Araşdırma

Ensiklopediya nədir, Paşa Yaqub?

Paşa Yaqubun naşılığı daha çox kəndin toponimlərinin izahında üzə çıxır.

Paşa Yaqub, “Baş Daşağıl ensiklopediyası”, “Zərdab LTD”MMC, Bakı, 2012, 128 səhifə. Oğuz rayonunun Baş Daşağıl kəndi haqqında olan bu kitabın çapı ilə bağlı kənd sakinlərindən, ziyalılardan razı qalanlar da olub, narazı qalanlar da. Həmin narazılıqları eşitdikdən sonra mən də məhdud miqdarda buraxılmış bu kitabdan bir nüsxə əldə edib oxudum, rəyimi bildirmək qərarına gəldim. Axı Paşa Yaqub da kitabın 16-cı səhifəsində oxucuların fikrini bilmək istədiyini yazmışdı.
Mən müəllifin zəhmətini qiymətləndirir və hər bir kitabı, o cümlədən “Baş Daşağıl ensiklopediyası” kitabını aid olduğu elin, obanın, kəndin, rayonun mədəni həyatında bir yenilik hesab edirəm. Lakin bu kitabın yazılışındakı çox ciddi nöqsanları: səriştəsizliyi, savadsızlığı, təcrübəsizliyi, tələskənliyi və lüzumsuz şəxsi qüruru da göstərməyi vacib hesab edirəm.
Hər şeydən əvvəl soruşmaq istəyirəm: Ensiklopediya nədir, Paşa Yaqub? Kitabın yazılışındakı səriştəsizlik, ensiklopediya qaydalarına əməl olunmaması təsdiqləyir ki, müəllif bu sualın cavabını bilmir. Və bilmədiyi bir işə də qurşanmışdır. Heç olmasa “Azərbaycan dilinin izhlı lüğəti”ni oxusaydı, görərdi ki, orada deyilir: “Ensiklopediya biliyin bütün, yaxud ayrı-ayrı sahələrinə dair lüğət şəklində sistemə salınmış məlumatlar toplusudur, qamusdur” (II cild, Bakı, “Şərq-Qərb”, 2006, səh.29). Ədliyyə müşaviri Mülküm Mahmudovun “Ön söz”ündə kitabın bir neçə aya hazır olduğu (səh.6), redaktor Nazim Tapdıqoğlunun “Redaktordan” adlı qeydlərində kitabın “Paşa Yaqubun gərgin zəhmət və axtarışlarının, yuxusuz gecələrinin məhsulu” olduğu (səh.8) bildirilir.
Yox, cənablar! Zəngin tarixi, ulu keçmişi olan böyük bir kənd haqqında ensiklopediyanı bir adam bir neçə aya yaza bilməz. Sizin qeyd etdiyiniz “gərgin zəhmət”, “axtarışlar”, “yuxusuz gecələr” yerinə düşməyən epitetlərdir, inandırıcı deyil, həqiqətdən uzaqdır.
Yuxarıda qeyd etdim ki, ensiklopediya lüğət şəklində sistemə salınmış məlumatlar toplusudur. Bəs, “Baş Daşağıl ensiklopediyası”nda lüğət prinsipi gözlənilirmi? Adlar, terminlər, başlıqlar Azərbaycan əlifbası sırası ilə verilirmi? Yox! Qarabağ müharibəsi iştirakçılarının (səh.47), məktəb rəhbərlərinin (səh.49), xalça sənətkarlarının (səh.55), kolxoz sədrlərinin (səh.92), icra nümayəndələrinin (səh.93), həcc ziyarətinə gedənlərin (səh.95), 1941-1945-ci illər müharibəsində iştirak etmiş kənd sakinlərinin (səh.98-106), Daşağıl ağsaqqallarının (müəllif unudur ki, kəndin rəsmi adı Daşağıl yox, Baş Daşağıldır – səh.107) və s. adlarında əlifba ardıcıllığı gözlənilməmişdir. Yalnız Mülküm Mahmudovun Paşa Yaquba əvvəldən hazırlayıb verdiyi kəndin “bəzi görkəmli şəxsiyyətləri və tanınmış ziyalıları”nın adları əlifba sırası ilə verilmişdir. Fikir verin: “bəzi” şəxsiyyətlər, ziyalılar. Paşa Yaqub bilməli idi ki, əgər o, ensiklopediya yazırsa, orada kəndin bəzi tanınmış ziyalıları haqqında yox, bütün tanınmış ziyalıları haqqında, bütün sahələr haqqında yığcam məlumatlar verilməli idi. Haqqında danışdığımız kitabda isə qeyri-peşəkarlıqla, sistemsiz şəkildə, tələsik hazırlanmış, ensiklopediya tələblərinə uyğun gəlməyən məqalələr verilmiş, çoxsaylı dağ, yaylaq, bulaq, meşə və s. yer adları, şəxsiyyət adları, kəndin tarixi ilə bağlı terminlər isə kənarda qalmışdır. Məsələn: Doqquz dolama dağı, Zindan dağı, Ağcaqayın yaylağı, Gürcü yaylağı, Böyük İsreil bilağı, Atlarçapan meşəsi, Karvan meşəsi, Daşağıl keçidi, Qıdım aşırımı, Gəmir aşırımı. Kəndin ali təhsilli məşhur yetirmələrindən: Bahad Haşımov, Möhrəddin Qədirov, Möhtərəm Şirinov, Əbülfət Mahmudov, Rövşanə Məhərrəmova, Şamil Mahmudov, Əlif Rəsulov və s.
