Araşdırma

Gender məsələləri, sosial ədalətsizlik

Cəmiyyətdəki kəskin təbəqələşmə qadınları çarəsiz duruma salıb

Uğurlar bizə aiddir: mənim hekayəm.

Balaca bir kənddə doğulmaq, həyatda şanslı olmaq üçün maneə ola bilərmi? Bəlkə də hə, bəlkə də yox.

Müəllim ailəsində doğulmaq necə, ya da valideynlərin başqa bir sahədə bilikli, mədəni insanlar olarsa, şanslı olmaq üçün önəmlidirmi?

Qarabağın yüzlərlə kəndindən biri də bizim kəndimiz idi-Muğanlı. Evimiz, həyətimiz, bağçamız, kiçik də olsa təsərrüfatımız var idi. İnəklərimiz, toyuq-cücəmiz, meyvə ağaclarımız. Atam hamımızı təsərrüfat işlərinə cəlb etmişdi. İşləri paylaşmışdı ki, ailə olaraq, işləri birgə görməyin vacibliyini anlayaq. Heyvanlara, quşlara yem verərdik, yerlərini təmizləyərdik. Ən çox sevdiyim işlərdən biri ağacların dibini belləmək, onların gövdəsini əhəngləmək idi. Dirrik əkərdik. Həyəti atam, mən və qardaşım birlikdə belləyərdik, ləklər düzəldib tərəvəz və göyərti əkərdik. Məhsulu da birlikdə toplayardıq. Sonra başa düşdüm ki, atam bizi həyata, onun çətinliklərinə hazırlayır, həm də təbii ki, zəhmətə alışdırırmış. Anladığım ikinci əsas həqiqət isə o idi ki, atam bizə heç vaxt fərq qoymazdı, qız-oğlan ayrıseçkiliyi etməzdi, biz onun övladları idik.

Rəsmdəki bizim kəndimizdir. Hündür təpələrin ətəyində, yaşıllıqlar içərisində, gözəlləşməyə doğru addımlar atan bir kənd və zəhmətkeş insanları ilə. İndi, sadəcə xarabalıqları qalıb.

 

Atam bizimlə: mən, qardaşım və bacımla, tez-tez söhbətlər edərdi: ailə münasibətləri, ailə büdcəsi haqqında, gəlir və xərci necə nizamlamaq lazımdır. Həm də sadəcə danışmırdı, bizimlə müzakirə edirdi, bizim də fikrilərimizi soruşardı, məsləhətləşərdi. O zamanlar bizim sadəcə 10-12 yaşımız olardı. İndi anlayıram ki, atam bizə önəmli olduğumuzu hiss etdirməyə çalışırmış, düşünməyi və fikir yürütməyi  öyrədirmiş. Atam tam bir Ailə İnstitutu imiş.

Atam bizimlə insanlarla ünsiyyətdən, onun vacib məqamlarından, yarana biləcək problemlərdən, ehtiyat etməli olduğumuz məqamlardan da danışardı. O deyirdi: “İnsanlarla münasibətdə sənin ən gözəl silahın da, müdafiən də sənin əxlaqındır. İnsan nə qədər əxlaqlıdırsa, o qədər də özgüvənli, alnıaçıq və cəsarətli olur”. Həm də deyərdi ki, “çalışın həyatda öz  fikriniz olsun, bunun üçün də çox oxuyub öyrənin”. Evimizdə çoxlu kitablar var idi: bədii, elmi, nağıl və sair. Atamla anam məktəbdə müəllim işləyirdi və oradan da 8-9 adda jurnala və elə o qədər də qəzetə abunə olmuşdular, sonra da biz uşaqlar abunə olmuşduq. Bütün bunlar isə bizim oxuyub, sadəcə savadlı olmağımız üçün deyil, həm də bilikli, düşüncəli, ağıllı, peşəsində bacarıqlı bir insan olmağımız üçün idi. Davranışımızda təmkinli, soyuqqanlı, mədəni olmağı dönə-dönə deyərdi və həm də təkcə deməzdi, bütün dediklərini özü də edər, özü də yaşayardı. Anladığım daha bir həqiqət isə: Atam həyat tərzi, davranışları, rəftarı ilə bizim üçün yaşayırdı.

