Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ədəbiyyat arı pətəyi kimi bir şeydir, haram götürmür

Yazı istedadı olmayan adamdan yazar düzəltmək istilikxana şitili yetişdirməyə bənzəyir

Qısa arayış: 1975-ci ildə Kəlbəcərdə doğulub. Gəncə Dövlət Universitetinin filologiya, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsini bitirib. 2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2011-ci ildən Dünya Gənc Türk Yazarlar Birliyinin Aran bölgəsi üzrə təmsilçisidir. 2013-cü ildə birliyin “Türk dünyasına xidmət” ödülünü alıb. “Söz odası” regional ədəbiyyat qəzetinin təsisçisi və baş redaktorudur. Hazırda İradə Aytel, Günay Şirvanla birlikdə köşə yazıları, şeir, hekayə və araşdırmalar, mədəniyyət xəbərləri ilə zəngin olan “www.Kultur.az” saytını idarə edir.
Uşaq yaşlarından şeir yazır. “Könlümə yağan yağış” (2000), “Yuxu danışıram” (2006), “İllərin o tayı” (2014) kitablarının müəllifidir. Yazıları ölkənin müxtəlif mətbuat orqanlarında və eləcə də tərcümə olunaraq İran, Türkiyə və Qırğızıstanda çap olunub.
2013-cü ilin iyununda Qırğızıstan Respublikasının paytaxti Bişkek şəhərində düzənlənən Türkcənin 10-cu Uluslararası Şeir Şölənində iştirakına görə Türkiyə Yazarlar Birliyinin xüsusi diplomu ilə təltif olunub.
Canı və qanı ilə ədəbiyyata bağlı olan bu insan ilk peşəsindən də əl çəkməyib. Uzun illərdir ki, Mingəçevirdə fəaliyyət göstərən Kəlbəcər orta məktəbində müəllim işləyir.

-Bilmək istərdim, bugün ədəbi mühit sizi qane edirmi? Burda nələr baş verir?

-Ölkədə ədəbi mühiti olan bölgələr var. Amma burda müxtəlif yanaşmalar mövcuddur. Fərqli cərəyanlar var. Xalq ədəbiyyatı inkişaf etməkdədir, ənənəvi ədəbiyyatla yanaşı modern ədəbiyyat da yaranır. Modern ədəbiyyatın təmsilçilərinin bəziləri milli ədəbiyyata kifayət qədər aqressiv və radikal yanaşırlar.

-Səbəb nədir?

-Görünür bu, gəncliyin çılğınlığından irəli gəlir. Zaman-zaman özündən əvvəlkiləri qəbul etməyən nəsillər formalaşır. Müəyyən yaşa dolduqdan sonra görürlər ki, əslində bu, belə deyil.

-Amma modern o demək deyil ki, sən keçmişi qamçılayasan? Bu təzə fikir, yeni ideya deməkdir.

-Modernizmin təmsilçiləri milli, ənənəvi şeir janrlarından, vəzn, qafiyədən imtina edirlər. Buna o mənada haqq qazandırmaq olur ki, vəznli, qafiyəli şeirlə dünya ədəbiyyatına çıxmaq mümkün deyil. Azərbaycan poeziyası-söz və təfəkkür hadisəsi olmaqla yanaşı, həm də dil hadisəsidir. Bu, xalqın mənəvi dəyəridir. Buna görə də onları başqa dillərə tərcümə edəndə şeirdə çox şey itir. Bu şeirlərlə dünya çapına çıxmaq olmur. Modernistlərin də fikri odur ki, bütün bu ənənədən, ölçülərdən imtina edib, dünya ədəbiyyatına çıxsınlar. Çünki onu tərcümə edəndə heç nə itmir.

-Bəs bu yazıların əsası nədir? Əgər bu şeirlərdə qafiyə, vəzn yoxdusa, onlar nəyə söykənir, dayaqlanır?

-Əslində onlar poetik fəlsəfi fikirlərə söykənir. Qanunauyğunluqdur ki, burda mücərrədlik də olsun. Ekzistensializm fəlsəfəsini bədii yaradıcılığa gətirən Alber Kamyunun nəsri başdan-başa absurd fikirlərlə doludur. Bizdə də bu proses gedir. Amma mən düşünürəm ki, bu şeirlərlə o iddiaları yerinə yetirə bilməyəcəklər. Çünki son 50 ildə dünya ədəbiyyatında heç bir yazıçı, ya şair şeirlə məşhurlaşmayıb. Şeirlə Azərbaycan oxucusu içərisində məhşurlaşmaq olar. Dünya ədəbiyyatına iddiası olanlar isə ciddi nəsr əsərləri yazmalıdır. Lakin bu iddiayla Azərbaycan ədəbiyyatını yeniləşdirmək fikri də əsassızdır.

