Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İcbari sığorta dəymiş zərəri aradan qaldırır

Bəşəriyyət yarandığı gündən insanlar bir çox təbii fəlakətlər, yanğın, zəlzələ və digər təbii və texnogen hadisələrlə rastlaşmışlar. Heç şübhəsiz, kainatda baş verən bu cür gözlənilməz hadisələr bir sıra ağır fəsadlar törətmiş, dağıntılara və tələfatlara səbəb olmuşdur. Bütün bunlar isə mülkiyyət hüququndan asılı olmayaraq insanlara külli miqdarda ziyan vurmuşdur. Hətta elm və texnikanın ildən-ilə inkişaf etdiyi müasir dövrdə belə təbii fəlakətlərin, gözlənilməz hadisələrin dövlətin və insanların əmlakına vurduğu ziyandan, ağır nəticələrdən qaçmaq mümkün deyil.

Sığorta – şəxslərin əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir.

Məlum həqiqətdir ki, bütün dünyada olduğu kimi ölkəmizdə də yanğın hadisəsi baş verir. Təbii ki, bu halda əmlak sahibi həm maddi, həm də mənəvi cəhətdən ziyan çəkir. “İcbari sığortalar haqqında” qanunun əsas məqsədi yanğın və digər hadisələr nəticəsində əmlaka və sağlamlığa vurulan zərərin əvəzini vaxtında ödəməklə onların əmlak mənafelərinin qorunmasından və sosial müdafiəsinə əlavə təminat verilməsindən ibarətdir.

Əlbəttə, sığorta diqqətsizliyimiz nəticəsində baş verəcək hadisələrin qarşısını ala bilməz. Nə də ki, mənəvi cəhətdən bizə dəymiş olan yaralarımızı sağalda bilməz. Lakin bu bədbəxt hadisə nəticəsində dəymiş olan zərəri heç olmasa maddi cəhətdən təmin etmiş olur. Daha doğrusu, sığorta hər hansı gözlənilməz hadisə və ya qəzadan zərərçəkən insanların vəziyyətini bərpa etmək, zərəri aradan qaldırmaq üçün vasitədir.

Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.

Daşınmaz əmlakın istismar edilməsi, o cümlədən onun ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması nəticəsində aşağıdakı hallarda zərərçəkən üçüncü şəxslərin sağlamlığına və əmlakına dəyən zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur:

-elektrik və qaz cihazlarından istifadə nəticəsində yaranan yanğın, yaxud belə yanğının qarşısının alınması üçün görülən tədbirlərin nəticəsi;

-qaz partlayışı;

-elektrik naqillərində baş verən qısaqapanma;

-su, istilik, kanalizasiya xətlərində baş verən qəza nəticəsində subasma;

-hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri;

-yerüstü nəqliyyat vasitəsinin dəyməsi;

-təbii fəlakətlər – zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi;

-üçüncü şəxslərin hərəkətləri.

Əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunmur:

-sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər;

-sığortalanmış əmlaka təmir, emal və ya digər istehsalat məqsədləri üçün tətbiq olunan istehsal alovunun, yaxud istiliyin təsiri nəticəsində, eyni zamanda yanğın baş verməmişdirsə, belə əmlaka zərərin dəyməsi;

-hadisə zamanı və ya hadisədən sonra əmlakın hər hansı hissəsinin oğurlanması;

-qrunt sularının səviyyəsinin dəyişməsi;

-suyun borulardan və ya rezervuardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması.

Mülkiyyətində “İcbari sığortalar haqqında” Qanunun 35.2.-ci maddəsində nəzərdə tutulmuş hər hansı daşınmaz əmlak olan və ya ona faktiki sahibliyi həyata keçirən şəxslər həmin əmlakı bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir.

Sahibi olduğu daşınmaz əmlakın icbari sığortası müqaviləsini bağlayan və müvafiq icbari sığorta şəhadətnaməsinin adına verildiyi şəxs sığortalı hesab edilir.

Sığorta müqaviləsi sığortalının yazılı ərizəsi və əmlakın dəyəri göstərilməklə sığorta olunmaq üçün təqdim edilən əmlakın siyahısı əsasında sığortaçının nümayəndəsi tərəfindən sığorta olunanın iştirakı ilə sığorta obyektinə baxılmaqla bağlanılır.

Sığortalının əmlakı tam dəyəri ilə sığortaya cəlb edilir. Sığorta müqaviləsi bir il müddətinə bağlanılır.

İcbari sığorta müqaviləsinin bağlanmamasına görə “İnzibati Xətalar Məcəlləsi”ndə mülki məsuliyyət nəzərdə tutulub. “İnzibati Xətalar Məcəlləsi”nin 469.1 maddəsində qeyd olunub ki, icbari sığorta qanunvericiliyinə əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati cərimə tətbiq edilir.

“İcbari sığortalar haqqında” qanunun 75-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini yaşayış binaları, yaşayış evləri və mənzillərin icbari sığortasına münasibətdə müvafiq yerli icra hakimiyyəti orqanları, digər daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasına münasibətdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir.

FHN Aran Regional Mərkəzi

Maarifləndirmə sektoru

Şərhlər bağlıdır.