Çətinliklər hansılardır?

Maddi və mənəvi çətinliklər: Əgər ailə çətinliklə dolanırsa, o zaman ailədə təhsilə, kitaba, gəzintiyə pul xərcləmək olmur. Uşaqların oxumaq istəyi baş tutmur. Bu isə onların gələcək həyatına zərbə olur. Elə ailələr də var ki, uşaqlar bir az böyüyəndən sonra gələcək həyatını düşünür və oxumağa, təhsil almağa çalışır. Çətinliklər olsa da, iradəsi və cəsarəti ilə öz həyatını yaxşılaşdırmağa doğru daim irəli gedir. İstər qız, istərsə də oğlan üçün heç bir çətinlik maneə olmur. İstər kənddə, istərsə də şəhərdə yaşasın, iradəsi və cəsarəti olmayanlar, eyni zamanda tənbəllik edib öz həyatını yaxşılaşdırmağa çalışmayanlar isə, özü özünə ən böyük əngəl olurlar. Kiminsə ailədə onlara əngəl olması fikri isə bəhanədən başqa bir şey deyildir. Mənəvi keyfiyyətlər insanı bir çox maddi çətinliklərin öhdəsindən gəlməyə ruhlandırır: iradə, cəsarət, işguzarlıq, xeyirxahlıq, inandırmaq bacarığı və təvazökarlıq.

Ata-anamızın bizə qarşı, bizim həyatımıza qarşı hiss etdikləri cavabdehlik və məsuliyyət hissi o qədər güclü idi ki, bunu hətta biz də hiss edirdik. Odur ki, biz də həyatımıza məsuliyyətlə yanaşırdıq. Atam qurduğu ailənin, onun yaxşı yaşayışının, övladlarının uğurlarının həm görünməz köməkçisi, həm də ideoloqu idi. Qardaşımla mən ali məktəbdə oxuyurduq, kiçik bacım məktəbli idi. Atamla anam məktəbdə müəllim kimi işlərini davam etdirirdilər.Təsərrüfat işlərimiz bizsiz də olsa, öz qaydasında gedirdi. Həyatımız bu cür davam etsəydi, yəqin ki, maddi cəhətdən də imkanlarımız genişlənərdi. Çünki atam çox bacarıqlı lider idi.

Gender dediyimiz qadın-kişi münasibətləri, zatən planetimiz üçün xarakterik, təməl və əbədi münasibətlərdir. Nə qədər ki, Yer üzündə qadınlar və kişilər yaşayır, onlar arasında münasibətlər də mövcud olacaqdır. Bu münasibətlərdə problemlərin  olması da qaçılmazdır. İnsan cəmiyyəti, onun idarə olunması üçün yaradılan bütün qanunlar, insanlar arasında sosial bərabərliyin, ədalətin, hüquqi nəzarətin olmasına xidmət etmək üçündür. Lakin bütün cəmiyyətlərdə qanunlar eyni səviyyədə, eyni ciddiyyətlə qorunmur və fəaliyyət göstərmir. Böyüdüyüm ailədən başa düşürəm ki, hansı ailədə nizam-intizam, hər kəsin öz işini yaxşı bilməsi və işinə məsuliyyət hiss etməsi varsa, orada nə cinsi, nə yaşla bağlı, nə də digər problemlər olmur. İstənilən çətinlik isə düzgün və ədalətli yolla həll olunur. Əgər bir ailədə cinsi və yaş fərqindən yaranan problemlər varsa və ailə üzvləri bu problemlərdən əziyyət çəkirsə, deməli ailə böyükləri həm bir-biri, həm də ailənin digər üzvləri ilə münasibətdə səhvlərə yol verir. Belə ailələrdə isə fərdin inkişafı çox çətin olur. Cəmiyyət də böyük ailədir.