-Bizim məlumatımıza görə, Azadlıq radiosunun “Ədəbi Azadlıq-2014” müsabiqəsində münsiflərin seçimiylə 148 şair içərisində onluğa düşmüsünüz. Siz ora ənənəvi, yoxsa modern yazılarınızı təqdim etmisiniz?

-Məndən müsahibə götürəndə soruşdular ki, daha çox heca vəznində yazırsınız? Aşıq şeirinin öz dövrünü yaşayıb sona yetdiyini düşünmürsünüzmü? Dedim ki, bizdə belə düşüncə var ki, milli şeirimiz öz dövrünü yaşayıb, əslində belə deyil. Klassiklərin dövründə əruz vəzni ilə yazılmış çoxlu şeir nümunələri-qəsidə, məsnəvi, rübai, müxəmməs, müstəzad və s. olub. Amma əruz vəznində tək qəzəl milli muğamlarımızla ifa olunduğu üçün milliləşə bildi. Bu gün hardasa 5-10 qəzəl yazana rast gəlmək olur. Əksər şeir janrları öz əhəmiyyətini itirdi. Nə milliləşə bilmirsə, o gündəmdən gedir.

-Bu iki nəsil-yaşlı və gənclərin arasında qısqanclığa, təzadlara və ya mübarizəyə gətirib çıxarmır ki? Yaşlı nəsil modernizmi qəbul edirmi?

-Təbii ki, təzada gətirib çıxarır. Əslində modernizm bütün ölçüləri dağıtmaq deyil. Azərbaycanda ən böyük modernist M.Ə. Sabiri hesab etmək olar. Məsələn, Füzulinin eşq haqqında qəzəlinin motivlərindən istifadə edərək, Sabir satirik şeir yazırdı. . Mən modernizmin əleyhinə deyiləm. Mənim də bu tip şeirlərim var.

-Sabirin satirik şeirlərində də ənənəvi şeirin qaydaları, ölçüləri gözlənilirdi.

-Doğrudur. Əslində Azərbaycan modernizmi Rəsul Rzanın, Əli Kərimin adıyla bağlıdır. Buna postmodernizm deyirlər. Amma onları oxuyanda da şeir kimi səslənirdi. Baxmayaraq ki, orda ölçülər yox idi. Qafiyələr fikir tamamlanandan tamamlanana olurdu. Sərbəst şeirlər idi.
Amma başqa yazarlar uzun-uzun cümlələri yazırlar. Bunları qarşı-qarşıya yazsan, bir esse alınır. Mən bununla qətiyyən razı deyiləm. Şeirin avazı, ruhu, ritmi olmalıdır. İstər sərbəst olsun, istər ölçülü, qafiyəli. Oxuyanda hiss etməlisən ki, şeir oxuyursan.

-Gəlin çox uzağa getməyək. Bizə yaxın olan bölgədə mətbuata, ədəbi mühitə nəzər salaq. Vəziyyət qənaətbəxşdirmi?

-Bölgə mətbuatını demək olar ki, izləmirəm. Ümumiyyətlə, bəzi bölgələrdə Qazaxda, Gəncədə əbədi mühit var. Ağcabədidə yaxşı mühit formalaşmaqdadı. Lənkəranda, ümumiyyətlə, cənubda müasir ölçülərə uyğun çox ciddi ədəbi mühit var.

-Bəs bizim yaşadığımız Mingəçevirdə vəziyyət necədir?

-Mingəçevirdə hansısa ədəbi qurumun olması bu mühitin olması demək deyil hələ. Bu mühiti formalaşdırmaq burda mümkün olmadı. Mühit üçün bir regionun ədəbi mühitinin formalaşması, özünün ədəbiyyat dilinin, ruhunun formalaşması lazımdı. Bunun üçün özünün ənənəsi olmalıdır. Burda mən bunu hələki görmürəm. Bunu zaman həll edəcək. Bunu kiminsə günahı kimi qiymətləndirmirəm. Ola bilsin ki, burda nə vaxtsa ədəbi dərnək olub və ordan çıxanlardan Azərbaycan ədəbiyyatında tanınan yaxşı şairlər də var. O dövrlə dərindən tanış olmadığım üçün ciddi fikir söyləyə bilmirəm.

