Araşdırma

Pandüslərin olmaması üzündən əlillər əksər dövlət idarələrinə girə bilmirlər

Əlil arabaları küçələrdən səkilərə necə addayır?

Mingəçevir sakini Nazim Saniyev 48 ildir ki, əlil arabası ilə hərəkət etmək məcburiyyətindədir. O,14 yaşı olanda yerimə qabiliyyətini itirib. Yeniyetməlik çağlarında idmanla məşğul olduğunu deyən Nazim Saniyev onurğa sütununda yaranan iliyin iltihabından sonra ayaqlarındakı və əlindəki hissiyatı itirib. Onun yalnız sağ əli hərəkət edir.
Nazim Saniyevin rus dilindən tərcümə etdiyi məqalələr vaxtaşırı olaraq mətbuatda dərc edilib. Hətta onun tərcümə etdiyi əsər vaxti ilə Mingəçevir Dövlət Dram Teatrında tamaşaya qoyulub. Ona görə də Nazim Saniyevin evdə oturmağa vaxtı da yoxdur. Amma, maşınların hərəkət etdiyi yolla gedib-gəlmək ona çətinlik törədir. Buna səbəb isə səkilərin kənarında pandusların qoyulmamasıdır. Ümidini Allaha bağlayan N.Saniyev təhlükə ilə üzləşdiyi halların olduğuna da deyir: “Elə vaxt olub ki, maşın getdiyi yerdə heç gözləməyib. Qolumun gücü də çatmayıb ki, arabanı saxlayım. Az qalıb maşın arabanın ön hissəsinə toxuna. Eləsi də var ki, sağ olsun görür ki, gəlirəm maşını saxlayır”.
Ekspertlərin fikrincə, əlil arabalarının rahat hərəkəti üçün panduslar olmalıdır. Təəssüf ki, əlillər arabada hərəkət etmək məcburiyyətində olduğu kimi, biz də “olmalıdır” sözünü işlətmək məcburiyyətindəyik. Mingəçevirdə aparılan yenidənqurma və abadlaşdırma işləri zamanı yeriməsi əngəlli insanların, uşaq arabalarının rahat hərəkəti əksər yerlərdə nədənsə nəzərə alınmayıb. Düzdür, şəhərin müəyyən yerlərində – səkilərdə, pilləkənlərin kənarında panduslar var. Belə vəziyyətdn şəhər sakini Cəmilə Yolçuyeva da narahatdır: “Təzə bordürlər qoyulub. Köhnəni sökməmiş təzəsini qoyublar. Bir uşaq arabasını keçirməkdən ötrü gərək əziyyət çəkəsən. Kimsə öndan tutub qaldırır, sən də ona kömək edirsən. Yoxsa mümkün deyil. O bordürün yerinə arabaların rahat hərəkəti üçün yer düzəltmək lazımdır. İstifadə edənlər də bilsin ki, oradan keçmək rahatdı”.
Bu gün Mingəçevirdə 6 min 716 əlil var. Onlardan 10-u əlil arabası ilə hərəkət edir. Mingəçevir Şəhər İcra Hakimiyyətinin əsaslı tikinti, təmir və abadlaşdırma şöbəsinin rəisi Arif Musayev bildirir ki, bu məsələ gələcəkdə nəzərə alınacaq: “Əlillər üçün pandusların qoyulması məsələsi gündəmdədi. O da həll olunacaq”.
“Nə əcəb bu vaxta kimi nəzərdə tutulmayıb?” sualını isə müsahibimiz belə cavablandırdı: “İndiyənəcən layihədə nəzərə alınmayıb. Yəqin ki, indidən sonra nəzərə alınacaq”.
Daha acınacaqlı vəziyyətə isə Yevlaxda rast gəlirik. Burada yeriməsi çətin olan insanların küçələrdə, yollarda, ictimai yerlərdə rahat hərəkəti üçün vacib olan panduslar barmaqla sayılacaq qədərdir. Hətta məhdud fiziki imkanlı insanlar üçün Yevlax Regional Informasiya Mərkəzində quraşdırılan pandusa əlil arabasında olan vətəndaşın yaxınlaşması üçün səkiyə necə qalxacağı sual doğurur. Hazırda Yevlaxda 1894 əlil var. Onlardan 12-si əlil arabasından istifadə edir. Yevlax sakini Fərhad Musayevin fikrincə, həmin insanların əziyyət çəkməməsi üçün aidiyyatı qurumlar ciddi düşünməlidirlər: “Yeriməsi əngəlli insanların küçələrdə rahat hərəkəti üçün şəraitin olmaması narazılıq doğurur”.
Yevlax şəhərinin baş memarı Xalid Əhmədov isə deyir ki, 2014-cü ilin tikinti, abadlıq, quruculuq işlərində bu kimi məsələlər nəzərdə tutulub.
Ümid edirik ki, gec də olsa məsələyə diqqətin yönəlməsi vəziyyəti köklü şəkildə dəyişəcək, bu isə Nazim Saniyev kimi insanların, o cümlədən uşaq arabaları ilə övladlarını gəzdirən valideynlərin rahat hərəkətinə şərait yaradacaq.

Elnarə Nərimanqızı

Daha çox

Oxşar yazılar

Close