Hər şeyi sıfırdan başladıq…

Ermənilərin başladığı müharibə bizə çox böyük zərbə oldu. Evimiz dağıldı, torpaqlarımız işğal oldu, atam şəhid oldu. Atamın bizə öyrətdiklərini, artıq, həyata keçirirdik. Üçümüz də ali təhsilimizi başa vurduq, işləməyə başladıq, ailə qurduq. Demək olar ki, hər şeyi sıfırdan başladıq. İşlərimizdə uğurlar qazandıq. Bütün bunlar isə, atamın və anamın bizə bəxş etdiyi mənəvi keyfiyyətlərin, mənəvi gücün sayəsində olmuşdu, çünki maddi olan bütün imkanlarımızdan, ata mirasından məhrum olmuşduq. Atamın:-Həyatınızı özünüz yaşayacaqsınız! fikrini isə heç zaman unutmuram. Mənə belə gəlir ki, hər bir valideynin öz övladına bütün məsuliyyəti ilə deyə biləcəyi, hər bir övladın da valideynlərindən eşidə biləcəyi ən gözəl fikirdir. Övladını buna hazırlamaq və hazırladığından əmin olmağı valideyn üçün həm maddi, həm də mənəvi uğur saymaq olar. Həyatımda heç bir zaman, nə işimdə, nə ailə həyatımda, nə davranışımda, nə də insanlarla münasibətimdə-kaş ki…demədim. Çünki nə arzulamışdımsa, onları da həyata keçirməyi bacardım və yeni arzularımı, planlarımı həyata keçirməkdə davam edirəm. Kaş ki… sözləri isə, yalnız,- kaş ki, atam-anam sağ olsaydılar, uğurlarımızı görsəydilər-deyə, fikrimdən keçir. Ata-anamızın bilikli və mədəni insan olmağı bizim şansımız idi.

Biz və bizim kimi minlərlə köçkün ailəsi mülkiyyət hüququndan məhrum olub.

Doğulub böyüdüyüm ata-baba yurdumuz erməni-rus işğalındadır. Torpağımız olmadığı üçün şəxsi təsərrüfat da qura bilmirik. Odur ki, maddi cəhətdən daha yaxşı imkanlar yaratmaq çətindir. Müharibə, əslində hakimiyyət hərisliyi olan, daha çox pul, bahalı həyat tərzi keçirməyə çalışan, insanları özünə tabe və itaətə məcbur edən, güc nümayiş etdirməyi sevən kişilərin törətdiyi fəlakətdir. Ağıllı, mədəni kişilərin yaratdığı gözəllikləri, acgöz, zalım, vəhşi kişlər məhv edirlər. Belə cəmiyyətlərdə isə bütün münasibətlər korlanır, cəmiyyətdə kəskin təbəqələşmə gedir: varlılar və yoxsullar. Bu cür cəmiyyətlərdə isə fərdlərin hüquqlarının qorunması nəinki çətin olur, hətta mümkünsüz olur. Qadın-kişi münasibətləri isə daha çox korlanır. Sizcə, belə cəmiyyətdə, qadınlar hansı bərabərliyə can atmalıdırlar? Yoxsul kişilər kimi aciz, gücsüz, çarəsiz, yaxud da, varlı kişilər kimi, zalım, qəddar və acgöz olmağa? Qanunları pozan, əlində maddi və güc imkanları, səlahiyyətləri olan kişilərin cəzalandırılmasına qadınlar nail ola bilərmi? Mənə belə gəlir ki, qadınlarımızın və bütövlükdə cəmiyyətimizin cavab tapmalı olduğu əsas sual budur və  bu sualın cavabı da məhz, qadın-kişi münasibətlərinin daim tarazlıqda olmasının açarıdır.

Mehparə Rəhimqızı
Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close