-Axı bu şəhərdə Yazıçılar Birliyinin filialı mövcuddur. Əgər bir qurum varsa, o ədəbi mühitə xidmət etməlidir.

-Azərbaycan Yazıçılar Birliyinin filialları ilə bağlı son 2 ildə qəzet və jurnallarda tənqidi müsahibələrim olub. Və bu siz dediyiniz məsələnin həllinə atılmış bir addım idi. Mən həmişə AYB-nin Mingəçevir filialında keçirilən tədbirlərdə öndə olmuşam. Bəzi razılaşmadığım məqamlar olub ki, onları söyləməkdən çəkinməmişəm. Təbii ki, burda bu filialın yaranması mənim də yazılarımın çap olunmasına stimul yaradıb. Amma digər bölgələrdən ədəbiyyat adamları bu şəhərə böyük umacağla gəlirdilər. Artiq o istəklərin həll olunmadığını gördükdə uzaqlaşan yazarlar oldu. Nəhayət, bu qurumun ətrafında ciddi yazarlardan çox həvəskarlar qaldı. Bununla da ədəbi mühiti formalaşdırmaq olmur.
Yayda Yevlaxda bir tədbirdə idik. Gördük ki, orda kifayər qədər yaxşı yazarlar var. Bizim filial da yaxın regionu əhatə etdiyi üçün o rayonlarla əlaqə qurmalı idi. Bunu inkişaf etdirmək olar. Çünki ədəbiyyat arı pətəyi kimi bir şeydi, haram götürmür. Yazı istedadı olmayan adamdan yazar düzəltmək istilikxana şitili yetişdirməyə bənzəyir. “Parnik” şitilinin məhsulunu yemək olur, dadı, tamı olmasa da. Amma süni yazar heç parnikdə də əmələ gəlmir. Lap mən olum o qurumun yönəlticisi, əgər mən onu öz ailə üzvlərimdən, yaxınlarımdam düzəltməyə çalışıramsa, bu düzgün deyil. Ciddi ədəbiyyat adamları şıltaq olur, həssas olur, küsəyən, dalaşqan olur. Buna qarşı aqressivlik nümayiş etdirmək olmaz. Filiala ayaq açan təsadüfü adamlar “Mehman”dakı Qaloş obrazını xatırladır. Onların “Qaloş”luq eləməsi bəzən bu münasibətlərdə müəyyən incikliklərin dərinləşməsinə gətirir. Kiməsə irad deyilirsə və inciyən adamın arasında böyük konfliktə çevrilirsə, burda nə deyənin, nə də inciyənin günahı var. Bu ortada araqarışdıranların günahıdır.

-Amma bu filiallar ən azından ortaya ədəbi dərgilər qoyur. Sizcə, bu dərgilər ədəbi mühitin inkişafına nə dərəcədə xidmət edir?

-Maraqlı dərgilər var. Son dövrlər AYB-nin öz mətbuatında xeyli yeniliklər oldu. Məsələn, mən illərdi “Ədəbiyyat” qəzeti almırdım. Amma indi hər nömrəsini alıram. Çünki Elçin Hüseynbəyli baş redaktor təyin olunandan sonra kifayət qədər maraqlı qəzet çixarır. “Ulduz” və “Azərbaycan” jurnalından maraqlı yazılar oxumaq olur. Azad Qaradərəlinin çıxardığı “Yazı” dərgisini də alıram, hərdən orda çap olunuram. Amma bir ədəbiyyat jurnalı o zaman yaxşı jurnal olur ki, ədəbi camiyədə onu tanısınlar, haqqında fikir bildirsinlər. Tutaq ki, hər il Milli Akademiyada, AYB-də, internet portallarında, mətbu orqanlarda ilin ədəbi yekunlarına dair ədəbi tənqidçilərin müzakirələri gedir. O jurnallarda çap olunan bütün yazılara tənqidi yanaşmalar olur, hətta müsbət tərəflər də göstərilir. Əgər ədəbiyyat jurnalı çıxarırsansa və onun adı heç bir müzakirədə getmirsə, maddi tərəfdən də qazanc gətirmirsə, bu jurnalı çıxartmaqda mən marağı başa düşə bilmirəm. Və əbəs bir əziyyətin olduğunu görürəm.

