Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“İş çox olduqca əqrəblərin sürətindən xəbər olmur”

“Mingəçevir işıqları”nın sullarına şəhər İcra hakimiyyətinin başçlsl cənab Niyazi Bayramov cavab verir

-Siz Mingəçevirə gəlməkdən nə dərəcədə məmnunsunuz? Deyək ki, Prezident Sizi başçı göndərməsəydi, öz arzunuzla gəlib bu şəhərdə nə işlə məşğul olmaq ürəyinizdən olardı?

-Mingəçevir şəhərində əvvəllər də olmuşam. Şəhər xoşuma gəlir. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə başçı təyin olunduğum gündən şəhərimiz mənim üçün daha doğmadır. Öz arzumla bu şəhərə gəlsəydim, yəqin ki, şəhərin ümumi inkişafına xidmət edən bir sahə seçərdim.

-Keçmiş başçılardan fərqli olaraq, Sizin tədbirləriniz zamanı ətrafınızda şəhərin hüquq-mühafizə rəhbərlərini görmürük? Bu, yuxarının göstərişidir, yoxsa özünüzün istəyinizdir?

-Hər hansı bir fəaliyyətimlə digər başçılarla müqayisə olunmaq istəməzdim. Ancaq şəhərimizin bütün rəsmi tədbirlərində şəhərin digər idarə müəssisə rəhbərləri ilə birlikdə hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak edirlər. Digər vaxtlarda isə əlbəttə ki, aidiyyəti üzrə şəhərin qayğı və problemləri yarandıqda hüquq-mühafizə orqanlarının rəhbərləri ilə məsləhət-ləşmələrimiz olur. Bu gün bütün şəhər rəhbərlərinin ümumi bir məqsədi var: ölkə prezidentinin tapşırıqlarını yerinə yetirmək, şəhərimizin ümumi inkişafına çalışmaq.

-Aprelin 15-də təqdimat mərasimində demişdiniz: «Artıq mən də bu gündən mingəçevirliyəm!» Bu 7 aya yaxın müddətdə mingəçevirli kimi nə edə bildiniz?

-Şəhərimizdə işə başladığım gündən çalışmışam ki, burada abadlıq və quruculuq işlərini həyata keçirim, yeni iş yerlərinin açılması üçün əlimdən gələni edim. Bu sahədə də işlərimiz göz qabağındadır. Şəhərin giriş hissəsində yolun genişləndirilməsi, işıqlanma sisteminin müasir tələblərə uyğun qurulması, «Bayraq» meydanının inşası, «Sahil» parkının bərpası və yenidən qurulması, çimərlik yolunun bərpa edilməsi, məhəllələrdə, eyni zamanda, yaşayış binalarında təmir-bərpa işlərinin görülməsi və s. işlər görülmüş və görülməkdədir. Gələcəkdə iş yerlərinin açılması, yeni müəssisələrin yaradılması sahəsində də planlarımız var, inşallah yaxın vaxtlarda bu işlərə də start veriləcəkdir. Ancaq onu da qeyd edim ki, işimiz o qədər çoxdur ki, 7 ayın necə gəlib keçdiyini heç hiss etməmişəm.

-Bir çox hallarda yeniliklər müəyyən qüvvələrin müqaviməti ilə üzləşir. Nə kimi müqavimətlər oldu və onu yarmağa necə nail oldunuz?

-İş olan yerdə çətinliklər də olur. Ancaq şəhərimiz ziyalı şəhəridir. Elə bir müqavimətlə rastlaşmamışam. Hər hansı bir yenilik, əgər şəhərimizin ümumi görkəminə uyğun gəlirsə, müsbət qarşılanır. Bunu tez-tez şəhər ziyalıları, ağsaqqalları, sadə şəhər sakinləri ilə görüşdükdə özləri etiraf edirlər.

-Ötən 7 ayda Sizi ən çox sevindirən nə oldu, qanınızı qaraldan nə? Zəhmət olmasa, konkret hadisələr barədə fikirlərinizi oxucularımızla bölüşəydiniz?

-Ötən 7 ayda görülən işlərin yaxşı nəticəsini görmək məni həmişə sevindirir, qan qaraldan elə bir hadisə ilə üzləşməmişəm.

-Mingəçeviri və mingəçevirliləri necə görmək istəyirsiniz? Nə kimi uzunmüddətli planlarınız var?

-Mingəçevir şəhərinin ölkəmizin ən gözəl, inkişaf etmiş bir şəhəri kimi, mingəçevirliləri isə belə gözəl bir şəhərin üzügülər sakinləri kimi görmək istərdim. Şəhərimiz üçün geniş planlarımız var, necə deyərlər, yaşayarıq, görərik.

-Əqrəblərin sürətlə qaçmasından şikayət etmirsiniz ki? Sizcə, sutka neçə saat olsa, işlərinizi arxayın görməyə və şəxsi həyatınıza, məsələn ailənizə normal vaxt ayırmağa imkanınız olar?

-İş çox olduqca əqrəblərin sürətindən xəbər olmur. Ancaq bununla belə iş üçün də, ailə üçün də vaxtımız var.

-Şəxsi həyatdan söhbət düşmüşkən, həftədə neçə saatı qeyri-rəsmi paltarda, məsələn idman geyimində keçirirsiniz? Ümumiyyətlə asudə vaxtınızı nəyə həsr edirsiniz?

-Mən əvvəl də qeyd etdim, işimiz yetərincə var, konkret olaraq saatların bölüşdürülməsi üçün vaxt sərf etmirəm, amma qeyri-iş vaxtlarında qeyri-rəsmi geyimə üstünlük verirəm.

-Bəzi mingəçeirlilər Sizi bir qədər qapalı insan kimi tanıyırlar. Məsələn, əvvəlki İH başçılarından fərqli olaraq, el şənliklərində, xüsusən toylarda görünmürsünüz. Siz cəmiyyətə nə dərəcədə özünüzü açıq hesab edirsiniz?

-Məni qapalı insan kimi təqdim etmək heç də düzgün fikir deyil. O ki, qaldı toylarda iştirakıma, bu sahədə kollektivimiz heç bir kollektivdən fərqlənmir. İstər kollektiv üzvlərinin, istərsə də şəhərin idarə və müəssisələri tərəfindən olunan dəvətlərə yüksək dərəcədə yanaşılır və kollektiv surətdə bu tədbirlərdə iştirak edilir. Mən həmişə şəhərin hər bir sakininin dəvətini qəbul etməyə hazıram və adətən imkan olduqca bu tədbirlərdə iştirak etməyə çalışıram. Sadə insanlarla görüşmək, onlarla söhbət etmək mənə həmişə xoşdur. Mən bütün münasibətlərin qurulmasında açıq fikirliliyə üstünlük verirəm və özüm də xaraktercə belə insanam.

-Qarşıdan gələn şəhər günü – Mingəçevirin 64 illiyi münasibətilə şəhərimizin sakinlərinə və oxucularımıza sözünüz?

-Qarşıdan gələn «Şəhər günü» – Mingəçevir şəhərinin 64 illiyi münasibətilə bütün şəhər sakinlərini təbrik edir, hər bir mingəçevirliyə ailə səadəti, xoşbəxtlik, xoş günlər diləyir, ölkəmizin və şəhərimizin rifahı üçün işgüzarlıq arzulayıram. Mingəçevir gözəl şəhərdir, onun sakinlərinin də yaxşı yaşamaq haqqı var. Hamımız birlikdə şəhərimizi daha da gözəlləşdirməliyik.

Şərhlər bağlıdır.