Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Kür sahili boyunca

247

Ötən illərdən fərqli olaraq, bu il Sahil parkına axışanların sayı qat-tat çoxalıb. Baxmayaraq ki, havalar bir qədər sərinləyib, lakin insanlar gün ərzində, ən çox isə axşam və gecə saatlarında burda gəzişməkdən ləzzət alırlar. Çünki keçmiş başçının vaxtında aşağıda qurulmuş “qaraçı köçü” yığışdırılıb, daha tüstü iyi burnumuzu qıcıqlandırmır.
Sahildə ünsiyyət qurduğumuz insanlar parkda müasir işıqlandırma sisteminin qurulması, oturacaqların qoyulması (bu işlər davam etdirilir), fəvvarənin quraşdırılması və girişdəki sahibkar obyektinin yeni üslubda qurulmasından məmnunluqla danışırlar.
Amma çayın kənarı boyunca (“Arzu” şadlıq evindən aşağıda) əvvəllər zibil yerinə çevrilən və hazırda beton qırıntıları və torpaqla örtülən yarımadada işlərin yarımçıq qalması, parkın avarçəkmə bazasına qədər uzanmasıyla bağlı səsləndirilən fikirlərin “dondurulması”, hər addımbaşı ayağımıza dolaşan kərpic qırıntılarının təmizlənməsinə maraq göstərilməməsi təəssüf doğurur. Başçının ətrafında xüsusi canfəşanlıqla özlərini gözə soxanlar hərəsi bir daş qırıntısını götürüb, tullantı yerinə atsa, bəlkə də əsl səliqə-sahman yaranar.
Yerli sakinləri daha çox narahat edən məsələ hələ də çaya kanalizasiya sularının axıdılması, çayın içərisində təmizləmə işlərinin lazımi səviyyədə aparılmaması, ərazidə ictimai ayaqyoluların olmamasıdır.
“Nəvəmlə gəzməyə çıxmışdım. Uşaq dedi ki, qarnı ağrıyır. Məcbur olub, taksiylə gəldik evə…”-yaşlı bir qadın deyir. Və biz onu inandırmağa çalışdıq ki, burada ictimai ayaqyoluların qoyulması memarların nəzərindən qaça bilməz.
Başa düşüləndir ki, bu boyda işləri görmək böyük vəsait tələb edir. Şübhəsiz, regionların sosial-iqtisadi inkişafında maraqlı olan və səfərlərindən sonra bölgələrə vəsait ayıran Azərbaycan Prezidenti Mingəçevirə də əlavə yardım göstərəcək. Çünki son illərdə kəndə oxşadılan Mingəçevirin gözəl və inkişaf etmiş şəhərə çevrilməsində dövlət başçısı maraqlı olduğunu bildirib. Elə İcra Hakimiyyəti başçısı da bu səbəbdən yerli və mərkəzi memarların, ictimaiyyətin gücü ilə ürəkaçan bir fəaliyyətə start verib. İşimiz avand olsun!

Şərhlər bağlıdır.