-Yaxın günlərdə AYB-nin növbəti qurultayı keçiriləcək. Mətbuatda sizin belə bir fikrinizlə rastlaşdım ki, qurultaya nümayəndələrin seçimi qeyri-obyektiv aparılıb.

-Seçimlərlə bağlı öz etirazımı bildirdim. Əslində AYB-nin bölgə filiallarında qurultaya seçimlərin Nizamnamədə əksini tapmış qaydaları var. Üzvlərinin sayı 30-dan yuxarı olan bölgələr var və orda üzvlərin yarıdan çoxu seçimdə iştirak edir. Mingəçevirdə isə birlik üzvlərinin sayı azdır. Burada 3-4 nəfərlə nümayəndə seçiblər. Mənim seçilən nümayəndəyə etirazım yoxdur. Mingəçevirdən bizim qocaman yazıçımız Nəsib Bayramoğlu seçilib. Və mən də orda iştirak etsəydim, onun namizədliyini dəstəkləyərdim. Bəzən dediklərim səhv anlaşılır. Mənim onun seçilməsiylə bir problemim yoxdu. Sadəcə mənim hüququm var ki, ora gəlim, iştirak edim və namizədliyimi verim. Yəni seçmək və seçilmək hüququm olsun. Burda da bir protokol tərtib olunur. Əgər Nizamnamə pozulubsa, deməli protokol da saxtalaşdırılıb. Bu deyimim bir az incikliyə səbəb oldu. Amma anlaşdıq müəyyən qədər.
Doğrudur, mən AYB qurultayına getməyə iddialıyam. Kimisə iddialı olduğuna görə vurub qırağa çıxartmaq düzgün deyil. Mən hüququm çatana iddialıyam. “Az aşım, ağrımaz başım” deyənlərdən deyiləm. Müəyyən tələblərim və təkliflərim var. O təkliflərim nəzərə alınsa, bəlkə də daha yaxşı fəaliyyət olar.

-Son 2 ildə AYB Mingəçevir filialı ilə əlaqə saxlamamağınızın səbəbi nədir?

-Bu illər ərzində ədəbi mühitdə inkişafım olub. Mingəçevirdə ilk dəfə olaraq beynəlxalq miqyaslı-Türkiyə Yazarlar Birliyinin tədbirinə dəvət aldım. İstanbulda, Bişkekdə 5 gün tədbirdə oldum. Əsas diplomlardan birini aldım. Yazılarım mərkəzi mətbuatda, internet portallarında çap olundu. “Söz odası” qəzetini çıxartdıq, regionda yaydıq. Yeni işıq üzü görən “İllərin o tayı” adlı kitabım Bakı, Sumqayıt və Gəncənin kitab magazalarında satılır.

-Qurultaydan gözləntiləriniz…

Elə böyük bir dəyişiklik gözləmirəm. Artıq o dəyişikliklər oldu. Qəzet və jurnal redaksiyalarında redaktor dəyişikliyi həyata keçirildi. Düşünürəm ki, Anar öz yerində yenə qalacaq. Amma qurultaydan sonra inkişafla bağlı gözləntilərim, istəklərim var.
AYB-yə əks qütbdə dayanan qüvvələr, gənc yazarlar bəzən bunu lazım bilmirlər. Keçmiş possovet ölkələrində Yazıçılar Birliyi ya tam dağılıb, ya zəifləyib. Düşünürəm ki, Azərbaycandakı kimi mətbu orqanların yaşaması, dövlət tərəfindən ona vəsaitlərin ayrılması bu birliyi saxlayır. Bizdə normal oxucu olsa, insanlar kitab alsa, yazıçı maddi baxımdan dövlətdən asılı olmasa, AYB-ya ehtiyac olmaz.
Türkiyənin öz yazılarıyla pul qazanan 5 yazarının siyahısı verilmişdi. Ən çox pul qazanan 1 mln, 800 min lirədir. Bu 800 min dollar edir. Azərbaycan yazıçısı bu pulun 10 faizini öz kitabıyla qazansa, onun dövlətdən bir umacağı olmaz. Hələ ki, bu yoxdur. Ona görə də Yazıçılar Birliyi yazıçı ilə dövlət arasında körpü rolunu oynayir. Bu səbəbdən onun yaşaması labüddür.
O ki qaldı bölgədəki filiallara, bəziləri ictimai əsaslarla, bəziləri dövlətin maliyyəsi hesabına fəaliyyət göstərir.

