaxtının müəyyən olunması, diplomla, əmlak, hərbi qulluqçuların icbarı sığortasyla bağlı və s. məsələlərin həllinə kömək edirəm. Vətəndaşın torpaqla bağlı şahadətnaməsi var, tutaq ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən çıxarış ala bilmir. Bununla bağlı vətəndaş yazılı surətdə müvafiq struktura müraciət edir. İmtina cavabı aldıqdan sonra inzibati orqanın vətəndaşın hüquq və azadlığını pozan hərəkət və hərəkətsizliyilə bağlı və yaxud da qanunsuz qəbul etdiyi qərarla bağlı İnzibati İqtisad Məhkəməsinə müraciət edir və məhkəmə qaydasıyla vətəndaşın hüququnu bərpa edirik.
Ailə-nikah məsələlərində, aliment tələbi kimi hallar yarandıqda da məsələ məhkəmə müstəvisində həllini tapmalıdır. Burda iddiaçı tərəf və cavabdeh tərəf var. Ehtiyac duyulursa, şəxs mənə etibarnamə verir və bunun əsasında mən onun nümayəndəsi kimi məhkəmədə çıxış edir, hüquqlarını qoruyuram.
-Məhkəmələrə tez-tez müraciət edirsiniz?
-Ay ərzində istər İnzibati İqdisad Məhkəməsinə, istərsə də ümumi məhkəməyə 3-4 müraciətimiz olur. Yeri gəlmişkən, may ayının əvvəlindən bu günədək 19 şəxsin iddiasını hazırlayaraq, məhkəməyə təqdim etmişəm. Artıq 9 nəfərin iddiası təmin olunub, 10 iş isə məhkəmə icraatındadır.
Şərhlər bağlıdır.