Paşa Yaqubun naşılığı daha çox kəndin toponimlərinin izahında üzə çıxır. Kənddə hamının tanıdığı və sevdiyi yüzlərlə oronimdən (dağ, dərə, yaylaq, qobu, çökək, yarğan, keçıd, yamac, gədik, uçurum, mağara və s.) və hidronimdən (arx, bulaq, nohur, qaynama, şəlalə, çay və s.) cəmi 31-nin adı kitaba salınmışdır. Bu adların da bir qisminin mənşəyinin, hansı məna daşımasının üstündən sükutla keçilir. Bir qismi haqqında verilən izahların isə əsil elmi həqiqətlə, elmi etimologiya ilə əlaqəsi yoxdur. Məsələn: Paşa Yaqub Baş Daşağıl kəndinin şimalındakı Ərk yaylağının adının İran dillərindən düzəldiyini yazır (səh.25). Paşa Yaqub həqiqətən, tədqiqatçı-tarixçi, “Qızıl Qələm” mükafatı laureatı Nazim Tapdıqoğlunun bəlağətlə yazdığı kimi, “gərgin zəhmət” çəksəydi, “axtarışlar” aparsaydı, “yuxusuz gecələr” keçirsəydi, bilərdi ki, “iran dilləri” ifadəsi qondarmadır (Baloğlan Şəfizadə, “Zərdüşt, Avesta, Azərbaycan. Maq sivilizasiyası”, Bakı, Elm, 1996, səh.30), “ərk” türk-Azərbaycan mənşəli söz olub, məzmunca “türk” sözü ilə sinonimdir, hərəkəti, hərəkət edən odu bildirir (Əjdər Fərzəli, “Dədə Qorqud yurdu”, Bakı, Azərnəşr, 1989, səh.169. Yusif Rzayev, “Oğuzda Avestanın izləri”, Mingəçevir, 2010, səh.21).
Kitabda Baş Daşağıl, Kordərə, Malıx, Armux, Göybayır, Qala, Pir sözləri də məzmun, məna və mənşəcə düzgün açıqlanmır. Halbu ki, Paşa Yaqub yuxarıda adlarını çəkdiyim kitabları tapıb oxusaydı, bu sözlərin etimologiyası barədə daha doğru və geniş məlumatlar öyrənərdi. Tədqiqatçının isə borcudur ki, araşdırdığı mövzuya dair yazılmış bütün, yaxud əsas elmi əsərləri tapıb öyrənsin. Paşa Yaqub isə bu borcuna əməl etməmiş, kitab yazmaq xatirinə kitab yazmaq eşqinə düşmüşdür.
“Baş Daşağıl ensiklopediyası”nın sonunda istifadə olunmuş ədəbiyyatın siyahısında (səh.126) cəmi 4 müəllifin: Nazim Tapdıqoğlunun, Allahverdi Gülövşəlinin, Zərinə Cavadovanın və Həbibulla Manaflının kitablarının adı çəkilir, bu kitabların nəşr tarixi, harada, hansı nəşriyyatda çap olunduğu göstərilmir.
Redaktor Nazim Tapdıqoğlu yazır ki, “Baş Daşağıl ensiklopediyası” bu kənddən olan hər bir adamın stolüstü kitabı olacaq (səh.10). Cənab redaktor, hər bir baş daşağıllının stolüstü kitabı necə ola bilər ki, kəndin bir çox dəyərli və tanınmış yetirmələri haqqında məlumatlar “Baş Daşağıl ensiklopediyası”nda verilməmişdir. Kəndin dəniz səviyyəsindən hündürlüyünü 1150 metrdən 1000 metrə endirmisiniz (səh.8). 1941-1945-ci illər müharibəsində iştirak etmiş və geri qayıtmış 6 övlad atası Şirinov Məhərrəm Məhərrəm oğlu öldüyə çıxılaraq, adı salamat qayıdanların siyahısına salınmamışdır (səh.106).
Bir sözlə, Paşa Yaqubun “Baş Daşağıl ensiklopediyası” adlandırdığı kitab kəndin tarixini, təbiətini, sosial-iqtisadi və mədəni həyatını tam əhatə etmir, açıqlamır, ensiklopediya normalarına uyğun yazılmamışdır və öz adını doğrultmur.
Paşa Yaquba məsləhətim budur ki, bundan əvvəl yazdığı “Padar ensiklopediyası” kitabında buraxdığı, “Baş Daşağıl ensiklopediyası”nda təkrarladığı səhvləri bir daha buraxmasın. Axı kimi isə razı salıb sevindirmək savabdırsa, digərini narazı salıb incitmək də böyük günahdır. Bəşəri Dəyərlərin Təbliğı Fondunun Prezidenti olan bir şəxs bu həqiqəti anlamalıdır.

Yusif Rzayev,
Oğuz rayonu,
tədqiqatçı-jurnalist

Daha çox

Oxşar yazılar

Close