-Təbii ki, dövlətdən maliyyələşən birliklər yaradıcılığa bir o qədər də meyilli deyillər. Amma qurum olmazsa, yazar müstəqil olar, sağlam rəqabət yaranar. Onlar daha çox oxucu cəlb etmək üçün məsuliyyətli olar, məhsullarını satmaq üçün gözəl ideyalar düşünər və ciddi əsərlər yazarlar.

– Bugün Azərbaycanda çox az adam bilir ki, bugün nəşriyyatlarda müəllifin kitabını öz imkanları hesabına dərc edib, satmaq ənənəsi formalaşır. Kitab alıcıları olduğu üçün nəşriyyat bunu gedir. Bakıda yeni kitab mağazaları açılır. Xüsusən dünya ədəbiyyatını oxuyurlar. Yeni nasirlər var ki, kitablarının çapı üçün xərc çəkmirlər.

-Kitaba marağı necə artırmaq olar?

-Bölgədə yaxşı yazarlarla yanaşı bəzən təsadüfü adamların yazıları da dərc olunur. Təbii ki, bunlar oxucu zövqünü korlayır. Amma ədəbi qurumlar, mədəniyyət sahəsi ciddi ədəbiyyatdan ibarət kitab sərgiləri keçirsə, yaxşı olar.
Bugün çox dəhşətli bir şey var. Bizim ədəbiyyat müəlimlərimiz ötən əsrin 70-ci illərindən bəri heç kimi tanımırlar. Çağdaş ədəbiyyatı qəbul etmirlər. Belə düşünürlər ki, tutaq ki, bugün kimlərəsə çox sayda xalq şairi titulu verilmirsə, deməli onlar ədəbiyyatda olmamalıdır. TV-də kim danışırsa, yaxşı şair odur. Bu prizmadan yanaşma ədəbi zövqü tamam alt-üst edib. İnsanlar kitab oxumalıdır. Yazıçı kitab təqdimatının sevincini tədbir bitən kimi unudur. İmza günləri ənənəsi olmalıdır. Kitabxanalarda müəllifin iştirakilə kitab satışı təşkil olunmalıdır. Oxucu gəlib kitab alıb, müəllifə imza atdırmalıdır. Bakıda bu artıq var.
Mingəçevir insanı ziyalıdır. Məsələn, həkim və digər ixtisas sahibləri var ki, vaxtilə mütaliəli olublar. Elələri var ki ədəbiyyat müəllimindən çox bilirlər. Amma indiki ədəbiyyatdan xəbərsizdirlər.

-Belə çıxır ki, yerdəki ədəbi qurum bu kimi işlərə diqqət yetirmir.

-Təəssüf ki, AYB-nin Mingəçevir filialı daha çox jurnal redaksiyası kimi fəaliyyət göstərir. Amma jurnalın redaksiya heyəti olmalıdır. Orda peşəkarların toplanması üçün məvacib verilməlidir. Jurnal ayrıca fəaliyyət göstərərsə, filial sədrinin də əməyi yüngülləşər və o, filialın işləri ilə məşğul olar. Baş qarışır jurnalı çıxarmağa, digər məsələlər unudulur. Məsələn, 2005-ci ilə qədər mənim də yazılarım AYB filialının xəttiylə mərkəzi mətbuatda dərc olunub. Sonra müstəqil olaraq qəzet və jurnallarda yazılarım çap olundu. 2008-ci ildə “Leysan” jurnalının nəşrindən sonra heç kimin yazısı mərkəzi mətbuatda dərc olunmur. Jurnal da şəhərdən kənara çıxmır, haqqında da kimsə yazmır, təhlil etmir. Jurnalın tanınması və filialın iş keyfiyyətinin artırılması üçün müəyyən işlərin görülməsi lazımdır. Hər bir mətbu orqanının internetə çıxışı və internetdə ayrıca səhifəsi olmalıdır. İnternet məkanılndan ayrı düşmək mətbuatın görünməməsi anlamına gəlir.

Şərhlər bağlıdır.